Məhkəmə qərarları › İş №3(060)-928/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-928/2024

06.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-928/2024 06.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü PB-nin sahə rəisi, X3, Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin YXP inspektoru X4, müdafiəçi Sumqayıt Regional Bürosunun vəkili X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Sumqayıt şəhəri, 4-cü mikrorayon, yataqxana 7, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 511.1.3-cü maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN2011209 nömrəli və 511.1.3-cü maddəi ilə tərtib edilmiş 05 may 2024-cü il tarixli, İXP6233159 nömrəli inzibati xəta haqqında protokollar baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokollardan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 00:50-də “Mercedes” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən xarici işıq cihazlarından düzgün istifadə etmədiyi üçün polis məkdaşları tərəfindən “saxla” işarəsi verilmiş, lakin sürücü əmrə tabe olmamış 4-cü mikrorayon daxilində yüksək sürətlə hərəkət edərək dəfələrlə yerin səthi ilə sürtünmə səsləri çıxararaq manevr qaydalarını pozaraq, özünə və digər sürücülərin həyatına təhlükə yaradaraq dinc əhalinin diqqətini özünə cəlb edərək və cəmiyyətə nümayişkəranə şəkildə hörmətsizlik göstərərək hərəkətlərinə davam etmişdir. Polis əməkdaşları sürücünün idarə etdiyi nəqliyyat vasitəsini saxlamış, bu zaman sürücü polis əməkdaşlarına hədə-qorxu gələrək, özünə xəsarət yetirəcəyini bildirirərək polis əməkdaşlarına tabesizlik göstərmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin YXP inspektoru X5 bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 00:50-də “Mercedes” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən xarici işıq cihazlarından düzgün istifadə etmədiyi üçün tərəflərindən “saxla” işarəsi verilmiş, lakin sürücü əmrə tabe olmamış 4-cü mikrorayon daxilində yüksək sürətlə hərəkət edərək dəfələrlə yerin səthi ilə sürtünmə səsləri çıxararaq manevr qaydalarını pozaraq, özünə və digər sürücülərin həyatına təhlükə yaradaraq dinc əhalinin diqqətini özünə cəlb edərək və cəmiyyətə nümayişkəranə şəkildə hörmətsizlik göstərərək hərəkətlərinə davam etmişdir. Sürücü uzun müddət ərzində şəhər daxilində hərəkət etmiş, hərəkəti zamanı təhlükəli manevrlər etmiş və çoxsaylı şəxslərin özləri və əmlakları üçün təhülkə yaratmışdır. Sürücünü bir neçə YPX avtomobili ilə qarşısını kəsməklə saxlamışlar. Saxlanıldıqdan sonra sürücü onlara etiraz etsə də, tabesizlik göstərməmiş və onlarla 3-cü PB-nə getmişdir. Tabesizlik yalnız saxla əmrinə tabe olmama ilə bağlı olmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhər Polis İdarəsinin 3-cü PB-nin sahə rəisi, X6 bildirdi ki, xx.xx.2024-cü il tarixdə 3-cü PB-də xidmətdə olduğu zaman icraatına raport daxil olmuşdur. Raporta görə Şəxs polis əməkdaşlarının saxla əmrinə tabe olmamış, avtoxuliqanlıq hərəkətlərinə yol vermiş və saxlanıldıqdan sonra polisin qanuni tələblərinə tabe olmamışdır. Şəxs izahatı alınmış o, törətdiyi əməldən peşman olduğunu etiraf etmişdir. Ona görə də onun barəsində protokol tərtib olunmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat 00:50 radələrində “Mercedes” markalı, 90SV945 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə evə gedərkən polis əməkdaşları ona saxla işarəsi vermişlər. O isə müharibədə ciddi sarsıntı keçirdiyi üçün bəzən çox aqressiv olur. Ona görə polislərin saxla əmrinə tabe olmadan avtomobilini sürətlə idarə etməyə başlamışdır. Polislər bir müddət onu təqib etdikdən sonra qarşısını kəsərək saxlamışlar. Saxlanıldıqda polislərə onu saxlamaları ilə bağlı öz etirazını bildirsə də, heç bir tabesizlik etməmiş və onlarla 3-cü Polis Bölməsinə getmişdir. Hazırda əməlindən peşmandır, müharibə veteranı olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Sumqayıt Regional Bürosunun vəkili X2 bildirmişdir ki, hüquqalarını müdafiə etdiyi şəxs Şəxs əməlində İXM-nin 535.1-ci maddəsinin tərkibi mövcud deyil. Ona görə həmin maddə ilə icraata xitam verilməsini, həmçinin Şəxs Qarabağ döyüşlərində iştirak etdiyi üçün əsəbi olduğunu, müharibə veteranı olduğunu və əməlindən səmimi peşimanlığını nəzərə alaraq onun barəsində İXM-nin 511.1.3-cü maddəsi ilə yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibi olmasa da, onun Azərbaycan Respublikasının İXM-nin 511.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün izahatları, videogörüntü, həmçinin iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş DVD diskdə olan video görüntülərə məhkəmə iclasında baxış keşirilərkən müəyyən edilmişdir ki, “Mercedes” markalı, 90SV945 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs avtomobili idarə edərkən YPX əməkdaşlarının saxla tələbini yerinə yetirməmiş, avtomobili yüksək sürətlə təhlükəli manevrlər etməklə, həmçinin ani sürətləndirmək və tormozlamaqla uzun müddət idarə etmiş, həmin vaxt digər şəxslərə və avtomobillərə təhlükə yaratmış və yalnız YPX avtomobilləri qarşısını kəsdikdə saxlamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 01:10-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə olunmuş vəsiqədən görünür ki, Şəxs müharibə veteranıdır. İnziabti xəta haqqında işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibi yaranmamışdır. Belə ki, işin halları ilə təsdiq edilir ki, Şəxs nəqliyyat vasitəsini idarə edərkən polis əməkdaşının saxla tələbinə əməl etməmişdir. Bu isə İXM-nin 535.1-ci maddəsinin tərkibini yaratmır. Bunun üçün xüsusi norma mövcuddur. nəqliyyat vasitəsini idarə edərkən polis əməkdaşının saxla tələbinə əməl etməməyə görə İXM-nin 327.3-cü maddəsinin tərkibi yaranır və həmin maddə YPX inspektoru tərəfindən tərtib edilmiş protokolda göstərilmişdir. Nəzərə almaq lazımdır ki, Şəxs saxlanıldıqdan sonra heç bir tabesizlik etməmişdir. Onun tabesizliyi yalnız nəqliyyat vasitəsini idarə edərkən saxla işarəsinə əməl etməməsi olmuşdur ki, qeyd edildiyi kimi bunun üçün də xüsusi norma mövcuddur. Bu səbəbdən də onun barəsində İXM-nin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə həmçinin hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübut edilmiş Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən də onun barəsində təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməsini, əməlindən peşmanlığını və müharibə veteranı olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdırıcı halın isə olmamasını nəzərə alır və hesab edir ki, onun barəsində İXM-in 511.1.3-cü maddəsinin sanksiyası həddində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməli və cərimənin məbləği müəyyən edilərkən bir gün müddətində izniabti qaydada tutulması nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X2 tərəfindən göstərilmiş hüquqi yardım üzrə sərf edilmiş 3 saat görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Bürosunun hesabına köçürülsün. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 53, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Vəkil X2 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar