Məhkəmə qərarları › İş №3(060)-914/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-914/2024

13.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-914/2024 13.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X4, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs Sumqayıt şəhər Polis idarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı, polis kapitanı X1 iştirakları ilə, X4 Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarından verdiyi şikayətə dair işə baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 328.1-ci maddəsi ilə təqsirli bilinərək 10 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan X5 (bundan sonra – şikayətçi) Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 30 dekabr, 2023-cü iltarixdə şikayətçi “BMW 535” markalı avtomobili ilə Sumqayıt şəhəri, İnşaatçılar küçəsi ilə hərəkətdə olan zaman “Mitsubishi” markalı avtomobillə toqquşmuş, post patrul xidməti tərəfindən yol polisinə məlumat verilmiş və yol polisləri hadisə yerinə gəlmiş, ilkin hadisə yerinin müayinəsini apararaq sürücülərin sənədlərini alaraq, sənədləşmə aparılması üçün ertəsi gün Sumqayıt ŞPİ-nin Dövlət Yol Polis Şöbəsinə təqdim etmişlər. Nəticədə material Niyaməddin Həsənovun icraatına daxil olmuşdur. Həmin material əsasında hər iki sürücü dəvət olunmuş, izahatları alınmış, yenidən hər iki sürücünün iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, fotoşəkillər çəkilmiş və materiala əlavə olunmuşdur. Müəyyən olunmuşdur ki, “Mitsubishi Pajero” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığında dayanaraq sola dönmə əməliyyatı etmək üçün yaşıl işığın yanmasını gözləyirmiş. “BMW” markalı avtomobil də arxa tərəfdən gələrək işıqfora yaxınlaşdıqda yaşıl işığın yandığını görərək hərəkətini davam etdirərkən “Mitsubishi Pajero” markalı avtomobilin sürücüsü sola dönmə əməliyyatını icra edərkən onun qabaq sağ hissəsi ilə toqquşmuşdur. O da zərbədən işıqfora çırpılmışdır. Nəticə etibarıilə müəyyən olunmuşdur ki, “Mitsubishi Pajero” markalı avtomobilin sürücüsü “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin İ və V bəndinin tələbini pozmuşdur. Hadisə ilə bağlı Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli TP ******* saylı qərara əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Hadisədən 4 ay keçməsinə baxmayaraq xx.xx.2024-cü il tarixdə ona məlum olmuşdur ki, mən İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətmişdir. Qərarla tanış olan zaman ona məlum olmuşdur ki, guya o hərəkət sürətini aşmışdır. Bu tamamilə absurddur, Belə ki, “Mitsubishi Pajero” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığında dayanaraq sola dönmə əməliyyatı etmək üçün yaşıl işığın yanmasını gözləməsi, “BMW” markalı avtomobil də arxa tərəfdən gələrək işıqfora yaxınlaşdıqda yaşıl işığın yandığını görərək hərəkətini davam etdirərkən “Mitsubishi Pajero” markalı avtomobilin sürücüsü sola dönmə əməliyyatını icra edərkən onun qabaq sağ hissəsi ilə toqquşması işin mübahisəsiz halıdır. Onun işıqforun qadağanedici işığında hərəkət sürətini aşmağı ilə bağlı polisin qənaəti tamamilə absurddur. Bundan başqa onun həmin vaxt surət həddini aşmağı heç bir sübutla isbat olunmur. O radara düşməmiş və surət həddini aşmamışdır . Barəsində tərtib olunmuş qərar formal müzahirələrə əsaslanır. Belə ki, o, yol nişanının tələblərini pozmamış və bu barədə ittiham tərəfin heç bir mötəbər sübutu yoxdur. Şikayətçi məhkəmə iclasında verdiyi şikayətlə oxşar məzmunlu izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs Sumqayıt şəhər Polis idarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı, polis kapitanı X3 məhkəmə iclasında bildirdi ki, X5 İXM-in 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu səbəbdən də cərimə edilmişdir. Qeyd edilənlərə əsasən inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə iştirak edən şəxsləri dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə görə yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə on manat məbləğində cərimə edilir. İş materiallarında olan “Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasına dair” xx.xx.2024-cü il tarixli, 8/610 saylı ekspert rəyində göstərilmişdir ki, sürücü E.R.İbadov BMW markalı avtomobili yaşayış məntəqəsində icazə verilən 60km/saatdan artıq, yəni 65- 70km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Göründüyü kimi şikayətçinin baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sürət həddini aşması ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Belə olan halda o, düzgün olaraq İXM-in 328.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulmuş qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 şikayəti təmin edilməsin. Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlansın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar