Məhkəmə qərarları › İş №3(060)-907/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-907/2023

07.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-907/2023 07.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ 3-cü PB-nin sahə rəisi, polis mayoru Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsi 3-cü PB-nin polis sahə rəisi, polis mayoru Nümayəndə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* №-li protokol tərtib olunmuşdur. Tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* №-li protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 16:40 radələrində Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq onların ünvanına söyüş söymüşdür. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sumqayıt Şəhər Polis İdarəsi 3-cü PB-nin polis sahə rəisi, polis mayoru Nümayəndə tərtib edilmiş protokola uyğun izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 16:40 radələrində Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq onların ünvanına söyüş söymüşdür. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 16:20 radələri olardı ki, qonşuluğunda bir binada yaşayan bir qadınla aralarında söz mübahisəsi yaranmışdır. O da özündən asılı olmayaraq onunla mübahisə zamanı ona əl qaldırmışdır. O da dərhal DİN-nin 102 xidmətinə zəng vurmuş və o da qadından ayrılıb çöldə dayanmışdır. O zaman polis əməkdaşları gəlmişlər, həmin qadın polislərə onu göstərmiş və polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim etmiş və bu hadisə ilə bağlı onlarla polis bölməsinə getməklərini bildirmişlər və o da həmin vaxt əsəbi olduğundan polisin ünvanına da nalayiq ifadələr işlətmişdir. Onun səs-küyünə ətrafda olan insanları cəlb etmişdir. Həmin vaxt əsəbi olmuşdur, etdiyi əməldən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Buna görə də barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokol tərtib etmiş şəxsi dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Şəxs xx.xx.2023-cü il tarixdə 4-cü mikrorayon ərazisində olan zaman onların ünvanına söyüş söyərək xırda xuliqanlıq əməli törətmişdir. O, bu əməlinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək tənbeh edilməlidir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi isə sübuta yetirilmir. Şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisində ictimai qaydanı pozmağa görə onu intizama dəvət edən polis əməkdaşının qanuni tələblərinə tabe olmuşdur. Onun onu intizama dəvət edən polis əməkdaşının qanuni tələblərinə tabe omaması barədə işdə sübut yoxdur, məhkəmədə də bu müəyyən edilməmişdir. İşdə olan bütün şübhələr barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, törədilmə yerini və şəraitini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinsin və 70 (yetmiş) manat məbləğində cərimə edilsin. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış icraata hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar