Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-937/2025 17.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Sumqayıt ŞPİ-nin X3 Şöbəsinin YPX inspektoru, polis sejantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.2001-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Sumqayıt şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 511.1.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-nin 511.1.1-ci maddəsi ilə tərtib edilmiş 07 aprel 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 20:30 radələrində Sumqayıt şəhəri ərazisində “Daewoo Gentra” minik markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı həyata keçirmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt ŞPİ-nin X3 Şöbəsinin YPX inspektoru, polis sejantı Zaur Vəliyev izahatında bildirdi ki, 07 aprel 2024-cü il tarixdə xidmətdə olarkən Azərbaycan küçəsində 2 avtomobilin yüksək sürətlə hərəkət etdiyini görmüşdür. Avtomobillərdən xeyli uzaqda olduğundan onların ancaq stop işıqlarını görmüşdür. Avtomobillər M.Hüseynzadə və H.Əliyev küçələrində işıqforun qadağanedici işığında keçərək, açıq-aşkar surət yarışı keçirmişlər. Qeyd edir ki, surət yarışı Travmatologiya xəstəxanasına kimi keçirilmişdir. Bundan sonra onları görə bilməmişdir. Bildirir ki, “Daewoo Gentra” minik markalı avtomobilin sürücüsü Şəxs prospekt boyu qanunun tələbini pozmuş, işıqforun qadağanedici işığından keçmiş, qarşı hərəkət zolağına çıxmış qanunazid hərəkətlərini davam etdirmişdir. Şəxs idarə etdiyi avtomobili həmin vaxt saxlatmaq və cərimə meydançasına yerləşdirmək mümkün olmamışdır. Bundan bir neçə gün sonra onun şəxsiyyəti müəyyən edilərək şöbəyə dəvət edilmiş, izahatı alınmış barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü etmiş olduğu qayda pozuntusu ilə təqsirli bilərək izahatında göstərmişdir ki, “Daewoo Gentra” minik markalı avtomobil dostunun mülkiyyətində olmuşdur. O, həmin avtomobili etibarnamə əsasında idarə etmişdir. Qeyd edir ki, həmin gün Sumqayıt şəhəri əşya bazarı tərəfdən Simurq restoranı istiqamətində hərəkətdə olarkən “BMW F 30” minik markalı avtomobilin sürücüsü işıq cihazları ilə ona yoldan kənarlaşması barədə işarə vermiş, hətta sükanı qəfildən onun idarə etdiyi avtomobilin üzərinə çəkmişdir. Bundan sonra o, həmin avtomobili ötüb keçmiş, lakin, həmin avtomobil onun arxasınca hərəkətini davam etmişdir. Hadisə vaxtı təxminən 80 km/saat sürətlə hərəkət etmişdir. Həmin vaxt o, həqiqətən də işıqforun qırmızı işığından keçmiş, qarşı hərəkət zolağına çıxmışdır. Qeyd edir ki, o, yolda hərəkətdə olarkən YPX əməkdaşını görməmişdir. O, dostunun yanına tələsdiyi üçün avtomobili o cür idarə etmişdir. Sonda o, qalib gəlmiş, həmin avotmobili keçərək uzaqlaşmışdır. Əməlindən peşmandır. Həçinin bildirir ki, "Vətən müharibəsi” iştirakçısıdır, hərbi xidmətdlərinə görə medallarla təltif edilmişdir. Göstərilən halları nəzərə alaraq barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil çıxışında qeyd etdi ki, hüquqlarını müdafiə etdiyi şəxsin səmimi peşmançılığını, himayəsində iki azyaşlı övladının və "Vətən müharibəsi” iştirakçı olmasını nəzərə alaraq sonuncu barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb hesab edir ki, Şəxs İXM-nin 511.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz etirafı ilə yanaşı, inzbati xəta haqqında protokolu tərtib etmiş YPX inspektorunun izahatları, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş video görüntü, həmçinin iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, İş materiallarına əlavə edilmiş DVD diskdə olan video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, “Daewoo Gentra” minik markalı, **-CT- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü işıqforun qadağanedici işıqlarından keçərək, qarşı hərəkət zolağına çıxmış, digər hərəkət iştirakçılarının hərəkətinə maneə maneə törətmiş, yaşayış məqtəqəsində yol verilən hərəkət sürətini aşaraq digər avtomobillə surət yarışı etmişdir. Şəxs “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. Elekton Məhkəmə İnformasiya Sisteminə baxış zamanı müəyyən olunmuşdur ki, Şəxs “Vətən müharibəsi” iştirakçısıdır və buna görə 80 manat məbləğində pensiya alır. Elektron məhkəmə informasiya sistemindən görünür ki, Şəxs evlidir, himayəsində xx.xx.2023-cü il təvəllüdlü Pınar Əhmədova və xx.xx.2024-cü il təvəllüdlü Tunar Əhmədov adlı iki azyaşlı övladı var. Məhkəmə hesab edir ki, Şəxs İXM-in 511.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və inzibati məsuliyyətdən azad edilmə üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən də o, təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 511.1.1-ci maddəsinə əsasən aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməlindən peşman olmasını, himayəsində iki ayaşlı övladının olmasını, “Vətən müharibəsi” iştirakçısı olmasını İXM-nin 32 maddələrinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, onun şəxsiyyətini, xüsusilə “Vətən müharibəsi” iştirakçısı olmaqla Azərbaycan respublikasının ərazi bütovlüyünün bərpa edilməsi uğrunda gedən döyüşlərdə iştirak etməsini, törədilən inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 511.1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi məqsədə müvafiqdir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmiş, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 01 (bir) il müddətə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-937/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-937/2025
17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver