Məhkəmə qərarları › İş №3(060)-925/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-925/2024

13.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-925/2024 13.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsi tərəfindən qəbul olunmuş EQ 20748139 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan X1 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X1 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, barəsində EQ 20748139 seriyalı və nömrəli inzibati xəta haqqında elektron protokolun (qərarın) ləğv edilməsinixahiş etmişdir. X1 şikayətində göstərmişdir ki, 24 aprel 2024-cü ıl tarixdə onun mobil telefonuna barəsində EQ 20748139 seriyalı və nömrəli inzibatı xəta haqqında elektron protokol üzrə icra qərarının qüvvəyə minməsi barədə SMS daxil olmuşdur. Kağız üzərində protokol yaşadığı ünvana gəlməmişdir. Həmin protokolun əldə edilməsi cəhdləri uğursuz olmuşdur. Belə ki, müraciətlərinə baxmayaraq protokol ünvanına göndərilməmişdir. Həmin elektron protokol (qərar) ilə əlaqədar AsanPayda olan məlumata əsasən ona məlum olmuşdur ki, barəsində inzibati xəta haqqında elektron protokol Azərbaycan Respublikası İXM-in 346.1ci maddəsi ilə (durma qaydalarını pozma) onun etibarnamə əsasında idarə etdiyi “Chevrolet Cruze” markalı, **-RY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili Sumqayıt Dəmiryolu Vağzalının qarşısında saxlamağına görə tərtib edilmişdir. O, “Chevrolet Cruze” markalı, **-RY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili Sumqayıt Dəmiryolu Vağzalının qarşısında oraya nəzarət edən vağzal nümayəndəsinin müəyyən etdiyi yerdə pul ödəməklə saxlamışdır. Həmin yerdə avtomobilin durmasını qadağa edən heç bir nişan yoxdur. EQ 20748139 seriyalı və nömrəli inzibati xəta haqqında elektron protokol (qərar) əsassızdır. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt Şəhər Məhkəməsinə xx.xx.2024cü il tarixdə daxil olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş qərardan şikayət vermiş şəxs və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiklərindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə hazırkı işə qərardan şikayət vermiş şəxsin və qərarı qəbul etmiş şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş mübahisələndirilən qərarın surətindən görünür ki, X1 barəsində EQ 20748139 saylı, xx.xx.2024-cü il tarixli qərar qəbul edilərək İXM-in 346.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 20 (iyirmi) manat məbləğində cərimə olunmuşdur. Şikayət verən şəxs öz şikayətində avtomobilini saxladığı ərazidə hər hansı dayanma və durmanı qadağan edən yol nişanı olmadığını bildirmişdir. Ərazinin çəkilmiş fotoşəkillərindən görünür ki, ərazidə dayanma və durmanı qadağan edən hər hansı yol nişanı yoxdur. Sumqayıt ŞPİ Dövyət Yol polisi şöbəsinə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və qeyd olunan məsələ ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 52-ci maddəsində göstərilmişdir ki, İ. nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər və velosipedlər yolun hərəkət hissəsinin kənarında iki cərgədə dayana və dura bilərlər. İİ. Yolun sol tərəfində dayanmağa və durmağa yaşayış məntəqələrində tramvay yolunun olması səbəbindən sağ tərəfdə dayanmaq mümkün olmadıqda və ya birtərəfli hərəkət yollarında (icazə verilən maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinə birtərəfli hərəkət yollarının sol tərəfində dayanmağa yalnız yük götürmək və ya boşaltmaq üçün) icazə verilir. Yolun hərəkət hissəsinə bitişik səkinin kənarında durmağa yalnız minik avtomobillərinə, motosikletlərə, mopedlərə və velosipedlərə bu şərtlə icazə verilir ki, onlar piyadaların hərəkətinə mane olmasın. İİİ. Yaşayış məntəqəsindən kənarda uzunmüddətli dincəlmə, gecələmə və istirahət üçün durmağa yalnız bu məqsədlə düzəldilmiş meydançalarda və ya yoldan kənarda icazə verilir. İV. Aşağıdakı yerlərdə: 1) tramvay yollarında, habelə tramvay yollarının bilavasitə yaxınlığında, əgər bu, tramvayın hərəkətinə maneə yaradarsa; 2) dəmiryol keçidlərində, tunellərdə, habelə estakadalarda, körpülərdə (əgər həmin istiqamətdə üçdən az hərəkət zolağı varsa) və onların altında; 3) 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətləri ilə dayanmış nəqliyyat vasitəsi arasında məsafə 3 metrdən az olan yerlərdə; 4) piyada keçidlərində və onlara 5 metrdən az yaxınlıqda; 5) hərəkət hissəsində təhlükəli döngələrin və yolun uzununa profilinin qabarıq əyintili hissəsinin yaxınlığında — hər hansı bir istiqamətdə yolun görünmə sahəsi 100 metrdən az olduqda; 6) 1.1—1.4 nişanlama xətti, yaxud ayırıcı zolağı olan üçtərəfli yolayrıclarındakı yan keçidin qarşı tərəfində dayanma halları istisna olmaqla, hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda; 7) dayanacaq meydançasına, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda; 8) nəqliyyat vasitəsi svetofor siqnallarının, yol nişanlarının qarşısını tutmaqla başqa sürücülərin bunları görməsinə mane olduğu və ya başqa nəqliyyat vasitələrinin hərəkətini (girmə və ya çıxma) qeyri- mümkün etdiyi, yaxud piyadaların hərəkəti üçün maneə yaratdığı yerlərdə; 9) nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa — səkilərdə; 10) 3.27 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.4 nişanlanma xəttinin təsir zonalarında;11) avtomagistrallarda və ya 5.3 nişanı ilə işarələnmiş yollarda 5.15 və ya 6.11 nişanları ilə işarələnmiş xüsusi dayanacaq meydançalarından kənarda dayanma qadağandır. Göründüyü kimi EQ 20748139 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan onun yuxarıda qeyd edilən Qanunun hansı müddəalarının pozulması əsasında tərtib edildiyi müəyyən edilmir. Eyni zamanda qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və qeyd edilən məsələnin aydınlaşdırılması istiqamətində heç bir addım atmamışdır. Bu səbəbdən qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 115, 129, 130, 134.1.3 və 135.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şikayət təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsi tərəfindən qəbul olunmuş EQ 20748139 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar