Məhkəmə qərarları › İş №3(060)-907/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-907/2025

29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-907/2025 29.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakları ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 27275059 saylı qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası DİN Baş X5 İdarəsinin EQ 27275059 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Fərid Rüstəmov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə 100 manat məbləğində cərimə dilmişdir. Qeyd edilən qərardan narazı qalan Fərid Rüstəmov şikayətlə məhkəməyə müraciət edərək inzibati tənbeh vermə haqqında EQ 27275059 saylı, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Fərid Rüstəmov şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə SMS vasitəsi ilə onun mobil telefonuna inzibati xəta törətməsi ilə əlaqdar EQ 27275059 nömrəli protokol döndərilmişdir. SMS-də qeyd edilir ki, o, özünə məxsus **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax yolunun 259-cu kilometrdə saat 11:04-də əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr qaydasını pozmuş və buna görə 100 manat və 3 bal cərimə edilmişdir. Qeyd etmişdir ki, **-DH-*** dövlət qeydiyyat nömrə nişanlı olan avtomobili ondan başqa heç kəs idarə etməmiş və ümumiyyətlə qeyd edilən ərazidə olmamışdır. Ona görədə BDYPİ-nin X3 tərəfindən ona sms vasitəsi ilə gələn cərimə yanlışdır və ləğv edilməlidir. Onu mobil nömrəsinə SMS radar proqramı göndərilən foto şəkildə ümumiyyətlə avtomobilin markası nə də ki, dövlət qeydiyyat nömrəsini müəyyən etmək mümknü olmamışdır. Hesab edir ki, inzibati xəta törətmədiyinə görə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə olan halda qeyd etmişdir ki, həmin qərar ləğv olunmalı, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında Fərid Rüstəmov izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə ona sms radar proqaramı vasitəsilə mobil nömrəsinə BDYPİ-dən cərimə edilməsi barədə protokol göndərilmişdir. Həmin sms bildirişə 1 gün sonra baxdıqda ona məlum olmuşdur ki, o, hadisə vaxtı Bakıda olmuşdur. SMS bildirişdən isə görünür ki, radara Şamaxı yolunda düşmüşdür. Həmin günü o, Şamaxıya getməmiş, dostu ilə ad günü məclisində iştirak etmək üçün təxminən saat 20:00 radələrindən 03:00-a kimi Bakı şəhərində yerləşən “Holliwood” restoranında olmuşdur. SMS xəbərdarlıq gələn zaman hadisənin görüntüsünü əks etdirən fotoşəkil olmamış, o fotoşəkli şəxsən DYPŞ-dən almışdır. Lakin bildirir ki, həmin fotoşəkildə avtomobilin ona məxsus avtomobil olmasını müəyyən etmək olmur. Bununla bağlı hər hansı sənədi məhkəməyə təqdim edə bilmir. Təqsirsizliyi ilə bağlı sənədləri məhkəməyə təqdim edəcəyi halda işə onun iştirakı olmadan baxılmasını və mübahisələndirdiyi qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmənin yeri və vaxtı barədə protokolu tərtib etmiş orqana məlumat verilməsinə baxmayaraq, orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materillarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, X3 “İnzibati tənbeh vermə haqqında” EQ 27275059 saylı, xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Fərid Rüstəmov Bakı-Şamaxı-Yevlax yolu 259 km ərazidə “KİA K5” minik markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarının pozulmasına görə İXM-nin 327.2-ci maddəsində təqsirli bilinmiş, 100 manat məbləğində cərimə edilmişdir. İşçi qaydasında əldə edilmiş fotoşəkildən inzibatı xəta törədildiyi avtomobilin dövlət qeydiyyat nişanının **-DH-*** olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, “İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibatidelikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir.” İXM-nin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. Məhkəmə Fərid Rüstəmovun şikayətinin dəlillərini işdə olan və əldə edilmiş digər sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə məhkəmə iclasında Fərid Rüstəmov məhkəmə iclasında verdiyi izahatına tənqidi yanaşaraq hesab edir ki, o, məsuliyyətdən yayınmaq məqsədilə bu məzmunda izahat vermişdir. Belə ki, Fərid Rüstəmov məhkəməyə ünvanladığı şikayət ərizəsinə SMS radar vasitəsilə onun mobil nömrəsinə göndərilmiş fotoşəkilləri tam olmadan, yalnız ikisini əlavə etməklə avtomobilin qeydiyyat nişanının görünmədiyini əsas gətirərək məhkəməni əslində inzibati xəta törətmədiyinə inandırmağa çalışmışdır. Lakin məhkəmə operativliyi təmin etmək məqsədilə işçi qaydasında BDYPİ-nin aidiyyatı qurumu ilə yaradılmış əlaqə nəticəsində Fərid Rüstəmovun mobil nömrəsinə 2 deyil, əslində 3 fotoşəkil göndərildiyini, həmin fotoşəkillərdən birində avtomobilin dövlət qeydiyyat nişanının tam aydın göründüyünü müəyyən etmişdir. Həmin fotoşəkilə baxış zamanı avtomobilin markasının KİA, dövlət nömrə nişanın ** DH *** olduğu bir daha öz təsdiqini tapmışdır. Məhkəmə tərəfindən şikayətdə göstərilən hər bir xüsusat yoxlanıldı. Müəyyən olundu ki, işə baxılarkən İXM-nin tələblərinə əməl edilmiş, əsaslı və qanuni qərar qəbul edilmişdir. Ona görə də, Fərid Rüstəmovun inzibati tənbeh tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün həmin məcəllənin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. İXM-nin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş EQ 27275059 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar