Məhkəmə qərarları › İş №3(060)-947/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-947/2023

19.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-947/2023 19.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi “BHM və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş 10 aprel 2023cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 19:50 radələrində Sumqayıt şəhər Mehdi Hüseynzadə adına stadionun qarşısında polisin qanuni tələblərinə tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-947/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin bu qərarından narazı qalan Şəxs Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti ilə müraciət etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-211/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(060)- 947/2023 nömrəli qərarı ləğv edilmiş, işə yenidən baxılması üçün material Sumqayıt Şəhər Məhkəməsinə yeni məhkəmə baxışına göndərilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Sumqayıt Futbol Klubunun prezidenti onun dostu olduğundan xx.xx.2023-cü il tarixdə klubun oyununa baxmaq və iftar etmək üçün gəlməyi danışmışlar. Yolda tıxac olduğundan o bir az gecikmiş və stadionun inzibati ərazisinin giriş qapısına çatan zaman polis onu qapıdan buraxmışdır. O girib içəridə maşını saxlamış və bu zaman bir polis əməkdaşı yaxınlaşaraq ona buraxılışının olmadığını, avtomobilinin oradan çıxarılmalı olduğunu bildirmişdir. Polis əməkdaşı ona “sən” deyə müraciət etdiyindən o əsəbiləşmiş və polis əməkdaşına buraxılışının olduğunu və ona “siz” deyə müraciət olunmasını tələb etmişdir. Bu zaman polis əməkdaşı kobudluq etmiş, başqa bir polis əməkdaşı da yaxılaşaraq ona kobud şəkildə avtomobilini oradan çıxarmasını, çıxarmadığı halda avtomobili cərimə meydançasına aparacağını və onu da tutacağını bildirmişdir. O isə polis əməkdaşlarına qarşı heç bir müqavimət göstərmədən əgər avtomobilin yerinin dəyişməsinə ehtiyac vardırsa onda polis əməkdaşlarının evakuator çağıraraq avtomobilin götürülməsini qeyd etmişdir. Onun avtomobili heç bir avtomobilin hərəkətinə mane olmamışdır. O polislərə heç bir müqavimət göstərməmişdir, ona qarşı hərəkətlər qərəzli olmuşdur. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil Şəxs Sumqayıt Futbol Klubunun fəxri qonağıdır. Ərazidə 2 post mövcud olmuşdur ki, onların biri fəxri qonaqlar üçün nəzərdə tutulmuşdur. Sonuncu dəfə aprel ayının 8-i tarixində öz şəxsi avtomobili ilə həmin postdan və daha sonra da 2-ci postdan keçib maşını saxladıqdan sonra polis əməkdaşları ona yaxınlşaraq maşını həmin yerdə saxlamamalı olduğunu bildirmişlər. Şəxs bunun səbəbini soruşduqda ona bununla bağlı icazəsinin olmadığını bildirmişlər. Polis əməkdaşları ona qarşı kobud ifadələr işlətmişlər və bununla bağlı Şəxs polis əməkdaşlarına ona “Siz” deyə müraciət etməli olduqlarını və tələblərinin qanunsuz olduğunu bildirmiş və əgər müvafiq icazəsi olmadığı halda iki postdan necə keçə bildiyini soruşmuşdur. Bundan sonra ona qarşı zor tətbiq edib polis maşınına əyləşdirərək polis bölməsinə aparıb və 2 saat orada saxlamışlar. Əgər o polis əməkdaşlarına tabesizlik göstərsəydi, həmin gün polis bölməsindən buraxılmazdı. Hadisə aprel ayının 8-i tarixində baş vermiş və həmin tarixdə Şəxs izahatı alınmışdır. Ancaq protokol 10 aprel tarixində tərtib edilmişdir. Protokolun tərtib edilməsindən onun məlumatı olmamışdır, ancaq protokolda qeyd olunub ki, guya o protokolu imzalamaqdan imtina etmişdir. Şəxs izahatı alınmış və iş materiallarına əlavə edilmişdir. Ərazidə xeyli sayda müşahidə kameraları olmuşdur, ancaq Şəxs polisə tabesizlik göstərməsini təsdiq edən heç bir sübut iş materiallarına əlavə olunmamışdır. Bundan başqa polislər ona maşının cərimə meydançasına aparılacağını bildirmişlər ki, bunun üçün qanuni əsaslar mövcud olmamışdır. İş materiallarında mötəbər sübutlar yoxdur. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin nümayəndəsi gəlmədiyindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Sumqayıt Futbol Klubunun 100/01-01 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Şəxs 08 aprel 2023-cü ildə Sumqayıt FK və Neftçi PFK arasında baş tutmuş oyunda fəxri qonaq qismində iştirak etmiş və idarə etdiyi **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobil buraxılış siyahısında olmuşdur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs qəsdi ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaq olmamışdır. Təqdim edilmiş materiallardakı məlumatlara əsasən Şəxs ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması sübuta yetirilmir. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şəxs barəsində tərtib edilmiş protokolda və materiallarda göstərilən, onun polisin qanuni göstərişinə məhəl qoymayaraq tabeçilik göstərməməsinin nədən ibarət olması, həqiqətən bu hərəkətlərə yol verilməsi inandırıcı və mötəbər sübutlarla təsdiq edilmir. Məhkəməyə də belə sübutlar təqdim edilməmişdir. Onun polislərin yoxlamasından sonra mühafizə olunan əraziyə daxil olaraq duracaq kimi istifadə olunan yerdə avtomobilini park etməsi və sonradan polislərin tələbi ilə avtomobili oradan götürməməsi ilə bağlı hərəkəti hansısa qaydanı pozma kimi qiymətləndirlə biməz. Eyni zamanda, materiallarda polislərin məhz həmin məsələ ilə bağlı xidməti vəzifələrini yerinə yetirməsi və xidməti vəzifələrinin bundan ibarət olması barədə sübutlar yoxdur. Bu o deməkdir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati törətməsi sübuta yetirilmir, onun barəsində əsassız yerə protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata təqsirliliyi sübuta yetmədiyinə görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fikrət Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar