Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-928/2025 16.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X13 Yadigar qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs – Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin sahə rəisi, polis leytenantı X9, Zərərçəkmiş şəxs – X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Qobustan rayonu, Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 11:00-da Sumqayıt şəhəri, 34cü məhəllədə yerləşən “Günel” gözəllik salonunda Cəvahir adlı xanıma əl zərbəsi endirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılmaq üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin sahə rəisi, polis leytenantı X12 izahatında göstərdi ki, hər iki xanım barəsində İXM-nin 157-ci maddəsi ilə icraatına material daxil olmuşdur. Hadisə Sumqayıt şəhəri, 34-cü məhəllə “Günel” gözəllik salonunda dırnaq aparatına görə baş vermişdir. Buna görə də xanımlar məhkəməyə gətirilmişdir. Tərəfindən tərtib edilmiş protokolu müdafiə edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, özünü təqsirli bilmir. Hadisə 09 fevral tarixində baş vermişdir. Qeyd olunan salonda o da dırnaq ustası kimi fəaliyyət göstərir. Bir gün öncə ona zəng vurularaq deyilir ki, xanımın aparatı xarabdır, səhər salona yaxınlaşın. O, yaxınlaşıb aparatın kimin olduğunu, aparatı kimin qırdığını soruşduqda xanım ona sərt şəkildə “sən qırmısan” deyə bildirmişdir. O da xanıma əgər o qırmışdırsa sübut etməsini, salonda üç kamera olduğunu, əgər o, qırmışdırsa alıb ona qaytaracağını bildirmişdir. Bu söhbət zamanı xanım onun üzərinə hücum çəkir, ona nalayiq ifadələr işlədir, boynundakı boyunbağını qırır. O da sadəcə özünü müdafiə məqsədi ilə xanımdan tutmuşdur, çünki epileptik xəstədir və başını qorumaq məcburiyyətindədir, başından zərbə alacağı təqdirdə qıcolma keçirə bilər. Xanım onun üzərinə hücum edib boynundan tutub digər əli ilə onu vurmaq istədikdə o, xanımı tutaraq arxaya itələmişdir. O, xanıma xəsarət yetirməmişdir, sadəcə həmin vaxt dırnaqları uzun olduğundan ola bilsin ki, onu itələyən zaman dırnağı boynuna dəymiş ola bilər. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xətaya dair iş üzrə zərərçəkmiş şəxs X3 izahatında göstərdi ki, qeyd olunan salonda birlikdə işləyirlər. Axşamdan stolunu və aparatı təmizləyərək getmiş, səhər tezdən müştərisi olduğu üçün gəldikdə stolunda iş görüldüyünü və stolun toz olduğunu, həmçinin aparatın işləmədiyini görmüşdür. O, stolunda kimin işlədiyini soruşduqda ona Nurhəyatın işlədiyini demişlər. Xanımın adının Aynur olduğunu bilməmişlər, o, hər kəsə adının Nurhəyat olduğunu demişdir. O, aparatın onun şəxsi aparatı olduğunu, nə üçün icazəsiz istifadə etdiyini demişdir. Bundan sonra müdiriyyət Aynura zəng edərək Cəvahirin aparatını xarab etdiyini bildirmiş, Aynur da onun etmədiyini bildirmişdir. Həmin gün salonun kamerası çəkmiş, lakin onun stolunun yarısı düşmüş, tam görünməmişdir. Lakin salonda olan xanımlar da təsdiq etmişlər ki, Aynur onun masasında əyləşib işləmiş və aparatını xarab etmişdir. Özü də müdiriyyət də ona desə də, Aynur özündən razı şəkildə onun etmədiyini, sadəcə guya onun Aynura təzə aparat aldırmaq istədiyi üçün belə dediyini bildirmişdir. O da bu sözə görə əsəbləşmişdir. Səhərisi gün müştəri ilə işləyən zaman Aynur salona gəlmiş, söz mübahisələri yaranmış, özlərini müdafiə etmişlər. Həmin gün Aynurun dırnaqları uzun olmamışdır. Hər ikisi də bir-birini vurmuşdur. Həmçinin xəsarət yalnız boynunda deyildir, ekspertiza rəyində də göstərilmişdir ki, bədənində göy izlər var idi. Videogörüntülərdə də davaları əks olunmuşdur. Aynur polis bölməsinə gedərək ondan şikayət etmiş, o, polis bölməsində Aynurdan üzr də istəmişdir, lakin ziyanı ona dəymişdir. Aynur ona hədiyyə olunan 300 manat dəyərində saatını qırmış, aparatını da xarab etmişdir. O, öz aralarında həll etmək istəsə də Aynur işin məhkəmədə həll olunmağını tələb etmişdir. O, məhkəmə tərəfindən cərimə olunmuşdur, buna görə onun da cərimə olunmasını məhkəmədən xahiş edir. İş materiallarından görünür ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis kapitanı X8 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərar qəbul edilmiş, qərarın surəti həmin fakt üzrə AR İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan, inzibati xəta törətmiş Şəxs və X4 barəsində inzibati tənbeh tətbiq edilməsindən ötrü Sumqayıt ŞPİ-nin 4-cü PB-nə göndərilmiş, X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati tənbeh tədbirlərinin görülməsindən ötrü Sumqayıt ŞPİ-nin 4-cü PB-nə göndərilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 196 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, X1 bədəni üzərində “boynun, sol saidin sıyrıqları, sağ bazunun qançırı” xəsarəti vardır. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 3-5 gün əvvəl olmaqla, xx.xx.2025-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan diskdəki videogörüntülərdən görünür ki, qadın salonunda müştəri ilə işləyən X3 və Şəxs söz mübahisəsi edir, daha sonra X3 ayağa qalxaraq Şəxs üzərinə hücum çəkir, onun boynundan tutaraq onu vurur, Şəxs da əli ilə onu vurur, daha sonra salonda olan digər xanımlar onları ayırır və Şəxs mobil telefonu götürüb kiməsə zəng edərək salondan çölə çıxır. Beləliklə, Şəxs əməli məcmu qaydasında məhkəmədə araşdırılan hallarla sübuta yetirilir və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, Şəxs ifadəsində X2 xəsarət yetirmədiyini qeyd etməsi özünü müdafiə xarakteri daşımaqla zərərçəkmiş şəxsə xəsarət yetirməsi keçirilmiş məhkəmə-tibbi ekspertizası, təqdim edilmiş videogörüntülər və iş materiallarına əlavə edilmiş digər sənədlərlə sübuta yetirilir və xəsarətlərin həmin gün yarandığı təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını alma məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs məsuliyyətini ağırlaşdıran halların olmamasını, şəxsiyyətini, təqsirinin dərəcəsini, törədilmə şəraitini nəzərə alır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300,00 (üç yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-928/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-928/2025
16.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver