Məhkəmə qərarları › İş №3(060)-920/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-920/2025

16.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-920/2025 16.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tətib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1825/2024 saylı icra sənədi üzrə borclu Şəxs 15.135 manat borcdan heç bir ödəniş etməyərək icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1825/2024 saylı icra sənədinə əsasən Şəxs 15000 manat məbləğində pul və iş üzrə ödənilmiş 135 manat dövlət rüsumu alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2024-cü ildə icraata başlama barədə qərar qəbul edilmiş və tələbin könüllü icrası barədə bildiriş borclunun ünvanına göndərilmişdir. Borclunun adına qeydə alınmış mobil telefon nömrələrinə də elektron icra sistemi vasitəsi ilə SMS bildiriş göndərilərək icra idarəsinə dəvət edilmişdir. Bundan əlavə özü borcluya zəng edərək ona borcu ödəməsini təklif etmiş və bununla bağlı icra idarəsinə dəvət etmişdir. Lakin, borclu icra idarəsinə gəlməmiş və xx.xx.2024-cü ildə ölkə hüdudlarını tərk etmişdir. Bu səbəbdən də onun barəsində axtarış qərarı qəbul edilmişdir. Bu gün borclu ölkəyə qayıdarkən sərhəd xidmətinin əməkdaşları tərəfindən saxlanılmış və polis vasitəsi ilə icra idarəsinə gətirilmişdir. Borclu izahatında borcunun az olmasını qeyd edərək heç bir ödəniş etməmişdir. Borclunun adına hər hansı əmlak və ya gəlir aşkar edilməmişdir. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o tələbkardan faizə 3000 manat pul almışdır və buna görə tələbkar ona 15.000 manatlıq sənəd imzalatmışdır. Aldığı borcun faizini ödəmiş, əsas borcdan isə 1000 manat ödəniş etmişdir. Lakin, tələbkar əsassız olaraq onun barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və həmin işə baxılarkən bu barədə məhkəməyə izahat vermişdir. Hazırda 15.000 manat borcu olmadığı üçün həmin borcu ödəmək fikri yoxdur, o yalnız nə qədər borcu varsa onu hissə-hissə ödəyə bilər. Həmçinin bildirmişdir ki, 2024-cü ilin iyul ayında icra məmuru həqiqətən də ona zəng vuraraq borcu ödəməsini bildirmiş, lakin onu icra idarəsinə dəvət etməmişdir. Həmçinin onun ünvanına icra idarəsindən hər hansı bildiriş gəlməmişdir. Həmin vaxtlar mobil telefonu itdiyi üçün isə SMS bildiriş də almamışdır. Göstərilən halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, borclu qərəzli olaraq icra sənədinin icrasından yayınır. Belə ki, borclu notarial qaydada təsdiq edilmiş sənəd əsasında pul almış və buna görə də məhkəmə qərarı qəbul edilmişdir. İcra sənədi icra idarəsinin icraatına daxil olduqdan sonra onun təkidi ilə icra məmuru dəfələrlə zəng vursa da borclu icra idarəsinə gəlməmiş və borcu ödəməmişdir. Onun özü də dəfələrlə borclu ilə əlaqə saxlayaraq borcu ödəməsini tələb etmiş, həmçinin hissə-hissə ödəməsi üçün də təkliflər vermişdir. Lakin, borculu heç bir təklifə müsbət cavab verməmişdir. Hazırda da qanuni qüvvədə olan məhkəmə qətnaməsini icra etməyəcəyini bildirməklə qərəzini nümayiş etdirir. Halbuki ödəniş etməyə onun kifayət qədər maddi imkanı var. Göstərilən halları nəzərə alaraq borclu barəsində inzibati həbs tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs icra sənədinin icrasından qərəzli yayınmır, maddi imkanı yaxşı olmadığı üçün borcunu ödəyə bilmir. Göstərilən halları, yəni hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibi olmadığı üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1825/2024 saylı icra sənədindən görünür ki, borclu Şəxs 15000 manat məbləğində pul və iş üzrə ödənilmiş 135 manat dövlət rüsumu alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata başlama haqqında qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1825/2024 saylı icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan elektron icra sistemi vasitəsi ilə göndərilmiş xx.xx.2024-cü il tarixli SMS bildirşlərdən görünür ki, borclu Şəxs barəsində olan icra işi ilə əlaqədar Sumqayıt şəhəri üzrə icra idarəsinə dəvət edilmişdir. İş materiallarında olan elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, borclu Şəxs xx.xx.2024-cü il tarixdə ölkə hüdudlarını tək etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1825/2024 saylı icra sənədindən görünür ki, borclu Şəxs 15000 manat məbləğində pul və iş üzrə ödənilmiş 135 manat dövlət rüsumu alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. İş üzrə xx.xx.2024-cü il tarixli icraata başlama haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borclunun yaşadığı ünvana göndərilmişdir. Bundan əlavə icra məmuru mobil telefon vasitəsi ilə borclu ilə əlaqə saxlayaraq ona borcun ödənilməsini təklif etmiş və icra idarəsinə dəvət etmişdir. Həmçinin xx.xx.2024-cü il tarixli SMS bildirşlərlə borclu Şəxs barəsində olan icra işi ilə əlaqədar Sumqayıt şəhəri üzrə icra idarəsinə dəvət edilmişdir. Lakin, borclu icra sənədi üzrə hər hansı ödəniş etməmiş, icra idarəsinə gəlməmiş və xx.xx.2024-cü il tarixdə ölkə hüdudlarını tərk etmişdir. Buna görə də xx.xx.2024-cü il tarixdə barəsində axtarış qərarı qəbul edilmişdir. Borclu xx.xx.2025-ci ildə ölkə ərazisinə qayıdarkən axtarış qərarı əsasında saxlanılaraq icra idarəsinə gətirilmişdir. Borclu həm icra idarəsində, həm də məhkəmə verdiyi izahatında məhkəmə qərarında olan borcla razı olmadığını və həmin borcu ödəməyəcəyini bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni icra sənədi üzrə heç bir ödəniş etməməsi, icra idarəsinə gəlməkdən yayınması, həmçinin hazırda icra sənədi üzrə borcu ödəməyəcəyini bildirməsi icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi qiymətləndirilməlidir. Onun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 32 və 33-cü maddələrini əsasən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, vəkil X3 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Vəkil X5 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar