Məhkəmə qərarları › İş №3(060)-924/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-924/2024

03.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-924/2024 03.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis mayoru Eldar İbrahimovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs, onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş, AR vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə “Tik-tok” sosial şəbəkəsində “miray.444” adlı istifadəçi adı ilə canlı yayım açaraq yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməsi səbəbi ilə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 388-1.1.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sahə rəisi, polis mayoru Eldar İbrahimov məhkəmə iclasında tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, X1 23 aprel 2024-cü il tarixdə Sumqayıt ŞPİ 4-cü PB-ə ərizə ilə müraciət edərək, Tik-tok” sosial şəbəkəsində “miray.444” adlı səhifənin istifadəçisi olan qadın canlı yayım açaraq nalayiq və təhqiramiz ifadələr işlədərək cəmiyyətə qarşı açıqca hörmətsizlik etmiş, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar yerləşdirdiyini bildirmişdir. Bundan sonra “miray.444” adlı səhifənin istifadəçisinin Şəxs olduğu müəyyən edilmiş, sonuncu PB-nə dəvət edilərək, təhqiqatçı tərəfindən izahatı alınmışdır. Aparılmış araşdırma nəticəsində Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində 03 may 2024-cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərar qəbul edilmiş, əməlində İXM-nin 388-1.1.1-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Qeyd olunanların nəzərə alınmasını, Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, təxminən 3 ildir ki, “Tik-tok” sosial şəbəkəsində “miray.444” istifadəçi adı altında canlı yayım açaraq, pul qazanır. 13 aprel 2024-cü il tarixdə Lənkəran şəhərində olan zaman onun mobil telefonuna zəng gəlmiş, zəng edən şəxs özünü Sumqayıt ŞPİ-nin Bəxtiyar adlı əməkdaşı olduğunu bildirərək İdarənin rəis müavini Cavidan müəllimin onunla görüşmək istədiyini bildirmişdir. O, hazırda Lənkəran şəhərində olduğunu, təcilidirsə indi gələ biləcəyini bildirmiş, lakin Bəxtiyar müəllim Sumqayıt şəhərinə qayıdan zaman gəlməsini söyləmişdir. O, 16 aprel 2024-cü il tarixdə axşam saatlarında Sumqayıt şəhərinə qayıtmış və birbaşa olaraq Sumqayıt ŞPİ-ə getmişdir. Orada adi qaydada onu qeydiyyata almışlar, daha sonra rəis müavini Cavidan müəllimin otağına aparmışlar, həmin vaxt vəzifəsini bilmədiyi polis əməkdaşı Yelmar müəllim də orada olmuşdur. Söhbət əsnasında Cavidan müəllim ona canlı yayımda millimənəvi dəyərləri pozduğunu bildirmiş, o, Cavidan müəllimə heç bir əxlaqsızlıq etmədiyini, hansı milli-mənəvi dəyərləri pozmasını söyləməsini bildirmişdir. Cavidan müəllim ona “Tik-tok” sosial şəbəkəsində “Aydaş” adlı xanımın da olduğunu, onun sakit öz pulunu qazandığını, ona da sakit olmasını, hətta “antidepressant” qəbul etməsini söyləmişdir. Bundan sonra Cavidan müəllim ondan mobil telefonlarını tələb etmiş, o, üzərində bir ədəd mobil telefon olduğunu, digər iki telefonun evində olduğunu bildirmiş, sonuncu ondan evə zəng edərək həmin telefonların gətirilməsini bildirsə də o, evdə heç kəsin olmadığını, bunun mümkünsüz olduğunu demişdir. Cavidan müəllim polis əməkdaşlarına tapşırıq verərək, yaşadığı ünvana polis əməkdaşı göndərmiş, həmin polis əməkdaşı 16 aprel 2024-cü il tarixdə, saat 19:08-də anasından götürərək hər iki telefonu gətirib Cavidan müəllimə vermişdir. Daha sonra onu Bəxtiyar müəllimin otağına aparmışlar. Bir müddət sonra o, yenidən Cavidan müəllimin otağına getmiş, sonuncu ona hər üç telefonunun DİN-nə göndərəcəklərini bildirmişlər. Bəxtiyar müəllim ona balaca ağ kağızda qeyd yazaraq sabah həmin kağızda yazdığı nömrə ilə əlaqə saxlayaraq telefonlarını götürməsini söyləmişdir. O, evə gedən zaman 20000 izləyicisi olduğu üç ədəd “Tik-tok” sosial şəbəkəsindəki hesabının silindiyini, heç bir yerə bağlı olmayan “miray.777” istifadəçi adlı hesabının silinmədiyini görmüşdür. Bundan sonra o, 102 qaynar xəttinə, X3 Mübarizə İdarəsinə, Baş Prokurorluğa Cavidan müəllim barəsində şikayətlər etmişdir. 17 aprel 2024-cü il tarixdə onu 4-cü PB-nə dəvət etmişlər. Bölmədə Kənan adlı polis əməkdaşı ağ sellofan paketdə üç ədəd mobil telefonu ona təqdim edərək Nazirlikdən göndərildiyini bildirmişdir. O, nəyə görə Nazirlikdən gələn telefonların adi ağ sellofanda olması barədə polis əməkdaşına sual versə də, cavab ala bilməmiş, əvəzində polis əməkdaşı ona iltizama qol çəkərək mobil telefonları götürməsini söyləsə də o, götürməmişdir. Bu məsələlərlə bağlı o, 20 aprel 2024-cü il tarixdə İdarənin rəisi Fəqan müəllimin qəbulunda olmuş, bundan sonra ortaya Roza adlı xanım çıxmışdır. Bildirir ki, o, Roza adlı xanımı tanımır. “Tik-tok” sosial şəbəkəsində bir dəfə Tərlan adlı şəxslə aralarında mübahisəsi yaranmış, bu problemlərin də Tərlan adlı şəxs tərəfindən edilə biləcəyini güman etmişdir. O, “Tik-tok” sosial şəbəkəsində heç bir əxlaqsızlıq hərəkətlə məşğul olmamış, şəxsi biznes və “Tik-tok” sosial şəbəkəsindən qazandığı pullar ilə kreditlərini ödəyir, övladını saxlayır. İdarədə olan zaman Cavidan müəllimin dedikləri ona pis təsir etmişdir. Bildirir ki, o, canlı yayım açaraq yayılması qadağan edilən hər hansı məlumatın paylaşılmasına yol verməmişdir. Qeyd olunanların nəzərə alınmasını, ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki: X1 23 aprel 2024-cü il tarixdə Sumqayıt ŞPİ 4-cü PB-ə ərizə ilə müraciət edərək, Tik-tok” sosial şəbəkəsində “miray.444” adlı səhifənin istifadəçisi olan qadın canlı yayım açaraq nalayiq və təhqiramiz ifadələr işlədərək cəmiyyətə qarşı açıqca hörmətsizlik etmiş, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar atdığını bildirmişdir. xx.xx.2024-cü il tarixli izahatında Aysel Mustafayevə məhkəmə istintaqı zamanı vermiş olduğu izahatı ilə məzmun baxımından eynilik təşkil edir. Aparılmış araşdırma nəticəsində Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində 03 may 2024-cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərar qəbul edilmişdir. 01 dəqiqə 17 saniyəlik 01 ədəd DVD diskə məhkəmə iclası zamanı baxış keçirilən zaman məlum olur ki, Şəxs “Tik-tok” sosial şəbəkəsində canlı yayım açaraq nalayiq və təhqiramiz ifadələr işlətmişdir. Elektron-məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs subaydır, himayəsində xx.xx.2014-cü il təvəllüdlü Miryusif Təhməzzadə adlı bir övladı var. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və protokolu tərtib etmiş şəxsi, dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarına əlavə edilmiş sənədlərlə sübuta yetirilir və onun barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-2.1-ci maddəsinə əsasən internet informasiya ehtiyatının sahibi həmin informasiya ehtiyatında yerləşdirilən informasiyanın tərkibi və onun yerləşdirilməsi qaydasının müəyyən edilməsində müstəqildir. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatının qanunauyğun fəaliyyətini, o cümlədən dövlət dili normalarına riayət edilməsini təmin etməlidir və buna görə şəxsən məsuliyyət daşıyır. Həmin Qanunun 13-2.3.9-cu maddəsinə əsasən İnternet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) yerləşdirilməsinə yol verilməyən məlumatlardan biri də təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlardır. İXM-nin 388-1.1.1-ci maddəsinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya - telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına, yəni internet informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, məsuliyyətini yüngülləşdirmək üçün belə ifadə verir. Onun göstərdikləri işin faktiki hallarına uyğun gəlmir və inandırıcı deyildir. Onun əməli bir ədəd DVD disk və iş materiallarına əlavə edilmiş digər sübutlar ilə tam sübuta yetirilir. Məhkəmə iclasında Aysel Mustafayevə “Tik-tok” sosial şəbəkəsində canlı yayım açaraq yayılması qadağan edilən heç bir məlumat yerləşdirilmədiyini bildirsə də, məhkəmə istintaqı zamanı tədqiq edilən 01 ədəd DVD diskə baxış zamanı sonuncunun canlı yayım zamanı qadağan edilən informasiyanı sosial şəbəkədə yerləşdirərək yayımladığı və bu zaman təhqirə yol verdiyi müəyyən edilmişdir. “İXM 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Həmin məcəllənin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis mayoru Eldar İbrahimovun ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İnzibati xətalar Məcəlləsinin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs himayəsində bir övladının olmasını İXM-nin 31.1.3-cü maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi hesab edir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-nin 30.1-ci maddəsinə görə İnzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-nin 30.2-ci maddəsinə görə Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İş materiallarından görünür ki, Şəxs övladı Miryusif Təhməzzadənin 10 yaşı var. Belə olan halda onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilə bilməz. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, xüsusən sonuncunun himayəsində azyaşlı övladının olmasını, davranışını, törədilən inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən digər halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona məhz cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını məqsədə müvafiq hesab edir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar