Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-923/2023 04.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin etibarnamə üzrə nümayəndəsi SRDYNİ-nin DYNŞ-nin inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X1 iştirakları Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X5 Xidməti Sumqayıt regional X5 İdarəsinin inzibati xəta haqqında 03 aprel 2023-cü il tarixli, MN ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə Müəyyən etdi: Sumqayıt regional X5 İdarəsi tərəfindən "xxxx" ASC (VÖEN **********) barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokola qeyd edilir ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 2-ci mkr. Heydər Əliyev prospekti ev 22/57-nin yanında yerləşən "xxxx" ASC-nin Sumqayıt filialında planlı yanğın texniki müayinə zamanı YTQ № 01-2001; b4.1-4.17; b6.1-6.10; b5.1-5.6 tələbləri pozulmuş bu səbəbdən "xxxx" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən tərtib olunmuş, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş, xx.xx.2023-cü il tarixdə Məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X5 Xidməti Sumqayıt regional X5 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanının yanında yerləşən "xxxx" ASC-nin Sumqayıt filialında Ədliyyə Nazirliyinin reyestrdən çıxarışına əsasən plan üzrə yanğın-texniki müayinə keçirmiş və nöqsanlar aşkar olunmuşdur. Tərəflərindən 27 mart 2023-cü ildə yanğın-texniki müayinənin aparılması haqqında qərar qəbul edilmiş və 28 mart 2023-cü il tarixdə bu barədə hüquqi şəxsə məlumat verilmiş və 03 aprel 2023-cü il tarixədək pozuntuların aradan qaldırılması üçün vaxt verilmişdir. Yoxlama zaman hüquqi şəxsin nümayəndəsindən müvafiq sənədlər tələb edilsə də, onlara müvafiq sənədlər təqdim edilməmişdir. Aparılmış yoxlamanın nəticələrinə uyğun olaraq 03 aprel 2023-cü il tarixdə yanğın-texniki müayinə materialarının baxılmasının nəticələri üzrə qərar qəbul edilmişdir. Daha sonra bununla bağlı "xxxx" ASC-nin rəhbərliyinə məlumat verilmiş və müvafiq protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Nicat Qarayev verilən suallara cavab olaraq bildirmişdir ki, filialda təxliyə yolunun olmaması ilə bağlı hər hansı foto-şəkil çəkilməmiş və iş materiallarına əlavə edilməmiş, həmçinin obyektin otaqları səliqəsiz vəziyətdə yığılsa da, bu faktı təsdiq edən mötəbər sübut iş materialına əlavə edilməmişdir. Orada olarkən “Ariston” markalı su qızdırıcısının tavana bitişik vəziyyətdə quraşdırıldığının, tavanın tez alışan xassəyə malik olan lanbrindən yığıldığının şahidi olduqlarını bildirdi. Bundan başqa izahatında mətbəxdə naqillərin qırışıq formada olmasını, o cümlədən elektrik daşıyıcı aparatın əlüzyuyanın tam yanında olmasını müşahidə etdiklərini bildirərək bunun da yanğın təhlükəsizliyi qaydalarının pozulması o cümlədən həmin aparatın üzərinə təsadüf nəticəsində su düşəcəyi halda qısaqapanma və ya digər yanğın hallarının baş verməsi riskinin yüksəldiyini göstərmişdir. Bildirmişdir ki, bu faktlarla bağlı müvafiq fotoşəkillər çəkilmişdir. Odur ki, "xxxx" ASC barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X3 məhkəmə iclasında bildirdi ki, əməkdaşlar tərəfindən yoxlama aparılan zaman onların nümayəndələrinə hüquq və vəzifələr izah edilməmişdir. Bundan başqa aşkar edilmiş pozuntularla qanunun məhz hansı normasının pozulması göstərilməmiş və əsaslandırılmamışdır. Qanunvericiliyin tələbləri baxımından həqiqətən də protokol tərtib edilməsi üçün əsaslar mövcud olsa da, aşkar edilmiş pozuntuların sonradan hər hansı yanğın hadisəsinin baş verməsinə ehtimal vermir. Bundan başqa protokolda təxliyə yollarının mövcud olmaması qeyd olunsa da, bununla bağlı bildirir ki, Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən müəyyən edilmiş normalara əsasən server otağı mühafizə olunan otaq olmalıdır. İş materiallarında olan fotoşəkillərdən də görünür ki, bank bir mərtəbədən ibarətir və baş verə biləcək yanğın hadisəsi zamanı işçi və digər şəxslərin əsas girişdən çıxması mümkündür. Həmçinin bankda əlavə təxliyə üçün arxa qapı olsa bu iş vaxtında kənar şəxslərin banka giriş-çıxışını asanlaşdırmış olacaqdır. Qeyd olunanların nəzərə alınmasını və qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 0729 nömrəli yanğın-texniki müayinə aktından görünür ki, müayinə zamanı aşkar olunmuş qanun pozuntularının məzmunu aşağıdakı kimidir: - Obyektin otaqları normaya uyğun saxlanılmamışdır. - Obyektdə təxliyə yolu mövcud deyildir. - Obyektin elektrik təsərrüfatının giriş protokolu EQQQ-ə uyğun quraşdırılmasına dair sənəd təqdim olunmadı. Həmçinin inzibati işin materiallarına 04 ədəd fotoşəkil əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə görə mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə hesab edir ki, 03 aprel 2023-cü il tarixli, 0729 nömrəli yanğın-texniki müayinə aktında qeyd olunmuş üç pozuntudan yalnız biri (Obyektin elektrik təsərrüfatının giriş protokolu EQQQ-ə uyğun quraşdırılmasına) tam sübuta yetirilir. Digər iki hal araşdırılsa da, iş materiallarına əlavə edilmiş foto şəkillər, həmçinin protokol tərtib etmiş şəxsin izahatı ilə həmin halların mövcudluğu müəyyən edillməmişdir. Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi qaydaları” haqqında xx.xx.2001ci tarixli Ümumi Qaydaların 6.1-6.10-cu bəndlərində “Elektrik qurğularına dair yanğın təhülkəsizliyi tələbləri” aydın şəkildə göstərilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, barəsində protokol tərtib edilmiş "xxxx" ASC həmin qaydaların 6.1; 6.2; 6.4-cü bəndlərinin tələblərini pozmuşdur. Hüquqi şəxs "xxxx" ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi yalnız qeyd olunan hissədə tam təsdiq olunur. İnzibati Xətalar Məcəlləsinin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs əməlinin (hərəkət və ya hərəkətsizliyinin) hüquqazid xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş, və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesdab edilir. İşin hallarından göründüyü kimi, "xxxx" ASC-in səlahiyyətli şəxsləri Sumqayıt filialının yerləşdiyi binada otaqların birində “Ariston” markalı su qızdırıcısının tavana bitişik vəziyyətdə quraşdırılmasından, tavanın tez alışan xassəyə malik olan lanbrindən yığılmasından, o cümlədən mətbəxdə naqillərin qırışıq formada olması və elektrik daşıyıcı aparatın əlüzyuyanın tam yanında olmasından məlumatlı olsa da zərərli nəticələri qabaqcadan görmüş, bunları arzu etmiş, belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdir. Məhkəmə qeyd edir ki, bəhs edilən inzibati xəta formal təkibli inzibati xəta olduğundan məhz nəticənin baş verməsindən asılı olmayaraq yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulduğu an inzibati xəta törədilmiş hesab edilir. Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi qaydaları” haqqında xx.xx.2001ci tarixli Ümumi Qaydalarda “Yaşayış məntəqələrinin və müəssisələrin ərazilərinin saxlanlması”, o cümlədən “Təxliyyə yollarının normalara uyğunluğu və saxlanılma vəziyyəti”-ni özündə əks etdirən bəndlərin hansı hərəkətlərin pozuntu olması açıq-aydın şəkildə təsvir edilsə də, bu faktı təsdiq edən sübut məhkəməyə təqdim edilməmiş, və ya inzibati xəta haqqında protokolu tərtib edən şəxs bu hallarla hər hansı dəlil və faktları məhkəməyə təqdim etməmişdir. İnzibati xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Məhkəmə yuxarıda qeyd olunan qaydaların 4.1-4.17 və 5.1-5.6-cı bəndləri ilə hüquqi şəxsi təqsirsiz hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.7-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 116.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda inzibati cərimə şərti olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 116.2-ci maddəsində qeyd olunur ki, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Həmin Məcəllənin 116.3-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Həmin Məcəllənin 116.4-cü maddəsində qeyd olunmuşdur ki, inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Məhkəmə hüquqi şəxsin nümayəndəsi X1 məhkəmə iclasında “qanunvericiliyin tələbləri baxımından həqiqətən də protokol tərtib edilməsi üçün əsasların mövcud olması” ifadəsini törədilmiş inzibati xətanı səmimi etiraf etməsi kimi qiymətləndirməklə bu halı məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş "xxxx" ASC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 114.1-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: "xxxx" ASC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və şərti olaraq 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. "xxxx" ASC-nin törətdiyi hüquqpozmanı aradan qaldırması və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X5 Xidməti Sumqayıt regional X5 İdarəsinə məlumat verilməsi üçün 25 gün müddət təyin edilsin. Həmin müddətdə hüquqpozmanın aradan qaldırılmadıqda 350 (üç yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri icra edilsin. Qərarın icrası Sumqayıt şəhəri İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-923/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-923/2023
04.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver