Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-940/2025 08.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi və inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin inzibati xəta haqqında 18 mart 2025-ci il tarixli, MN ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə Müəyyən etdi: Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolda qeyd edilir ki, xx.xx.2025-ci il tarixində anbar sahəsində yanğın texniki müayinə zamanı obyektdə bir sıra yanğın təhlükəsizliyi qaydalarının pozulması faktları aşkar olunmuşdur. Belə ki, YTQ 01-2001 b4.1-4.17, b6.1-6.10, b10-10.4, b7.1-7.19, 7.18 qaydaları pozulmuş, bu səbəbdən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 518.1-ci maddəsinə əsasən tərtib olunmuş, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin DYNŞnin inspektoru və nümayəndəsi Əliağa Nağıyev izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Ədliyyə Nazirliyi tərəfindən verilmiş çıxarışa əsasən "xxxx" MMC-nin ünvan 1 ünvanında yoxlama keçirmişlər. Lakin orada olarkən müəyyən olunmuşdur ki, həmin ərazidə "xxxx" MMC deyil, Şəxs MMC fəaliyyət göstərir. Çıxarışın qüvvədə olduğu müddətdə yəni xx.xx.2025-ci il tarixdə həmin ünvana yoxlamaya getmiş, lakin yoxlayıcılar əraziyə buraxılmamışlar. Onlar həmin zavodun icarədarı Eldar Cəfərovla əlaqə saxlamış, o, gələrək onunla Nümayəndə arasında bağlanmış icarə müqaviləsini təqdim etmiş, bundan sonra özünün və işçisinin iştirakı ilə əraziyə baxış keçirmişlər. O, rəhbərliyinə məruzə edərək həmin ünvanda "xxxx" MMC-nin fəaliyyət göstərmədiyini, yerində isə 3 ay əvvəl icarə müqaviləsi əsasında Şəxs MMC-nin fəaliyyət göstərdiyini bildirmişdir. Bu səbəbdən həmin MMC barəsində protokol tərtib edilmişdir. Bildirir ki, “Yanğın təhlükəsizliyi haqında” Qanunun 25-ci maddəsinin müvafiq bəndlərinə əsasən təhlükəsizliyə nəzarət edən subyektin təhkim edilmiş ünvanda müayinələr aparmağa icazəsi vardır. Yoxlama zamanı obyektin yanğın xəbərverici siqnalizasiya sistemi ilə təmin olunmadığı, elektrik naqilləri uclarının pərakəndə şəkildə bir-birinə bağlandığı, obyektin otaqlarının normaya uyğun saxlanılmadığı, obyektin odsöndürən alət və ləvazimatlarla təmin olunmadığı aşkar edilmişdir. Məhkəmə iclasında Əliağa Nağıyev ona ünvanlamış suallara cavab olaraq bildimişdir ki, obyektin otaqlarının normaya uyğun saxlanılmaması ilə bağlı hər hansı sübutları yoxdur. Od söndürən balonlarla bağlı qeyd edir ki, od söndürən balonlar yalnız lisenziyası olan təşkilatlardan alındığı halda bu qaydalara uyğun hesab edilir. Qaimədə balonların sayı və hansı müəssisəyə təqdim olunması barədə qeydlər qeyd edilir. Elektrik naqillərinin EQQQ-na uyğun quraşdırılması ilə bağlı "xxxx" ASC və özəl şirkətlər tərəfindən sınaq protokolu alınmalı olduğu halda bu alınmamışdır. Tərtib edilmiş protokolu müdafiə edir, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru Nümayəndə izahatında özlərini İXM-nin 518.1-cü maddə ilə təqsirli bilmədiyini bildirərək qeyd etmişdir ki, o, adı çəkilən müəssisənin direktoru vəzifəsində çalışır. Direktoru olduğu müəsisəsi həmin ərazini icarəyə götürməmişdən öncə "xxxx" MMC ilə Dövlət Yanğın Nəzarəti Xidməti arasında mübahisələr olmuşdur. Təmsil etdiyi müəssisə 2023-cü ilin noyabr ayında təsis edilmiş, müxtəlif yerlərdə fəaliyyət göstərmişdir. Həmin vaxtdan o, MMC-yə direktorluq edir. MMC dövlət sifarişləri əsasında metal konstruksiyalar istehsal edir. MMC ilə "xxxx" ASC arasında həmin ərazinin icarəyə götürülməsi ilə bağlı 08 yanvar 2025-ci il tarixdə icarə müqaviləsi bağlanmış, lakin MMC həmin ərazidə mart ayında fəaliyyətə başlamışdır. Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən xx.xx.2025-ci il tarixdə yoxlama keçirilən zaman, o şəxsən iştirak etməmişdir. Daha sonra icarəyə verən Eldar Cəfərov ona yoxlamanın keçirilməsi ilə bağlı məlumat versə də nöqsanlarla bağlı heç bir məlumat verməmişdir. Məhkəmə iclasında Nümayəndə ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, direktoru olduğu MMC-nin yanğınsöndürən balonları olmasaydı MMC ayrı-ayrı dövlət orqanlarının sifarişlərini yerinə yetirməsi üçün işə cəlb edilməzdi. Yanğınsöndürən balonları "xxxx" MMC-dən aldıqlarını bildirmişdir. Obyektdə yanğın xəbərverici siqnalizasiya sistemi ilə təmin olunmamasına münasibətdə bu öhdəliyin obyekti icarə verən Eldar Cəfərov tərəfindən təmin edilməli olduğunu bildirmişdir. Obyektdə ümumiyyətlə bu sistemin mövcud olmadığını, obyektin yanğına qarşı su ilə təmin olunmamasının birbaşa aid iş olmadığını qeyd edir. İnzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin iş üzrə icraatına xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki, FHN DYNX-nin 0511 saylı, xx.xx.2025-cü il tarixli “Yanğın-texniki müayinənin aparılması” haqqında qərara əsasən Sumqayıt şəhəri, Metallurq küçəsi, ev 125-də yerləşən Şəxs MMC xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək plan üzrə (növbəti) yoxlama aparılması qərara alınmışdır. AR Ədliyyə Nazirliyi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Şəxs MMC-də qərarda qeyd edilən müddətdə plan üzrə (növbəti) yoxlama aparılması məqsədilə xx.xx.2025-ci tarixli, KY ********* nömrəli Çıxarış əldə edilmişdir. “Yanğın-texniki müayinə” haqqında xx.xx.2025-ci il tarixli, 0511 saylı akta əsasən Şəxs MMC-yə məxsus obyektin elektrik təsərrüfatı EQQQ-na uyğun quraşdırılmamış, obyekt ilkin odsöndürən alət və ləvazimatlarla təmin olunmamış, obyekt avtomatik yanğın xəbər vericisiqnalizasiya sistemi ilə təmin olunmamış, obyektin otaqları normaya uyğun saxlanılmamış, obyekt yanğına qarşı su ilə təmin olunmamışdır. Bu barədə “Yanğın-texniki müayinə materiallarına baxılmasının nəticələri üzrə” xx.xx.2025-ci il tarixli, 0511 nömrəli qərar qəbul edilmişdir. Həmçinin inzibati işin materiallarına inzibati xətanın törədilməsini əks etdirən 02 ədəd fotoşəkil əlavə edilmişdir. xx.xx.2025-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarədar "xxxx" Asc ilə icarəçi Şəxs MMC arasında xx.xx.2025-ci il tarixədək müqavilə bağlanmışdır. Həmçinin müqavilənin 7.1.5-ci bəndinə əsasən sahənin sanitar-gigiyena, texniki təhlükəszilik və yanğından mühafizə normalarının yerinə yetirilməsinə eyni zamanda ətraf mühitin mühafizəsi qanunvericliyinin tələblərinin yerinə yetirilməsinə bilavasitə İcarəçi məsuliyyət və cavadehliyi öz üzərinə götürmüşdür. İqtisadiyyat Nazirliyi tərəfindən Yanğın.Az MMC-ə yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası üçün xüsusi lisenziya verilmişdir. 14 mart 2025-ci il tarixli anbara giriş-çıxış qaiməsindən görünür ki, "xxxx" MMC-nin ünvanına Yanğın.Az MMC-dən ümumi 3 ədəd olmaqla 6 kiloqramlıq yanğınsöndürən balonlar göndərilmişdir. İXM-nin 518.1-ci maddəsinə görə mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. “Yanğın təhlükəsizliyi haqqında” xx.xx.2001-ci il tarixli qaydalara əsasən Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları Azərbaycan Respublikası ərazisində yanğın təhlükəsizliyi tələblərini müəyyən edir. Bu qaydaların tələblərinə riayət edilməsi təşkilatı hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq, bütün dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları, təşkilatlar, müəssisələr, birliklər, digər hüquqi şəxslər, onların vəzifəli şəxsləri Azərbaycan Respublikası vətəndaşları, xarici vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər üçün məcburidir. Həmin qaydaların 1.7-ci bəndinə əsasən hüquqi, fiziki, vəzifəli şəxslər, mülkiyyət sahibləri, mülkiyyətə sahib olmağa, ondan istifadə etməyə və ya onu idarə etməyə vəkil edilmiş şəxslər, yanğın təhlükəsizliyinin təmin edilməsinə müəyyən edilmiş qaydada təyin edilmiş şəxslər yanğın təhlükəsizliyi qaydalarının, göstərişlərin, qərarların və yanğın nəzarəti üzrə dövlət yanğın nəzarəti orqanlarının digər qanuni tələblərinin vaxtında yerinə yetirilməsini təmin etməlidirlər. Məhkəmə inzibati xəta haqında protokolu tərtib etmiş orqanın nümayəndəsini, barəsində protokol tərtib edilmiş hüquqi şəxsin direktorunu dinləyib, iş materillarına əlavə edilmiş və məhkəmə iclasında təqdim edilmiş sənədləri tədqiq edərək hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. MMC-nin məsuliyyətini istisna edən hər hansı hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə Nümayəndə məhkəmə iclasında özlərini təqsirli bilməməsi barədə verdiyi izahtına tənqidi yanaşaraq hesab edir ki, onun izahatı özünümüdafiə xarakteri daşıyır. Əslində o, MMC-ni inzibati məsuliyyətdən yayındırmaq məqsədilə bu məzmunda izahat vermişdir. Halbuki, Nümayəndə yoxlayıcılar tərəfindən aktda qeyd edilən və müəssisədə aşkar edilmiş pozuntuların aradan qaldırılmasının onu səlahiyyətində olmadığını, ərazini təzəlikcə icarəyə götürdüyünü bildirmişdir. Nümayəndə izahatında dolayısı ilə elektrik naqqillərinin EQQQ-yə uyğun çəkilmədiyini, su hovuzunun olmadığını, yanğın xəbərverici siqnalizasiya sisteminin olmadığını təsdiq edərək, müəssisəni bu şəkildə icarəyə götürdüyünü bildirmişdir. Bu hallar yoxlayıcılar tərəfindən çəkilmiş və iş materiallarına əlavə edilmiş fotoşəkillərlə bir daha öz təsdiqni tapmışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Nümayəndə yuxarıda qeyd edilən işlərin görülməsinin onun səlahiyyətinə aid olmadığını qeyd etsə də, onunla icarəyə verən arasında bağlanmış icrarə müqaviləsində həmin işlərin görülməsinin birbaşa icarəçinin vəzifə və öhdəliyinə aid olduğu müəyyən edilmişdir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 25.7-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 116.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda inzibati cərimə şərti olaraq tətbiq edilir. Həmin məcəllənin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 116.2-ci maddəsində qeyd olunur ki, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Həmin Məcəllənin 116.3-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Həmin Məcəllənin 116.4-cü maddəsində qeyd olunmuşdur ki, inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Məhkəmədə Şəxs MMC-nin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, hazırkı vəziyətdə Şəxs MMC barəsində inzibati cərimənin şərti olaraq təyin edilməsi məqsədəmüvafiqdir. İXM-nin 114.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən qəbul edilən qərarlardan biri də inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 114.1.2-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və şərti olaraq 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. Şəxs MMC-nin törətdiyi hüquqpozmanı aradan qaldırması və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinə məlumat verilməsi üçün 01 ay müddət təyin edilsin. Həmin müddətdə hüquqpozmanın aradan qaldırılmadıqda 350 (üç yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri icra edilsin. Qərarın icrası Sumqayıt şəhəri İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-940/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-940/2025
08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver