Məhkəmə qərarları › İş №3(060)-941/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-941/2024

27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-941/2024 27.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, Protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ DYPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1993-cü ildə, Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 343-1.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* №-li protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, sürücü Şəxs xx.xx.2024-cü il tarixdə, saat 11 radələrində Sumqayıt şəhəri Niyazi küçəsində nəqliyyat vasitəsinin arxa stop işıqlarını tündləşdirildiyi üçün saxlanılmış, yoxlama zamanı narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə olması barədə əsaslı şübhələr yaranmış, sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılsa da, tibbi müayinədən imtina etmişdir. Sumqayıt ŞPİ-nin X4 Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ DYPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X2 bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Sumqayıt şəhəri Niyazi küçəsində xidmətdə olan zaman “Opel Astra” minik markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün nəqliyyat vasitəsinin arxa stop işıqlarını tündləşdirdiyi üçün tərəfindən saxlanılmış, sürücüyə həmin pozuntunu yerində aradan qaldırmasını, əks halda nəqliyyat vasitəsini duracağa təmin edəcəyini bildirmişdir. Sürücüyə qayda pozuntusunu izah edərkən özünü şübhəli aparmasının şahidi olmuş, gözlərinin qızardığını müşahidə etmişdir. Bu səbəbədən o, sürücünü həkim müayinəsinə dəvət etmişdir. İlk öncə sürücü ona etiraz etmiş, heç bir qayda pozuntu törətmədiyini, müayinəyə getməyəcəyini bildirsə də, sonradan razılaşmışdır. O, nəqliyyat vasitəsinin ön sağ sərnişin oturacağında əyləşmiş, sürücüyə qarşıda olan post-patrul maşının izləyərək Narkoloji Dispanserə sürməsini söyləmişdir. Bir müddət hərəkət etdikdən sonra qarşıda olan post-patrul avtomaşının yolayrıcında sağa dönsə də, sürücü Əhmədov “Opel Astra” minik markalı avtomobili tələb edilən istiqamətdə sürməmiş, sürücünün nəqliyyat vasitəsini qaçırmaq istədiyini müşahidə etmiş, bu səbəbdən əl tormozunu çəkərək nəqliyyat vasitəsini dayandırmışdır. Sürücü həmin vaxt ona qarşı tabesizlik göstərərək nalayiq ifadələr işlətmiş, nəqliyyat vasitəsindən düşməsini tələb etmişdir. Daha sonra post-patrul əməkdaşlarının müşayiəti ilə Şəxs Narkoloji Dispanerə aparılsa da, orada olan zaman sonuncu sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən imtina etmişdir. Həmin vaxt sürücü orada polis əməkdaşlarına qarşı tabesizlik göstərmiş, Dispanserdə polis əməkdaşlarının ünvanına söyüş söymüşdür. Bu səbəbdən barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə protokol tərtib olunaraq məhkəməyə göndərilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 02 aprel 2024-cü il tarixli qərarı ilə 150 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində ciddi inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü inzibati xətanın törədilməsində təqsirli bilərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində etibarnamə əsasında idarə etdiyi “Opel Astra” minik markalı, **- EU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri Niyazi küçəsində hərəkətdə olan zaman yol polis əməkdaşları onu saxlayaraq nəqliyyat vasitəsinin arxa stop işıqlarını tündləşdiridiyini bildirərək nəqliyyat vasitəsinin duracağa təmin olunacağını söyləmişlər. O, həmin vaxt övladlarını bağçadan götürmək üçün tələsdiyini bildirmiş, pozuntunu yerində aradan qaldırmaq istədiyini, barəsində protokol yazılmasına razı olduğunu bildirsə də yol polis əməkdaşı ona məhəl qoymaraq nəqliyyat vasitəsinin duracağa getməli olduğunu, həmçinin gözlərinin qızarması səbəbi ilə ondan şübhələndiyi üçün Narkoloji Dispanserə getməli olduğunu söyləmişlər. O, nəqliyyat vasitəsini özü idarə etmiş, yol polis əməkdaşı onun yanında əyləşmişdir. Bir qədər getdikdən sonra o yenə üzlüyün yerində sökülməli olmasını, bu hərəkətlərinin insanlığa yaraşmadığını bildirdikdə polis əməkdaşı onun sözündən əsəbləşmiş və anidən avtomobilin əyləcini çəkmişdir. Bu zaman o, əsəbiləşərək polis əməkdaşına onu öldürmək istədiyi barədə sual verərək ona “rədd” ol demiş, nəqliyyat vasitəsindən düşməsini tələb edərək, heç yerə getməyəcəyini, evakuator çağırmalarını söyləmişdir. Qeyd edir ki, o, İİ qrup əlildir, iki dəfə açıq ürək əməliyyatı keçirmişdir. Daha sonra post-patrul xidməti əməkdaşları onu avtopatrula əyləşdirərək Narkoloji Dispanserə aparmış, həmin vaxt onun əlləri qandallı olmuş, həmçinin onun sinəsindən yumruqla vurduqları üçün əsəbiləşərək özündən çıxmış, heç bir analiz verməcəyini söyləmişdir. O, 1 gün PB-də MSY-də saxlanılmış, Sumqayıt şəhər Məhkəməsinin 02 aprel 2024-cü il tarixli qərarı ilə İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək 150 manat cərimə edilmiş, həmin cəriməni də ödəmişdir. Bildirir ki, polis əməkdaşları onunla intiriqaya düşmüş, onun yanında tağım komandiri Fariz adlı polis əməkdaşı rəisi Famil Qaflanova zəng edərək sürücü Şəxs narkolji dispanserdən keçmədiyini bildirərək tədbir görməsini xahiş etmişdir. Bu səbəbdən o, sonradan Famil Qaflanovun tələbi ilə narkoloji müayinədən keçmiş, narkotik vasitə istifadə etmədiyi məlum olmuşdur. Polis əməkdaşları onunla pis rəftar etdiyi, etik davranış qaydalarına riayət etmədikləri üçün özündən çıxmış, bu səbəbdən müayinədən keçməkdən imtina etmişdir. Bir daha qeyd edir ki, İİ qrup əlildir, Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasında sürücü olaraq çalışır, ailənin tək dolanacaq mənbəyi odur. Qeyd olunanlara əsasən inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. 01 aprel 2024-cü il tarixli “Raport”dan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, Niyazi küçəsində ictimai qaydanı pozmuş, həmçinin polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, müayinədən keçmək üçün Narkoloji Dispanerə aparılsa da, sürücünün sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən imtina etdiyi qeyd olunmuşdur. İş materiallarında olan Şəxs xx.xx.2024-cü il tarixli izahatından görünür ki. sonuncu polis əməkdaşlarının ona qarşı düzgün davranmadıqları üçün hər şeydən imtina etdiyini qeyd etmişdir. Məhkəmə iclasında 01 ədəd DVD diskə baxış keçirilən zaman məlum olur ki, Sumqayıt ŞPİ DYPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X2 xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri Niyazi küçəsində “Opel Astra” minik markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilə saxla əmri verilir, avtomobilin sürücüsə törətmiş olduğu qayda pozuntusu izah olunur. Video-çəkilişin davamında sürücünün nəqliyyat vasitəsini duracağa aparılmasına maneəçilik törətməsi, bu səbəbdən hadisə yerinə avto evakuasiya xidmətinin çağrılması və nəqliyyat vasitəsinin evakuator vasitəsi ilə hadisə yerindən aparılması öz əksini tapır. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(060)-723/2024 saylı qərarından görünür ki, 01 aprel 2024-cü il tarixdə baş vermiş hadisə ilə bağlı Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilmiş, sonuncunun əməlində İXM-nin 510-cu maddəsinin tərkibi olmadığı üçün onun barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, əməlində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olduğundan 01 (bir) gün müddətə inzibati qaydada tutulması nəzərə alınmaqla barəsində 150 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İXM-nin 343-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə- altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 343-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün qismən etirafedici izahatı və iş materiallarına əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Şəxs məhkəmə iclasında öz izahatında da narkoji müayinədən keçməkdən imtina etməsini etiraf etmiş, lakin bu imtinanı ona qarşı edilmiş düzgün olmayan davranışlarla əlaqələndirməyə çalışmışdır. Lakin məhkəmə hesab edir ki, Şəxs məsuliyyətdən yayınmaq və ya məsuliyyətini yüngülləşdirmək məqsədilə bu məzmunda izahat vermişdir. Belə sonuncunu İXM-nin qeyd olunan maddəsi ilə təqsirli hesab edilməsi və məsuliyyətə cəlb edilməsi biri-digərini təkzib etməyən sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İİ qrup əlil olmasını əməlini yüngülləşdirilən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt ŞPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X1 ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İXM-nin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Beləliklə, inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, sonuncu barəsində İXM-nin 343-1.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə tənbeh edilməsi məqsədəuyğundur. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343-1.1-ci maddəsi ilə təqsirli bilinib 600 (altı yüz) manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar