Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-908/2025 15.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X1, İcra sənədi üzrə tələbkar X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1977-ci ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 15 aprel 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7604/2019 saylı, xx.xx.2019-cu il tarixli və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-549/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədləri üzrə borclu Şəxs üzürlü səbəb olmadan icra sənədlərini icra etməmişdir. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X5 bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7604/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borcludan hər ay 200 manat aliment və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-549/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə 16000 manat pul tələbkar X4 xeyrinə tutulmalıdır. İcra sənədləri üzrə icraata başlamaq qərarı qəbul edilmiş və borclu bu qərarlarla tanış edilmişdir. Daha sonradan borclu icra məmurunun çağırışlarına gəlməmiş və borclu barəsində axtarış elan edilmişdir. Şəxs hazırda 13400 aliment borcu və 16000 manat borcu vardır. Protokolu müdafiə etdiyini və inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, 2019-cu ildən etibarən icra sənədindən məlumatlı olmuşdur. Maddi imkanı olmaması səbəbindən ödəniş etməmişdir. Hazırda özü kirayədə yaşayır. Bir müddət fərdi əməklə məşğul olmuş, gündəlik 10-15 azn olmaqla aylıq olaraq 400 manat qazancı olmuşdur. Tələbkarın şərtləri ilə razıdır. Məhkəmə iclasında tələbkar X7 izahatında bildirmişdir ki, icra sənədləri üzrə ona heç bir ödəniş etməmişdir. Hər iki icra sənədi üzrə borc məbləğini tələb edir. Əgər onun dediklərini tam olaraq icra etsə borclu ilə razılığa gələ bilər. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati qaydada həbs olunmasını istəmir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində qərəz olmamasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-549/2020 saylı, xx.xx.2020-ci il və Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7604/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. İş materiallarında olan 2(060)-7604/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı X3 ödənilməsi və alimentin tutulması xx.xx.2019-cu il tarixindən hesablanması qeyd edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-549/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs 16.000 (on altı min) manat pul tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7604 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(105)-549/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7604/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə xx.xx.2019cu il tarixindən hesablanmaqla borcludan hər ay 200 manat aliment və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-549/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə 16000 manat pul tələbkar X4 xeyrinə tutulmalıdır. Məhkəmə iş materiallarına əsasən müəyyən etmişdir ki, Şəxs tərəfindən bu günədək məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarından və pul tələbindən heç bir ödəniş edilməmişdir. Şəxs məhkəmə iclasında verdiyi izahatında da, yığılmış borc məbləğlərindən ödəməyə imkanının olmadığını bildirmişdir. Bununla da, bu günə kimi 13400 (on üç min dörd yüz) manat aliment borcu və 16000 manat pul tələbi üzrə borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni icra sənədi üzrə ödənişləri etməməsi, həmçinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 15 aprel 2025-ci il tarixdən saat 11.20-dən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X2 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 (üç) saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli xx.xx.2025-ci il, saat 15.30-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-908/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-908/2025
15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver