Məhkəmə qərarları › İş №3(060)-926/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-926/2024

06.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-926/2024 06.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 3cü Polis Bölməsinin sahə rəisi X3, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə anası X2 məxsus 500 manat dəyərində olan qızıl saatı oğurlamışdır. İnzibati xəta haqqında materialda X1 adı “Fəridə” kimi qeyd edilsə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, zərərçəkmiş şəxsin adı texniki səhv kimi “Fəridə” qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi X5 bildirmişdir ki, X4 ərizə ilə Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə müraciət edərək xx.xx.2024-cü il tarixdə yaşadığı ünvan 3 ünvanında dolabda olan qızıl saaatının qızı Şəxs oğurlanmasını bildirmişdir. İş üzrə təhqiqatçı tərəfindən araşdırma aparılmış, araşdırma zamanı Şəxs müəyyən edilərək saxlanılmışdır. Şəxs izahatında anasına məxsus qızıl saatı oğurladığını və Xırdalan şəhərində Elnur adlı şəxsə 500 manat müqabilində satdığını bildirmişdir. İş üzrə cinayət işinin başlnamasının rədd edilməsi barədə qərar qəbul edilmiş və inzibati araşdırma üçün material onun icraatına verilmişdir. Tərəfindən Şəxs bir daha izahatı alınmış və onun barəsində protokol tərtib edilmişdir. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, təhqiqat araşdırması zamanı və daha sonra Şəxs qızıl saatı satdığını bildirdiyi Elnur adlı şəxsin müəyyən edilməsi, saatın aşkar edilərək real dəyərinin müəyyən edilməsi isitqamətində araşdırma aparılmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, zərərçəkmiş şəxs X4 onun anasıdır. O Xəyal adlı şəxslə qeyri-rəsmi yaşayır. Anası isə buna etiraz edir və buna görə ayrı yaşayırlar. O, Xəyal ilə Masazırda kirayadə yaşayır. Azyaşlı qızı Gülay isə bəzən onunla, bəzən isə anası ilə qalır. xx.xx.2024-cü ildə o qızı Gülay ilə anasının yaşadığı ünvan 3 ünvanına gəlmiş, bir neçə saat evdə qaldıqdan sonra anasından xəbərsiz ona məxsus olan qızıl saatı gizli götürmüş və anasına qonşuya getdiyini bildirmişdir. O, Xəyala mesaj yazmış, Xəyal həyətdən onu avtomobillə götürmüşdür. Oğurladığı qızıl saatı Xırdalanda Elnur adlı tanışına 500 manata satmışdır. Anasının saatını pula ehtiyacı olduğu üçün oğurlamışdır, hazırda isə peşmandır. Göstərilən halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, oğurladığı saatı satdığı Elnur adlı şəxs bu kimi işlərlə məşğul olmur. Elnur saatı ona görə almışdır ki, o saatı ucuz satmışdır. Əslində saatın qiyməti bahadır, həmin vaxt 500 manata ehtiyacı olduğu üçün Elnura bu qiyməti demiş, Elnur isə ucuz olduğu üçün almışdır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 izahatında göstərmişdir ki, Şəxs onun qızıdır. Aysel tüfeyli həyat tərzi keçirir. Belə ki, bir azyaşlı qızına belə normal baxmır. Nəvəsi çox vaxt onun yanında qalır. Aysel isə Xəyal adlı narkoman bir şəxslə qeyri-rəsmi yaşayır və qızı da Xəyal kimi narkotik vasitə qəbul edir. Qızının bu hərəkətlərinə həmişə etiraz edir və onu düz yola gətirməyə çalışır. xx.xx.2024-cü ildə qızı Aysel onun yaşadığı ünvan 3 ünvanına gəlmiş, Xəyaldan ayrıldığını və daha evlərində yaşayacağını bildirmişdir. Buna görə çox sevinmiş və süfrə açmışdır. Yemək yedikdən sonra Aysel onun başının qarışmasından istifadə edərək dolaba qoyduğu qızıl saatı ondan xəbərsiz götürmüşdür. Aysel qonşuya getmək adı ilə evdən çıxmışdır. Təxmini 20 dəqiqə sonra şübhələndiyi üçün dolaba baxmış və saatının olmadığını görmüşdür. Qonşudan maraqlandıqda isə Ayselin onlara getmədiyini öyrənmişdir. Dərhal Ayselə zəng edərək uşaqla bağlı evə gəlməsini bildirmiş, Aysel isə gəlirəm desə də gəlməmişdir. Məcbur qalıb bu barədə şikayət etmişdir. Ayselin bu tərzdə yaşamağından bezmişdir. Hesab edir ki, bu işi Aysel birlikdə yaşadığı və narkotik qəbul etdiyi Xəyalın təsiri ilə törətmişdir. Həmçinin bildirmişdir ki, təhqiqat zamanı izhatını təhqiqatçı yazmış, o isə imzalamışdır. Oğurlanmış qızıl saatının qiyməti bir neçə il bundan öncə 600 manat olmuşdur. Hazırda isə daha bahadır. O, şikayətçidir və saatının tapılıb qaytarılmasını tələb edir. Göstərilən halları nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi barədə” Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı Emin Alışov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, həmçinin Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti 3-cü PB-nə göndərilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, hazırki inzibati xəta haqqında işdə Azərbaycan Respublikasının CM-nin 177-ci maddəsinin əlamətləri olduğu üçün Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və iş üzrə material Sumqayıt şəhər prokurorluğuna göndərilməlidir. Belə ki, təhqiqatçı tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilərkən dəymiş zərərin 500 manat olması və həmin məbləğ görə cinayət tərkibinin yaranmaması qeyd edilmişdir. Zərərin məbləği isə zərərçəkmiş şəxsin və barəsində icraat aparılan şəxsin izahatları ilə müəyyən edilmişdir. Lakin, həm zərərçəkmiş şəxs, həm də barəsində icraat aparılan şəxs məhkəmə iclasında oğurlanmış qızıl saatın real qiymətinin daha çox olmasını bildirmişlər. Barəsində icraat aparılan şəxs qeyd etmişdir ki, saatı təcili satdığı üçün 500 manata vermişdir, onun real dəyəri daha çox olmuşdur. Eyni zamanda müəyyən edilmişdir ki, barəsində icraat aparılan şəxs Şəxs saatı satdığı şəxs barədə məlumat versə də, həmin şəxsin müəyyən edilməsi, saatın tapılaraq real dəyərinin müəyyələşdirilməsi istiqamətində də heç bir araşdırma aparılmamışdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeydinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Həmin Məcəllənin 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2, 85 və 114.2.3-cü maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1 və 318-ci maddələri və Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 noyabr 2022-ci il tarixli Qərarına əsasən istintaq orqanının cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının mövcudluğu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə uyğun olaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətada cinayət əlamətləri aşkar edildikdə, materialların prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərilməsinə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 85, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və inzibati xəta haqqında işdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri olduğu üçün iş üzrə materiallar Sumqayıt Şəhər Prokurorluğuna göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar