Məhkəmə qərarları › İş №3(060)-951/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-951/2022

21.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-951/2022 21.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, Onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1987-ci ildə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, 3-cü qrup əlil, ünvan 1 ünvanında yaşayan Şəxs Barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında tərtib edilmiş 14 aprel 2022-ci il tarixli, MN ******* saylı protokol Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 14.04.2022-ci il tarixdə, saat 21:00 radələrində Sumqayıt şəhəri DYPŞ-nin inzibati binasının qarşısında nalayiq ifadələr işlədərək, YPX-nın əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, özünü təqsirli bilmir. Himayəsində 2 azyaşlı uşağı var və 3cü qrup əlildir. 14.04.2022-ci il tarixində saat təxminən 19:09 radələrində özünü Fariz kimi təqdim edən polis əməkdaşı gizli nömrə ilə ona zəng vuraraq DYPŞ-yə dəvət etmiş, o da könüllü olaraq DYPŞ-yə getmək üçün yola düşmüşdür. Polis əməkdaşları ona məxsus VAZ-2115 markalı, **-MX-*** nömrəli avtomobili cərimə meydançasına daxil etməsini bildirdiklərindən avtomobili cərimə meydançasına salmış və Fariz adlanan şəxs avtomobilə baxış keçirtmiş, nöqsanları bildirərək aradan qaldırmasını bildirmiş və ona cərimə yazılacağını söyləmişdir. Bu zaman ona avtomobildə ksero işıq olduğunu da bildrimiş və nə üçün onunla belə davranıldığını soruşduqda 5-6 nəfər polis əməkdaşları ona təzyiq göstərmiş və yaxasından tutaraq Post Patrul maşınına əyləşdirmişdir. Həmin vaxt onlara buna ehtiyac olmadığını, hara lazımdırsa, könüllü gedə biləcəyini bildirmişdir. Nalayiq ifadələr işlətməmişdir. Eyni zamanda bölmədə olarkən müdafiəçi istəməsinə baxmayaraq müdafiəçi ilə təmin olunmamışdır. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahat verərək bildirdi ki, Sumqayıt şəhər DYPŞ-nin baş inspektorudur. O, hadisə yerinə Şəxs polis əməkdaşları tərəfindən post patrul maşınına əyləşdirilən zaman gəlmiş və Şəxs heç bir nalayiq ifadə işlətdiyini eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahat verərək bildirdi ki, hadisə zamanı cərimə meydançasının qarşısında olmuş, hadisəni görmüşdür. Belə ki, İlham avtomobili cərimə meydançasına saldıqdan sonra polis əməkdaşları avtomobilə baxış keçirtmiş, bu zaman İlham isə sakitcə qıraqda dayanmışdır. Daha sonra “şər atan sən olarsan” sözünü eşitmiş və polis əməkdaşları İlhamı dərhal tutub post patrulun maşınına otuzdurdular. Həmin vaxt İlham polis əməkdaşlarına hara lazımdırsa, gedəcəyini, təzyiqə ehtiyac olmadığını bildirirdi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 6 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının SER TSE-01 №011492 nömrəli müddətsiz arayışından müəyyən olunur ki, Şəxs uşaqlıqdan üçüncü qrup əlildir. Beləliklə, məhkəmə işin hallarını, tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyərək, bir ədəd DVD diskə baxış keçirdərək və bütün bunları iş materialları ilə birlikdə qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs icimai asayişi pozaraq xırda xuliqanlıq etməsi və polisin qanuni tələblərinə tabe olmaması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar