Məhkəmə qərarları › İş №3(060)-944/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-944/2025

28.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-944/2025 28.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərarından şikayət verilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 Qərardan şikayət verən şəxs X3 nümayəndəsi və müdafiəçisi, Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarı ilə X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 237.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 2000 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan X6 şikayətlə məhkəməyə müraciət edərək tərtib olunan inzibati tənbeh vermə haqqında MN ******* saylı, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. X3 nümayəndəsi və müdafiəçisi, Vəkil bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları X3 işlətdiyi restorana yaxınlaşaraq tüstü borularla bağlı nöqsanlar aşkar etmişlər. Daha sonra onlara istiqamət verərək “Ekotüstü” servis adlı şirkət olduğunu və sözügedən nöqsanla bağlı onlarla müqavilə bağlasalar onlara kömək edəcəklərini bildirmişlər. Onlar dərhal həmin şirkətlə əlaqə saxlayıb müqavilə bağlamış, onların təşəbbüsü ilə tez bir zamanda, yəni xx.xx.2025-ci il tarixdə restorana qurğu quraşdırılmışdır. Buna baxmayaraq xx.xx.2025-ci il tarixdə barələrində protokol tərtib edilmiş, həmin protokol onlara xx.xx.2025-ci il tarixdə çatdırılmışdır. xx.xx.2025-ci il tarixdə isə barələrində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və qərar onlara xx.xx.2025-ci il tarixdə çatdırılmışdır. Onlar da təqsirlərinin olmadığını təsdiq edən müqavilə və akt mövcuddur. Qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 bildirdi ki, idarənin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə X3 barəsində sözügedən protokol tərtib etmişlər və xx.xx.2025-ci il tarixdə həmin protokol ünvana göndərilmişdir. Rəşad adlı şəxs idarəyə yaxınlaşaraq restoranın sahibi olduğunu, qurğunun quraşdırılması barədə müraciət edildiyini bildirmişdir. Qarşı tərəf məsələ ilə bağlı şirkətlə müqavilə bağlaya bilər, yalnız əməkdaşları yoxlama aparan zaman, yəni xx.xx.2025-ci il tarixində qurğu orada olmamışdır. Qeyd edir ki, vəzifəli şəxs X6 barəsində idarə tərəfindən qəbul edilmiş və mübahisələndirilən qərar tam qanuni qəbul edilmişdir, bu səbəbdən qüvvədə saxlanılmasını məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə istintaq zamanı tədqiq edilmiş sənədlərdən görünür ki: 01 aprel 2025-ci il tarixdə AR ETSN 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin tərtib etdiyi akta əsasən həmin gün “Sea life” restoranın tüstü bacasının təmizləyici qurğular olmadan təmizləyici qurğular quraşdırılmadan fəaliyyət göstərməsi müəyyən edilmişdir. 01 aprel 2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Sumqayıt-Novxanı avtomobil yolunun sol kənarında yerləşən “Sea-life” restoranının tüstü-bacasında təmizləyici qurğu quraşdırılmadan fəaliyyət göstərməsi faktı aşkar edilməsi səbəbindən Nicat Məlikov barəsində İXM-nin 237.1 maddəsi ilə protokol tərtib edilmişdir. 11 aprel 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan görünür ki, X6 İXM-in 234.1-ci maddəsi ilə 2000 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. xx.xx.2024-cü il tarixində 4 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin X5 göndərdiyi bildirişdən və qəbzdən məlum olur ki, xx.xx.2025-ci il tarixində MN ******* nömrəli inzibati xəta haqqında protokola baxılması ilə bağlı N.Məlikov lazımi qaydada məlumatlandırılmış, həmin bildiriş xx.xx.2025-ci il tarixində sonuncuya şəxsən çatdırılmışdır. xx.xx.2025-ci il tarixli “X8” ilə X6 arasında bağlanmış 3991/0016 nömrəli müqaviləyə əsasən tərəflər “Sea life” restoranına havalandırma kanallarının təmizləyici qurğusunun quraşdırılması barədə razılığa gəlmişdir. Obyektlərin tüstü bacalarına və havalandırma sisteminə texniki baxışın keçirilməsi və görülmüş işlər barəsində xx.xx.2025-ci il tarixli akta əsasən 1 ədəd hidrostatik qurğu və 2 ədəd ekzojon qurğu quraşdırılmış, sifariş icraçı tərəfindən icra edilmiş, ümumi qiymət isə 4500 manat olmuşdur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin tərəfindən verilmiş çıxarışda X3 VÖEN ********** nömrə ilə qeydiyyatdan keçdiyi məlum olmuşdur. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, “İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibatidelikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir.” Həmin Qərarda həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İnzibati xəta haqqında protokola baxaraq iş üzrə qərar qəbul edən məhkəmə bu protokolu İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq qiymətləndirir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli şəxsin həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini yoxlayır. Burada vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir.” Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş MN ******* saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İXM-nin 237.1-ci maddəsinə görə yol verilə bilən son hədlərin normativləri səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdirilməsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqla təmin edilməyən, yaxud təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadan müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsinə görə - vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. İXM-nin 130.1-ci maddəsinə görə Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 138.1.2-ci maddəsinə görə qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün həmin qəbul edilmiş qərar qanuni qüvvəyə minir. Beləliklə, məhkəmə tərəfindən şikayətdə göstərilən hallar yoxlanıldı. Müəyyən olundu ki, işə baxılarkən İXM-nin tələblərinə əməl edilmiş, əsaslı və qanuni qərar qəbul edilmişdir. Barəsində protokol tərtib edilən şəxsin nümayəndəsi və müdafiəçisi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli müqavilə və xx.xx.2025-ci il tarixli tüstü bacasına avadanlığın quraşdırılması barədə akt Nicat Məlikovun inzibati məsuliyyətdən azad edilməsi üçün əsas ola bilməz. Belə ki, xx.xx.2025-ci il tarixli 4 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş aktdan və həmin akta əlavə olunmuş fotoşəkillərdən məlum olur ki, tüstü bacalarında təmizləyici qurğu mövcud deyil. ETSN əməkdaşlarının xx.xx.2025-ci il tarixində “Sea life” restoranında inzibati xəta hadisəsi aşkar etdikdən sonra xx.xx.2025-ci il tarixli akt tərtib etməsi isə ağlabatan deyil. İnzibati Xətalar Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. “Ətraf mühitin mühafizəsi haqqında” AR Qanunun 41-ci maddəsinə görə müəssisələrin, qurğuların və başqa obyektlərin istismarı ətraf mühitin mühafizəsi üzrə layihədə göstərilmiş bütün ekoloji tələblərin tam həcmdə yerinə yetirilməsi şərti ilə həyata keçirilir. Son hədləri yol verilən normativlər səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdiriləsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqlarla təmin edilməyən, təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadıqda müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsi qadağan edilir. “Atmosfer havasının mühafizəsi haqqında” qanunun 14.1-ci maddəsinə əsaasən təsərrüfat obyektlərinin layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, yenidən qurulması və istismarı zamanı atmosfer havasının keyfiyyətinin gigiyenik və ekoloji normativlərinə riayət edilməsinə dair tələblər təmin olunmalıdır. Həmin qanunun 27.1.7-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər atmosfer havasına zərərli maddələrin atılmasına nəzarəti və onların zərərsizləşdirilməsi üçün nəzərdə tutulmuş tikililərin, qurğuların və cihazların quraşdırılmasını həyata keçirmək, onların istismar qaydalarına əməl etmək və atmosfer havasının mühafizəsinə dair müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilmiş digər tələblərə əməl etməyə borcludurlar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Nicat Məlikovun inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati icraata xitam verilməsi barədə qərarın qəbul edilməsi üçün İXM-nin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. İXM-nin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 şikayəti təmin edilməsin. X3 Azərbaycan Respublikasının İXM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsi barədə inzibati xətaya dair iş üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar