Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-938/2025 17.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Mehralı Aytac İsrayıl qızının katibliyi ilə, Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi Kənan Məmmədovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, bələdçi işləyən, Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokollara və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi Kənan Məmmədov izahatında göstərmişdir ki, Şəxs Sumqayıt şəhəri, Mehdi Hüseynzdə adına olan stadionun yaxınlığında, saat 23:45 radələrində saxlanmış və üzərində 2,667 qram narkotik vasitə olan marixuana aşkar edilmişdir. Götürülən narkotik vasitə qablaşdırılaraq Şəxs ilə birlikdə PB-yə təmin edilmişdir. Qeyd edilənlərə əsasən protokol tərtib etmiş şəxs protokol üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə həvalə etdiyini bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, Sumqayıt şəhəri, Mehdi Hüseynzadə adına olan stadionun yaxınlığında üç nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmış və onun üzərindən narkotik vasitə olan marixuana aşkarlanmışdır. O, narkotik vasitəni Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almışdır. O, bir ilə yaxındır ki, narkotik vasitədən istifadə edir. O, əvvəllər heç vaxt məhkum olunmamış və barəsində inzibati tənbeh tətbiq edilməmişdir. Həmçinin, əməlindən peşman olduğunu nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili X4 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs törətdiyi əməli etiraf edir və əməlindən peşmandır. Onun şəxsiyyətini mənfi xarakterizə edən hal yoxdur. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis kapitanı X3 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs Sumqayıt şəhəri, Mehdi Hüseynzdə adına olan stadionun yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılmış, onun üzərindən içərisində narkotik vasitə sayılan qurudulmuş marixuanaya bənzər bitki kütləsi olan 01 ədəd qara rəngli sellofan büküm aşkar edilərək götürülmüş, götürülən narkotik vasitə qablaşdırılaraq sonuncu ilə birlikdə PB-yə təmin edilmişdir. İş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, lakin onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın olması səbəbindən material aidiyyəti üzrə Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə göndərilmişdir. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 23:45-də tutulmuşdur. Şübhəli şəxsin MSY-dən azad edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Şəxs şübhəli şəxs statusuna xitam verilməklə, o, dərhal azad edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 20/201 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş: AR DİN “Zərflər üçün № 128” möhür əksi, “X2 üzərindən aşkar olunan maddə; Saxlanılan şəxs: /imza/ X8; Müdafiəçi: /imza/ X9 Tərtib etdi: /imza/X5, əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 2,667 qram olan bitki mənşəli tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata qəbul edildi 2,667 qram; nümunə götürüldü 0,03 qram; 2,637 qram kütlə geri qaytarıldı. Ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat müəyyən edilmişdir. Əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair xx.xx.2025-ci il tarixli protokol və həmin yoxlama zamanı qeydə alınmış videogörüntü məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, Şəxs Sumqayıt ŞPİ-nin 4-cü PB-yə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanılması və gəzdirilməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı xx.xx.2025-ci il tarixdə, saat 23:45 dəqiqədə Sumqayıt şəhəri, Mehdi Hüseynzdə adına olan stadionun yaxınlığında saxlanılmış, ona hüquq və vəzifələri, müdafiəçiyə malik olmaq hüququ izah olunmuş, üstünü yoxlama və götürmə aparılmasından əvvəl Şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, təklifdən sonra Şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd qara rəngli sellofan bükümdə olan maddəni təqdim etmiş, daha sonra həmin kütlə elektron tərəzidə çəkilərək, qablaşdırması ilə birlikdə çəkisi 2,88 qram olması müəyyən edilmiş, həmin kütlə qablaşdırılaraq, saxlanılan şəxs Şəxs və əməliyyat müvəkkili K.Osmanov tərəfindən imzalanmışdır. Suallara cavab olaraq üzərindən aşkar olunmuş həmin kütləni Novxanı qəsəbəsi ərazisində, tanımadığı şəxsdən 50 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Şəxsi axtarış və təqdim olunan əşyalara baxış keçirilməsi zamanı qeydə alınmış video görüntü məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, Şəxs hüquq və vəzifələr barədə bildiriş və müdafiəçiu təqdim olunmuş, vəkilin iştirakı ilə və Şəxs icazəsi ilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarışa əvvəl ondan üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş maddi sübutun olub-olmadığı soruşulan zaman , Şəxs üzərində heç bir qanunsuz predmetin olmadığını bildirmişdir. Onun üzərinə şəxsi axtarış keçirilmiş, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir predmet aşkar edilməmişdir. Bundan sonra təhqiqata təqdim edilmiş 01 ədəd zərf açılaraq içərisindən 01 ədəd büküm aşkar edilmişdir. Həmin büküm tərəziyə qoyulmuş, sellofan ilə birlikdə çəkisinin 2,88 qram olması müəyyən edilmişdir. Sorğu zamanı Şəxs bildirmişdir ki, onun üzərindən aşkar olunan həmin kütləni Novxanı qəsəbəsində olan zaman tanımadığı şəxsdən 50 manata şəxsi istifadəsi üçün almış və üzərində saxlamışdır. Şəxs üzərindən aşkar olunmuş həmin kütlə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırılmış və möhürlənmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2145 nömrəli rəydən görünür ki, Şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. İnzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 17:30-da tutulmuş, xx.xx.2025-ci il tarixdə, saat 16:00-da azad olunmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi öz etirafı ilə yanaşı digər iş materialları ilə də tam sübuta yetirilir. İş üzrə Şəxs məsuliyyətini istisna edən və məsuliyyətdən azad edilmə üçün hallar mövcud deyil. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf edərək özünü təqsirli bilməsini və əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirilən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməli və onun barəsində inzibati cərimənin həddi müəyyən edilərkən İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən bir gün müddətə inzibati qaydada tutulması da nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 2145 nömrəli rəyinə əsasən Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməklə o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, həmçinin hesab edir, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsinə görə dövlət hesabına təyin edilmiş vəkilin işlə tanış olduğu və məhkəmədə iştiak etdiyi ümumilikdə 3 saat müddətə müvafiq məbləğ hesablanaraq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçrülüməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati qaydada tutulduğu 01 (bir) gün müddət İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən nəzərə alınaraq 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsində saxlanılan keçirilmiş ekpertiza tədqiqatından sonra qalıq qalmış 2,637 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza xərci dövlətə aid edilsin. Vəkil X4 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-938/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-938/2025
17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver