Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-929/2025 16.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs-Sumqayıt ŞPİ 4-cü Polis Bölməsinin sahə rəisi X2, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs, onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən Şəxs xx.xx.2025-ci il tarixdə saat 11:00 radələrində Sumqayıt şəhər, 34-cü məhəllə ərazisində yerləşən “Günel” gözəllik salonunda Aynur adlı qadına əl zərbəsi endirməsi ilə əladəqar Şəxs barəsində İXM 157-ci maddəsi ilə MN ******* №li, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş və toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş 4-cü PB-nin sahə rəisi Cəlil Rəhimli tərtib etdiyi protokola uyğun izahat verərək məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, qarşılıqlı xəsarətlər yetirildildiyi üçün hər iki şəxs barəsində İXM-nin eyni maddəsi ilə ayrı-ayrı protokollar tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib edilmiş protokol üzrə özünü təqsirli bilərək göstərdi ki, təxminən 1 aya yaxın müddətdir ki, Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən “Günel” gözəllik salonunda dırnaq ustası kimi faəliyyət göstərir. Hadisə baş verməmişdən bir neçə gün öncə, həmin salonda Aynur adlı qadın dırnaq ustası kimi fəaliyyətə başlamışdır. Belə ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 14:00 radələrində o, salonda işini yekunlaşdırıb oradan çıxıb getmişdir. xx.xx.2025-ci il tarixdə saat 10:00 radələrində işə gəldikdən sonra ona məxsus masada özünün “Stronq” adlı dırnaq düzəltmək üçün istifadə etdiyi cihazın işlədildiyini, nəticədə həmin cihazın xarab olduğunu müəyyən etmişdir. Orada işləyən işçilərdən bu barədə soruşduqda yeni işçi olan Aynurun onun icarə əsasında işlətdiyi masada iş görməsini ona bildirmişlər. Qeyd edir ki, həmin gün salonun müdirəsi Günel adlı şəxs axşam saatlarında Aynura zəng edərək həmin aparatdan istifadə edib etmədiyini soruşmuş, lakin sonuncu həmin aparatdan istifadə etmədiyini bildirmişdir. Qeyd edir ki, xx.xx.2025-ci il tarixdə saat 10:00 radələrində işə getmiş, masasında müştəriyə xidmət göstərərkən təxminən saat 11:00 radələrində Aynur işə gəlmiş, ona yaxınlaşaraq aparatı xarab edən şəxsi tapıb-tapmadığını soruşmuşdur. O, Aynurdan “aparatı sən xarab eləmisən?” deyə soruşduqda, Aynur ona “sənin aparatına qalmışam?” deyə cavab vermişdir. Aynurun bu sözündən əsəbləşib Aynurun üzərinə getmiş, onun boğaz və sol çiyin nahiyyəsinə tutaraq sonuncuya əl zərbəsi endirmişdir. Aynurda həmin vaxt onun boğaz nahiyyəsinə əl zərbəsi endirmiş, bir-birini qarşılıqlı vurmuşlar. Mübahisə zamanı sol qolunun üzəri cızılmış, qolunda olan saat kəmər hissəsindən sınıb yerə düşmüşdür. Zərəçəkmş şəxslər barışmağa cəhd etsə də, qarşı tərəf onunla barışmamışdır. Subaydır, himayəsində 3 oğlu var, əməlində peşmandır, bir daha belə əməllərə yol verməyəcəyinə söz verir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, hadisə baş verməmişdən təxminən 4 gün öncə Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən “Günel” gözəllik salonunda dırnaq ustası kimi faəliyyətə başlamış, həmin vaxt salonda Cəvahir adlı qadında işləmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə salonun müdirəsi Günel adlı qadın ona zəng edərək Cəvahirin ona məxsus “Stronq” adlı cihazını işlədib-işlətmədiyini soruşmuş, o, həmin vaxt cihaza toxunmadığını bildirmişdir. Qeyd edir ki, növbəti gün yəni xx.xx.2025ci il tarixdə saat 11:00 radələrində o, salona getmiş, salona daxil olan zaman “Cəvahirə cihazı sındıran şəxsi tapdın” deyə soruşmuşdur. Cəvahir ona “sən sındırmısan” deyə cavab vermişdir. Bundan sonra o, Cəvahirə “sübut elə həmin cihazı alım sənə verim” deyə cavab demişdir. Cəvahir bundan əsəbləşib onun üzərinə hücum edərək, onun boğaz nahiyəsinə əli ilə zərbə endirmiş, sol çiyin nahiyyəsini dırnağı ilə cızmışdır. O, hadisə vaxtı özünü müdafiə etmək üçün Cəvahirin boyun nahiyyəsindən tutaraq, özünü müdafiə etməyə çalışmışdır. Həmin vaxt Cəvahirin boyun nahiyyəsinin cızmasını istisna etmir. Mübahisə zamanı onun qızıl boyunbağısı qırılmışdır. O, Şəxs şikayətçidir, onunla barışmamışdır, 3 aydır ki işsizdir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil məhkəmədən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin səmimi peşmançılığını, himayəsində azyaşlı övladının olmasını qərar qəbul edərkən nəzərə alınmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 4-cü PB-nin təhqiqatçısı, polis kapitanı Kənan Hacıyev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs və Zərərçəkmiş şəxs əməlində İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğu üçün qərarın surəti aidiyyatı üzrə tədbir görülməsi üçün 4-cü PB-nə göndərilmişdir. MTE və PA X5 Şəxsindən daxil olmuş 196 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyindən aydın olur ki, Şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: boynun, sol saidin sıyrıqları, sağ bazunun qançırı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 3-5 gün əvvəl olmaqla xx.xx.2025-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə iclasında təqdim edilmiş 01 ədəd diskdə olan videogörüntüyə tərəflərin iştirakı ilə baxış keçirilərkən hadisənin həqəqətən də, inzibati xəta haqqında protokolda təsvir edildiyi formada baş verdiyi bir daha öz təsdiqini tapmışdır. Elektron məhkəmə informasiya sistemindən görünür ki, Şəxs subaydır, xx.xx.2006-cı il təvəllüdlü X3 adlı və xx.xx.2011-ci il təvəllüdlü X1 adlı iki övladı var. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində protokol tərtib edilmiş şəxsi, zərəçəkmiş şəxsi, iş materiallarına əlavə edilmiş sübutları tədqiq edərək hesab edir ki, Şəxs təqsirliliyi tam sübuta yetirilir. İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinməli, inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, hadisə vaxtı çəkilmiş videogörüntüdən görünür ki, Şəxs ilə zərəçəkmiş şəxs arasında salonda sözlü mübahisə yaranır, Şəxs zərəçəkmiş şəxsin ünvanına nalayiq ifadələr işlədərək, işlədiyi stuldan qalxıb sonuncunu üzərinə gedib ona əl zərbələri yetirir, bu zaman salonda olan şəxslər onları aralamağa çalışırlar. İXM-nin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən İXM-nin 157-ci inzibati tənbeh tətbiq edilməsi rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin məcəllənin 38.3-cü maddəsinə əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin məcəllənin 39.1-ci maddəsinə əsasən Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Şəxs şikayətçi olduğunu, onunla barışmayacağını bildirmişdir. Məhkəmə Şəxs əməlindən peşman olmasını, himayəsində bir azyaşlı olmaqla iki övladının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş sahə rəisi Cəlil Rəhimli ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İXM-nin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, törədilən inzibati xətanın xarakterini, himayəsində bir azyaşlı övladının olmasını, əməlindən peşman olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona məhz cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını məqsədə müvafiq hesab edir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-929/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-929/2025
16.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver