Məhkəmə qərarları › İş №3(060)-948/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-948/2025

19.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-948/2025 19.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Kiçik Müəssisəsinin nümayəndəsi və vəkili Kəngərli və Partnyorları Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, "xxxx" Kiçik Müəssisəsinin (VÖEN: **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən "xxxx" Kiçik Müəssisəsi barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə 24 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X6 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə daxil olmuş 58-2/2-9106 nömrəli xx.xx.2024-cü il tarixli məktub və ona əlavə olunmuş sənədlərə əsasən Şahid1 və Tağıyev Aydın Elşən oğlu Sumqayıt şəhərində yerləşən “Yeni Həyat” şadlıq sarayında ("xxxx" Kiçik Müəssisəsi) əmək müqaviləsi olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Daxil olmuş materiallar əsasında X7 Xidmətinin Abşeron-Xızı regional şöbəsində də araşdırma aparılmışdır. Belə ki, Şahid1 və Tağıyev Aydın Elşən oğlu dəvət edilərək izahatları alınmışdır. Hər iki şəxs izahatında “Yeni Həyat” şadlıq sarayında ofisiant işlədiklərini qeyd etmişlər. Araşdırma zamanı Şahid1 əmək müqaviləsinin olması müəyyən edilsə də, Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələblərinin pozularaq Tağıyev Aydın Elşən oğlunun əmək müqaviləsi olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilmişdir. Ona görə də "xxxx" Kiçik Müəssisəsi barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilən halları nəzərə alaraq "xxxx" Kiçik Müəssisəsinin Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" kiçik müəssisəsinin nümayəndəsi və vəkili Kəngərli və Partnyorları Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, "xxxx" Kiçik Müəssisəsi barəsində əsassız inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, Şahid1 və Tağıyev Aydın Elşən oğlu “Təkbir” mərasim evində olan oğurluq hadisəsi ilə bağlı Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə dəvət edilmişlər. Əvvəla nəzərə almaq lazımdır ki, “Təkbir” mərasim evinin "xxxx" Kiçik Müəssisəsinə heç bir aidiyyəti yoxdur və bu işin mübahisəsiz halıdır. Həmin şəxslər “Yeni Həyat” şadlıq sarayına aid olmayan bir yerdən Polis Bölməsinə aparılmışlar və orada Tağıyev Aydın Elşən oğlu təzyiq altında “Yeni Həyat” şadlıq sarayında işlədiyi barədə izahatı imzalamışdır. Digər şəxs Şahid1 isə Polis Bölməsində izahatında yalnız özünün “Yeni Həyat” şadlıq sarayında müqaviləsiz işlədiyini bildirmişdir. Mütəttişlikdə alınmış izhaatlar da təzyiq altında olmuşdur. Belə ki, hər iki şəxs məhkəmə iclasında bildirdi ki, müfəttişlikdə aparılan araşdırma zamanı onlara bildirmişlər ki, ya polisdə yazdıqları kimi izahat verməlidirlər, ya da iş yenidən polisə qaytarılacaq və yalan izahatlarını təsdiq etmədikləri üçün onlara problem yaranacaq. Bundan əlavə məhkəmə araşdırması zamanı Tağıyev Aydın Elşən oğlunun işlətdiyi mobil nömrənin anten dairəsi barədə məlumatlar götürülmüş və müəyyən edilmişdir ki, sonuncu heç vaxt “Yeni Həyat” şadlıq sarayında olmamışdır. Göründüyü kimi məhkəmə araşdırması zamanı da Tağıyev Aydın Elşən oğlunun heç vaxt “Yeni Həyat” şadlıq sarayında ("xxxx" Kiçik Müəssisəsində) işləməməsi öz təsdiqini tapmışdır. Göstərilən halları nəzərə alaraq "xxxx" Kiçik Müəssisəsinin barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid2 izahatında bildirmişdir ki, 2024-cü ilin noyabr ayında dəqiq xatırlamadığı tarixdə tanışı Əkbər adlı tanışı ona zəng etdərək Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində yerləşən məsciddə keçirilən 40 mərasiminə dörd nəfər ofisiant lazım olduğunu demişdir. O da dostu Sadiqi, həmçinin digər dostu Aləmin vasitəsi ilə Əziz və Aydın adlı şəxsləri həmin mərasimdə ofisiant işləmələri üçün dəvət etmişdir. Onların hər birinə 40 mərasimində ofisiant kimi xidmət göstərdiklərinə görə 15 manat ödənilmişdir. Qeyd etdiyi kimi mərasim evinə tanışı Əkbərin vasitəsi ilə getmiş və orada mərasim sahibi onların pulunu vermişdir. Mərasim isə cəmi bir neçə saatlıq olduğundan mərasim sahibini tanımır. O dostu Sadiqlə kişilər əyləşən masaya, Əzizlə Aydın isə qadınlar əyləşən masaya qulluq etmişlər. Təxminən saat 13:45 radələrində məclis sona çatmış, həmin vaxt o, mərasimə yeni gələn kişilərə qulluq edib qadınlar əyləşən tərəfə keçmək istədikdə orada olan üç-dörd nəfərin hansısa bir nömrəyə zəng etdiklərini görmüşlər. O, bununla bağlı maraqlandıqda xanımlardan birinin mobil telefonunu masada unudub getdiyini və kimsənin onun telefonunu götürüb getdiyini eşitmişdir. O və digər ofisiantlar masada telefon görmədiklərini bildirmişlər. Bununla bağlı onları Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə dəvət etmişlər və izahatlarını almışlar. O, özü “Ceyran” şadlıq sarayında ofisiant işləyir və əmək müqaviləsi də var. O, Əzizlə Aydını əvvəllər tanmamış və onların harada işləmələrini bilməmişdir. Qeyd etdiyi kimi həmin şəxsləri yalnız qırx mərasimi zamanı dostunun vasitəsi ilə mərasimə ofisiant kimi dəvət etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid1 izahatında bildirmişdir ki, o 2024-cü ilin may ayından əmək müqaviləsi ilə “Yeni Həyat” şadlıq sarayında ofisiant kimi işləmişdir. 2024-cü ilin noyabr ayında dəqiq xatırlamadığı tarixdə tanışı Əkbər ona zəng edərək Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində yerləşən məsciddə keçiriləcək 40 mərasiminə iki nəfər ofisiant lazım olduğunu demiş, o da günortalar boş olduğu üçün gələ biləcəyini və özündən başqa məhlə uşağı Tağıyev Aydın Elşən oğlunu da gətirə biləcəyini demişdir. Beləliklə, onlar Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində yerləşən məsciddə keçirilən 40 mərasimində ofisiant kimi iştirak etmişlər. O və Aydın məsciddə qadınlar olan iki sıradan ibarət masaya qulluq etmişlər. Daha sonra mərasimdə qadınlardan birinin telefonun oğurlandığını eşitmişlər. O, qadına masasının üstündə telefon görmədiyini demiş və Aydınla birlikdə evə getmişlər. Bir müddətdən sonra Aydınla onu Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə dəvət etmişlər. Bölmədə polis əməkdaşı ona hədə-qorxu gələrək harada işlədiyini soruşmuş, o da “Yeni Həyat” şadlıq sarayında işlədiyini və əmək müqaviləsi olduğunu bildirmişdir. Polis əməkdaşı ona əmək müqaviləsi olmadan işləməsi barədə izahatı imzalamasını bildirmiş, əks halda xarici ölkə vətəndaşı olan dostu Aydının deport ediləcəyini bildirmişdir. Ona görə də məcbur həmin izahatı imzalamışdır. Bundan bir müddət sonra onları müfəttişliyə dəvət etmişlər və izahatlarını almışlar. Müfəttişlikdə də Aydının “Yeni Həyat” şadlıq sarayında işləmədiyini demiş, lakin həmin qurumun əməkdaşları ona bildirmişlər ki, polisdə verdiyi izahatı təsdiq etməsə və başqa cür izahat versə gərək materialları polisə qaytarsınlar. Bu halda isə yalan izahata görə həm ona problem yaranacaq, həm də Aydına. Ona görə də müffətişlikdə ona deyildiyi məzmunda izahat yazmışdır. Həmçinin bildirmişdir ki, dostu aydın heç vaxt “Yeni Həyat” şadlıq sarayında işləməmişdir, həmin şadlıq sarayında özü müqavilə əsasında işləyir, Aydını heç vaxt orada görməmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Tağıyev Aydın Elşən oğlu izahatında bildirmişdir ki, 2024-cü ilin noyabar ayında dəqiq xatırlamadığı tarixdə tanışı Əziz ona zəng etmiş və Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində yerləşən məsciddə keçiriləcək 40 mərasiminə ofisiant lazım olduğunu bildirmişdir. O da 15 manat müqabilində həmin məclisdə ofisiant kimi işləməyə razılıq vermişdir. O, dostu Əzizlə birlikdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsindəki məsciddə keçiriləcək 40 mərasimində ofisiant kimi işləmişlər. Məsciddə qadınlar olan iki sıradan ibarət masaya onunla dostu Əziz qulluq etmişdir. Daha sonra mərasimdə qadınlardan birinin telefonun oğurlandığını eşitmişlər. Həmin məsələ ilə bağlı onunla Əzizi Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə dəvət etmişlər. Bölmədə polis əməkdaşı ona hədə-qorxu gələrək Özbəkistan Respublikasının vətəndaşı olduğunu, Əzizin işlədiyi “Yeni Həyat” şadlıq sarayında işləməsi ilə bağlı izahat yazmasa deport ediləcəyini bildirmişdir. O da məcbur qalıb qeyd edilən məzmunda yazılmış izahatı imzalamışdır. Çünki, həmin vaxt Əzizi də onunla bir otağa gətirmişlər. Əziz ona demişdir ki, əgər o, Azərbaycan Respublikasında işlədiyini desə deport etməyəcəklər. O da məcbur olaraq bu formada izahat vermişdir. İki ay sonra Əziz ona zəng edərək X7 Xidmətinə getməli olduqlarını demişdir. Müfəttiş ondan işləyib-işləməməsini soruşduqda o isə cavabında işləmədiyini bildirmişdir. Müfəttiş ona bölmədə onun verdiyi izahatında işlədiyini dediyini bildirmiş, onu yalan şahidlik etməkdə günahlandırmış, əgər izahatını təsdiqləməsə işin yenidən polisə qaytarılacağını və ona problem yaranacağını bildirmişdir. O da qorxduğu üçün bölmədə verdiyi izahata uyğun izahat yazmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" Kiçik Müəssisəsinin Azərbaycan Respublikasının İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyi üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt ŞPİ-nin 2-ci Polis bölməsinin baş təhqiqatçısının xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində yaşadığı göstərilən vətəndan X1 xx.xx.2024-cü il tarixdə, saat 14:04 radələrində DİN-nin 102 zəng xidməti mərkəzi sisteminə ***-***-**-** mobil nömrəsi ilə zəng edərək “Honor 70” markalı mobil telefonunun oğurlanması barədə məlumat vermişdir. Aparılmış araşdırma zamanı ünvan 1 ünvanında yaşayan xx.xx.1997-ci il təvəllüdlü Şahid2 Sumqayıt şəhərinədə yerləşən “Təkbir” mərasim evində, Sumqayıt şəhəri, Yaşıl Dərə bağlar massivi, fərdi evdə yaşayan xx.xx.2006-cı il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşı Tağıyev Aydın Elşən oğlunun və Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 118. mənzil 31-də qeydiyyatda olan Sumqayıt şəhəri, Yaşıl Dərə bağlar massivi, fərdi evdə yaşayan xx.xx.2006-cı il təvəllüdlü Şahid1 “Yeni Həyat” şadlıq sarayında əmək müqaviləsi olmadan işlədikləri müəyyən edilmişdir. İş materiallarında olan Şahid1 Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsində verdyi izahatından görünür ki, o, iki ilə yaxındır ki, “Yeni Həyat” şadlıq sarayında ofisiant işləyir və şadlıq sarayının rəhbərliyi ilə onun arasında əmək müqaviləsi yoxdur., orada müqaviləsiz işləyir. İş materiallarında olan Şahid2 Sumqayıt ŞPİ-nin 2-ci PB-də verdyi izahatından görünür ki, o, 2021-ci ildən “Təkbir” mərasim evi “Ceyran” şadlıq sarayı kimi fəaliyyət göstərən vaxtdan orada ofisiant işləmiş və həmin vaxt onunla şadlıq sarayı arasında müqavilə bağlanmışdır. İş materiallarında olan Tağıyev Aydın Elşən oğlunun Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsində verdyi izahatından görünür ki, o, iki ilə yaxındır ki, “Yeni Həyat” şadlıq sarayında ofisiant işləyir və şadlıq sarayının rəhbərliyi ilə onun arasında əmək müqaviləsi yoxdur., orada müqaviləsiz işləyir. İş materiallarında olan Şahid1 Abşeron-Xızı Regional şöbəsində verdiyi izahatından görünür ki, 2023-cü ilin oktyabr ayından Sumqayıt şəhərində yerləşən “Yeni həyat” şadlıq sarayında ofisiant kimi işləyir. Lakin o, rəsmi olaraq xx.xx.2024-cü il tarixdən işləyir. Əvvəlki dövrdən müqaviləsi olmamış və hal-hazırda işləmir. Aydın Tağıyev də 2024-cü ilin sentyabr ayından xx.xx.2024-cü il tarixədək “Yeni həyat” şadlıq sarayında ofisiant kimi işləmişdir. İş materiallarında olan Tağıyev Aydın Elşən oğlunun Abşeron-Xızı Regional şöbəsində verdiyi izahatından görünür ki, o, 2024-cü ilin sentyabr ayından “Yeni Həyat” şadlıq sarayında ofisiant işləyir. Lakin, əmək müqaviləsi olmadan işləmşdir. Həmin dövrdə onunla birlikdə Şahid1 də “Yeni Həyat” şadlıq sarayında ofisiant işləmişdir. İş materiallarında olan 24 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" Kiçik Müəssisəsi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7 və 49-cu maddəsinin təələbləri pozularaq Tağıyev Aydın Elşən oğlu ((Elşənoviç) 2024-cü ilin sentyabr ayından xx.xx.2024-cü il tarixədək (Yeni Həyat şadlıq evində) əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hərhansı iş və xidmətlərin eyrinəyetirilməsinə cəlb edilmişdir. Bununla da "xxxx" Kiçik Müəssisəsi Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan "xxxx" kiçik müəssisəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Şahid1 ilə "xxxx" Kiçik Müəssisəsi arasında xx.xx.2024-cü il tarixdə bir il müddətinə əmək müqaviləsi bağlanaraq ofisiant işinə qəbul edilmişdir. Tagıyev Aydın Elşən oğlu adlı şəxs heç vaxt "xxxx" Kiçik Müəssisəsində, o cümlədən “Yeni Həyat” şadlıq sarayında hər hansı vəzifədə işləməmişdir. Tağıyev Aydın Elşən oğlu adlı şəxsin "xxxx" Kiçik Müəssisəsində işləməsi ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsindən daxil olmuş məktubda, o cümlədən şəxsin özünü verdiyi izhaatında olan məlumatlar həqiqəti əks etdirmir. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Şahid1 əmək müqaviləsi üzrə Yeni Həyat şadlıq evində ofisiant vəzifəsində çalışır. İş materiallarında olan Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsindən görünür ki, X8 Respublikası vətəndaşıdır, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq icazəsi vardır və Sumqayıt şəhəri, Yaşıl dərə yaşayış massivi, məhəllə 2A ünvanında qeydiyyata alınmışdır. İş materiallarında olan anten "xxxx" MMC-dən DVD disk şəklində götürülmüş məlumatlara baxış keçirilmiş və müəyyən edilmişdir ki, Tağıyev Aydın Elşən oğlunun istifadə etdiyi ***-***-**-** və ***-***-**-** nömrəli mobil telefonların xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində anten məlumatları götürülmüşdür. Həmin mobil nömrələrin anten dairəsinin qeyd edilən müddət ərzində Sumqayıt şəhərinin müxtəlif yerlərində qeydə alınması müəyyən edilmişdir. ***-***-**-** nömrəli mobil telefonun anten məlumatlarının Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Yeni Həyat” Şadlıq Sarayına ən yaxın yerlərdə qeydə alıdığı ərazilər araşdırılmış və müəyyən edilmişdir ki, həmin telefonun anten dairəsi bu müddət ərzində 19 dəfə Sumqayıt şəhəri, 8-ci mikrorayon, Vilvan restoranında qeydə alınmışdır. Sumqayıt şəhəri, 8-ci mikrorayon, Vilvan restoranının yerləşdiyi əraziyə məhkəmə tərəfindən yerli baxış keçirilmiş, həmin yerdən “Yeni Həyat” Şadlıq Sarayına qədər olan məsafənin 1,8 km-dən artıq olması müəyyən edilmişdir (Wase mobil tətbiqi vasitəsi ilə). Bundan əlavə ***-***-**-** nömrəli mobil telefonun anten məlumatları bu müddət ərzində beş dəfə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində qeydə alınmışdır. Bunlardan ikisi “Rüstəm” şadlıq evində, biri “88” Çay evində, digər ikisində isə 9-cu mikrorayon qeyd edilsə də, dəqiq yer göstərilməmişdir. Anten dairələri qeydə alınan zaman zənglərin vaxtına baxdıqda isə adətən günorta saatılarında olan zənglər olması müəyyən edilmişdir. ***-***-**-** nömrəli mobil telefonun anten məlumatları da bu müddət ərzində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Yeni Həyat” Şadlıq Sarayına ən yaxın yerlərdə qeydə alındığı ərazi kimi Sumqayıt şəhəri, 8-ci mikrorayon, Vilvan restoranı göstərilmişdir. Tağıyev Aydın Elşən oğlunun müfəttişlikdə verdiyi izahatında qeyd etdiyi digər ***-***- **-** nömrəli mobil telefonun anten məlumatlarının isə Şəmkir rayonu ərazisində qeydə alındığı müəyyən edilmişdir. Tağıyev Aydın Elşən oğlu məhkəmə iclasında həmin nömrəni səhvən qeyd etdiyini, əslində orada qeyd etdiyi digər telefon nömrəsini, yəni ***-***-**-** nömrəsini işlətdiyini bildirmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şahid1 və Tağıyev Aydın Elşən oğlu Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində yerləşən “Təkbir” mərasim evinə ofisiant kimi dəvət edilmələrinin “Yeni Həyat” Şadlıq Sarayına ("xxxx" Kiçik Müəssisəsinə) heç bir aidiyyəti olmamış və bu işin mübahisəsiz halıdır. Bu hal həm 2-ci Polis Bölməsində, həm də müfəttişlikdə aparılan araşdırma ilə də öz təsdiqini tapmışdır. Həmin mərasim evində olan oğurluq hadisəsi ilə bağlı Şahid1 və Tağıyev Aydın Elşən oğlu Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə dəvət edilmiş, orada Şahid1 izahatında “Yeni Həyat” Şadlıq Sarayında iki il müddətdir ki, müqaviləsiz işlədiyini bildirmiş, lakin izahatında Şahid1 da orada işləməsi ilə bağlı heç nə deməmişdir. Tağıyev Aydın Elşən oğlu isə izahatında “Yeni Həyat” Şadlıq Sarayında iki il müddətdir ki, müqaviləsiz işlədiyini bildirmişdir. Ona görə də materiallar qeyd edilən məsələ ilə bağlı araşdırma aparılması üçün X7 Xidmətinə göndərilmişdir. Müfəttişlikdə aparılan araşdırma zamanı hər iki şəxs izahatında Tağıyev Aydın Elşən oğlunun “Yeni Həyat” Şadlıq Sarayında 2024-cü ilin sentyabr ayından bəri müqaviləsiz işlədiyini bildirmişlər. Eyni zamanda müfəttişlikdə aparılan araşdırma zamanı Şahid1 “Yeni Həyat” Şadlıq Sarayında ("xxxx" Kiçik Müəssisəsində) əmək müqaviləsi əsasında işləməsi müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı isə hər iki şəxs daha öncə verdikləri izahatı təkzib edərək Tağıyev Aydın Elşən oğlunun heç vaxt “Yeni Həyat” Şadlıq Sarayında işləmədiyini, polis əməkdaşlarının və müəffətişin təsir və təzyiqləri ilə Tağıyev Aydın Elşən oğlunun “Yeni Həyat” Şadlıq Sarayında işləməsi ilə bağlı izahat verdiklərini bildirmişlər. Məhkəmə qeyd edir ki, Şahid1 və Tağıyev Aydın Elşən oğlunun Sumqayıt ŞPİ-nin 2ci Polis Bölməsində və X3 verdikləri izahatlarında olan ziddiyyətli məqamlar qeyd edilməli və onlara qanuna müvafiq qiymət verilməlidir. Belə ki, Tağıyev Aydın Elşən oğlu Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsində verdiyi izahatında iki ilə yaxındır ki, müqaviləsiz işlədiyini bildirsə də, X5 Xidmətində verdiyi izahatında 2024-cü ilin sentyabr ayından işlədiyini bildirmişdir. Şahid1 isə Sumqayıt ŞPİnin 2-ci Polis Bölməsində verdiyi izahatında “Yeni Həyat” Şadlıq Sarayında müqaviləsiz işlədiyini bildirsə də, Əmək Müəfəttişliyi Xidmətində aparılan araşdırma zamanı onun əmək müqaviləsinin olması müəyyən edilmişdir. Göründüyü kimi məhkəməyədək icraat zamanı verilmiş izahatlarda kifayət qədər ziddiyyətli hallar müəyyən edilmişdir. Bu hal isə həmin izahatların həqiqətən də kənar təsirlər altında verilməsi barədə əsaslı şübhələr yaradır. Bundan əlavə məhkəmə araşdırması zamanı Tağıyev Aydın Elşən oğlunun istifadə etdiyi mobil telefon nömrələrinin (həm məhkəmədə verdiyi izahatında qeyd etdiyi mobil nömrə, həm də daha öncədən yazdığı izahatlarda qeyd etdiyi mobil nömrələr) anten dairəsi barədə məlumatlar götürülmüş və müəyyən edilmişdir ki, onun istifadə etdiyi mobil telefonların anten dairəsi Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Yeni Həyat” Şadlıq Sarayına ən yaxın yerlərdə qeydə alındığı Sumqayıt şəhəri, 8-cu mikrorayon, Vilvan retoranından 1,8 km-dən artıq məsafə vardır. Həmin mobil telefonun anten məlumatları bu müddət ərzində beş dəfə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində qeydə alınmışdır. Bunlardan ikisi “Rüstəm” şadlıq evində, biri “88” Çay evində, digər ikisində isə 9-cu mikrorayon qeyd edilsə də, dəqiq yer göstərilməmişdir. Anten dairələri qeydə alınan zaman zənglərin vaxtına baxdıqda isə adətən günorta saatlarında, yəni toy olmayan saatlarda zənglər olması müəyyən edilmişdir. Sonuncu abzasda olan anten dairəsi məlumatlarına münasibətdə məhkəmə qeyd edir ki, həmin məlumatların heç biri “Yeni Həyat” Şadlıq Sarayına aid deyil və müxtəlif ərazilərdir. Məlumatların qeydə alındığı saaatlar isə adətən günorta saatlarıdır. Bununla bağlı qeyd edilməldir ki, inzibati xəta haqqında protokolda qeyd edildiyi kimi Tağıyev Aydın Elşən oğlu həqiqtən 03 ay müddət ərzində “Yeni Həyat” Şadlıq Sarayında ofisiant kimi işləmiş olsa idi, onun istifadə etdiyi mobil telefon nömrələrinin anten məlumatlarının “Yeni Həyat” Şadlıq Sarayında toy məclislərinin keçirildiyi axşam saatlarında dəfələrlə qeydə alınması qaçılmaz olardı. Beləliklə də, məhkəmə araşdırması zamanı Tağıyev Aydın Elşən oğlunun “Yeni Həyat” Şadlıq Sarayında ("xxxx" Kiçik Müəssisəsində) işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, "xxxx" Kiçik Müəssisəsinin Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən həmin müəssisə barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-in 40, 43, 50, 53, 114, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Kiçik Müəssisəsinin (VÖEN: **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar