Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-943/2025 18.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Zərərçəkmiş Ataşova (Qiyasova) Tamara Bayram qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində İXMnin 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında MN ******* seriyalı, xx.xx.2025-ci il tarixli protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən borclu Şəxs Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 2412/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etməyərək yaranmış 9000 manat aliment borcunu ödəməmişdir. Protokolu tərtib etmiş icra məmuru Məstəliyeva Zeynəb izahatında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin qeyd olunan icra vərəqəsinə əsasən borclu Şəxs 2 uşağının saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment tutularaq Tamara Qiyasovaya ödənilməlidir. Borclu qanunla müəyyən edilmiş vaxtda aliment borcunu ödəməmiş, nəticədə tələbkara 9000 manat borcu yaranmışdır. Qeyd edir ki, protokol məhkəməyə təqdim edildikdən sonra Esmira Həsənova borclu ilə borcun hissə-hissə ödənilməsi barədə razılıq etmişlər. Esmira Həsənova hətta inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə ərizə yazmışdır. Odur ki, qeyd olunanları nəzərə alaraq qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, həqiqətən də Tamara Qiyasovaya 14 mart 2023-cü ildən bu tarixədək ödənilməmiş 9000 manat aliment borcu vardır. O, 2024-cü ilin fevral ayında CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 2024-cü ilin oktyabr ayında cəzasını çəkib qurtarmışdır. Hazırda yığılmış aliment borcunu tam və ya qismən ödəməyə imkanı yoxdur. Şəxs qeyd edir ki, may ayının sonunadək borcundan azı 700 manat məbləğində pulu Tamara Qiyasovaya ödəyəcəkdir. Hazırda şəxsiyyət vəsiqəsi olmadığı üçün işləyə bilmir. Ona cəzaçəkmə müəssisə tərəfindən ona ödənilməli olan məbləği şəxsiyyət vəsiqəsi olmadığı üçün ala bilməmişdir. Həmin məbləği alan kimi minimum 700 manat pulu zərərçəkmişə ödəyəcəyinə söz verir. Hazırda zərərçəkmişlə borcun hissəhissə ödənilməsi barədə razılq əldə etmişlər. Əməlindən peşmandır və özünü təqsirli hesab edir. Vaxtlı-vaxtında aliment öhdəliyini icra edəcəyinə söz verir. Zərərçəkmiş şəxslə aralarında razılıq etmələri barədə ərizəsini təqdim edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. X3 məhkəmədə verdiyi izahatında bildirdi ki, o, Şəxsla 2023-cü ildə boşanmışdır. Onların boşanmağına səbəb sonuncunun narkotik vasitələrdən istifadə etməsi, evinə və uşaqlarına baxmaması olmuşdur. Şəxs ona indiyədək ödənilməmiş 9000 manat aliment borcu vardır. Bundan öncə borclu ona yığılmış aliment borcundan heç bir ödəniş etməmişdir. Hazırki borcun Şəxs tərəfindən hissə-hissə ödənilməsi barədə sonuncu ilə aralarında razılq əldə edilmiş və barışmışlar. Odur ki, məhkəmənin icraatında olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Bu barədə yazmış olduğu ərizəsini məhkəməyə təqdim edir. Barəsində protokol tərtib edilmiş Şəxs vəkili Vəkil borclu ilə zərəçəkmiş şəxs arasında borcun hissə-hissə ödənilməsi barədə razılıq əldə edildiyini nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki: Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2412/2020 saylı, xx.xx.2023-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs iki uşağın saxlanılması üçün hər ay bir uşağa görə 180 manat cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq Qiyasova Tamaraya ödənilməlidir. “İcraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərar və “tələbin könüllü icrası barədə” həmin tarixli bildirişdən görünür ki, Şəxs qərarı və könüllü icra barədə bildirişi xx.xx.2023-cü il tarixdə şəxsən qəbul etmişdir. Elektron İcra İnformasiya sistemindən işə əlavə edilmiş məlumatdan görünür ki, borclunun adına tələbin yönəldilə biləcəyi Opel Vita minik markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmiş, icra məmuru tərəfindən “Borclunun əmlakının axtarılması haqqında” qərar qəbul edilmişdir. Zərərçəkmiş şəxs Tamara Qiyasova xx.xx.2025-ci il tarixli ərizəsində Şəxsla yığılmış 9000 manat aliment borcunun hissə-hissə ödənilməsi barədə razılığa gəldiklərini, məhkəmə iclasında barışdıqlarını bildirərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İXM-nin 43.1-ci maddəsinə əsasən həmin məcəllənin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Qanun ilə tənzimlənir. “İcra haqqında” qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. Belə ki, “İcra haqqında” AR qanunun 43-cü maddəsində qeyd olunan məcburi icra tədbirlərindən biri də tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə və tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsidir. Həmin Qanunun 43.1.5-ci maddəsinə görə bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər həyata keçirilməlidir. İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru qanuni tələblərinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. “İcra Haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi dinləyib inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən yığılmış aliment borcunun ödənilməməsi üzrsüz səbəbdən olmamış, sonuncunun hərəkətlərində inzibati xəta tərkibi yoxdur və onun barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktının müəyyən olunması zəruridir. Məhkəmə qeyd edir ki, icra məmuru borclu ilə zərərçəkmiş şəxs arasında borcun hissə-hissə ödənilməsi barədə protokol tərtib etməzdən öncə profilaktik söhbətlər aparmadan, həmin şəxslərin bu hissədə razılıq əldə etmə ehtimalının olmasını nəzərə almadan sərt inzibati tədbirlərin tətbiq edilməsi üçün protokol tərtib edərək məhkəmə göndərmişdir. Məhkəmə iclasında hər iki şəxs izahat verərək borcun hissə-hissə ödənilməsi barədə razılığa gəldiklərini bildirmişlər. Göründüyü kimi icra məmuru borclunun məhkəmə qərarını üzrsüz səbəbdən icra etməməsi görüntüsü yaradaraq sonuncu barəsində sərt inzibati tədbirlərin görülməsinə çalışmış, halbuki zərəçəkmiş şəxs borcun hissə-hissə ödənilməsinə etiraz etmədiyini, bu barədə barışıq əldə etdiklərini bildirmişdir. Bundan başqa icra məmuru borclunun adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilsə də, onun üzərinə həbs qoyulması üçün məhkəməyə təqdimatla müraciət etməmiş, uzun müddət icra sənədini hərəkətsiz saxlamış və yalnız zərəçəkmiş şəxsin müraciətindən sonra protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh tərbiyəvi xarakter daşıdığından, həmçinin vətəndaşların hüquq şüurunun və mədəniyyətinin, qanunlara hörmət və əməl edilməli olması ilə bağlı vərdişlərinin formalaşmasında mühüm rol oynadığından icra məmurları müxtəlif qanuni vasitələrdən istifadə edərək qərarların icrasının təmin edilməsi üçün şərait yaratmalı, bunu qanunvericiliklə nəzərdə tutulmuş müddətlər daxilində etməli və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati təsir tədbirlərindən istifadə etməlidir. Göründüyü kimi bütün imkanlar tükənmədən və yuxarıda qeyd edilən xüsusatlara diqqət yetirmədən icra məmuru sərt inzibati təsir tədbirinin tətbiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 4 (dörd) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.4-cü maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 24 (iyimi dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-943/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-943/2025
18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver