Məhkəmə qərarları › İş №3(060)-940/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-940/2024

21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-940/2024 21.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, sürücü işləyən, Sumqayıt şəhəri, Təzə Kotec qəsəbəsi, 14-cü məhəllə, ev 134-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında 08 aprel 2024-cü il tarixli İXP6162984 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt ŞPİ X2 Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 62.4 və 112.1.4-cü maddələrində işə protokol tərtib etmiş orqanın nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, o, 19 mart 2024-cü ildə “Toyota Prius” markalı **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri Koroğlu küçəsi ilə idarə edərkən Sülh küçəsində svetoforun qırmızı işığında gözləmiş, yaşıl işıqda hərəkətini davam etdirən zaman qarşında digər nəqliyyat vasitəsi manevr etmiş və hadisə baş vermişdir. Onun hərəkət sürəti 10-20 km/ saat olmuş və digər nəqliyyat vasitəsini 10-15 metr məsafədən görmüşdür. O zənn etmişdir ki, həmin nəqliyyat vasitəsi yola daxil olmayacaq ona görə ilk anda dayanmamışdır. Göstərilən halları nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Şəxs məhhkəmə iclasında özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi təhqiqat zamanı verdiyi etiraf edici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, tibbi rəy və digər iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 08 aprel 2024-cü il tarixli İXP6162984 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs “Toyota Prius” markalı **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkət qaydalarını pozaraq yolnəqliyyat hadisəsi törətmiş, nəticədə Zərərçəkmiş şəxs sağlamlığına yüngül bədən xəsarəti vurmuşdur. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1-Təcrübi və Tədris Birliyinin xx.xx.2024-cü il tarixli, 485 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Döş qəfəsinin sol yan səhtinin geniş ölçülü qançırı. Qeyd edilən xəsarətlər küt əşya təsirindən törənmişlər, xx.xx.2024-cü ildə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmayə aid edilir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə, Zərərçəkmiş şəxs barəsində isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə göndərilmişdir. İş materiallarında olan Şəxs təhqiqat zamanı verdiyi izahatından görünür ki, 19 mart 2024-cü ildə “Toyota Prius” markalı **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri Koroğlu küçəsi ilə idarə edərkən Sülh küçəsində svetoforun qırmızı işığında gözləmiş, yaşıl işıqda hərəkətini davam etdirən zaman qarşında digər nəqliyyat vasitəsi manevr etmiş və hadisə baş vermişdir. Onun hərəkət sürəti 10-20 km/ saat olmuş və digər nəqliyyat vasitəsini 15-16 metr məsafədən görmüşdür. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Göründüyü kimi iş üzrə ilkin araşdırma zamanı hər iki sürücünün qarşılıqlı təqsiril müəyyən edilmiş, Şəxs ona görə təqsirli hesab edilərək barəsində protokol tərtib edilmişdir ki, təhlükəni gödüyü vaxtdan və məsafədən (15-16 metr məsafə) 10-20 km/saat sürətlə idarə etdiyi nəqliyyat vasitəsini tam dayanma həddinə qədər azaltmağa texniki imkanı olduğu halda, bunu etməmiş, hərəkətini davam etdirmiş və nəticədə yolnəqliyyat hadisəsi baş vermişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar