Məhkəmə qərarları › İş №3(060)-954/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-954/2025

18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-954/2025 18.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X9 iştirakları ilə, xx.xx.1997-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Qubadlı rayonu, Göyərcik ərazi dairəsi, Göyərcik kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X14 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 18 aprel 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Binəqədi Rayon Məhkəməsinin 16(001 )-467/2024 saylı, xx.xx.2024-ci il tarixli icra sənədinin borclu Şəxs üzürlü səbəb olmadan icra sənədini icra etməmişdir. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X14 bildirmişdir ki, X6 ilə cavabdeh Şəxs arasında aliment tələbinə dair mübahisə üzrə qətnamə qəbul edilənədək xx.xx.2021-ci il təvəllüdlü X10 və xx.xx.2023-cü il təvəllüdlü X2 üçün cavabdeh Şəxs hər ay, hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat məbləğində müvəqqəti aliment X3 xeyrinə tutulmalıdır. İcra sənədləri üzrə icraata başlamaq qərarı qəbul edilmiş və borclu bu qərarlarla tanış edilmiş, izahatı alınmışdır. Daha sonradan borclu icra məmurunun çağırışlarına gəlməmiş və borclu barəsində axtarış elan edilmişdir. Şəxs hazırda 1800 aliment borcu vardır. Ümumillikdə bu tarixədək cəmi 80 manat borcdan ödəniş edilmişdir. Protokolu müdafiə etdiyini və inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati qaydada həbs edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, ödəniş etməməsinə səbəb övladlarını 7 aydır görmür, övladını ona tələbkar göstərdiyi halda ödəniş edəcəkdir. Uşaqla ünsiyyətlə bağlı məhkəməyə müraciət etməmişdir. Hazırda 200 manat tələbkara ödəniş edə bilər. Himayəsində İ qrup əlil anası var. Atasının 50 yaşı var və fiziki olaraq sağlamdır. Bundan əvvəl valideyni pul göndərmək istəmiş, lakin övladları göstərilmədiyindən icazə verməmişdir. Fərdi əməklə məşğul olur aylıq gəliri 600-700 manat təşkil edir. Barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X6 izahatında bildirmişdir ki, icra sənədi üzrə ona cəmi keçən ay 80 manat ödəniş edilmiş, borclu onunla razılığa gəlmək üçün heç bir cəhd etməmişdir. Hazırda ona 1000 manat ödənilsə Nicatla razılağa gələ biləcəyini bildirmişdir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X15 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin əməlindən peşman olmasını, hazırda tələbkara ödəniş etmək istəməsini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 16(001)-467/2024 saylı, xx.xx.2024-cu il tarixli icra sənədindən görünür ki, iddiaçı X6 ilə cavabdeh Şəxs arasında aliment tələbinə dair mübahisə üzrə qətnamə qəbul edilənədək xx.xx.2021-ci il təvəllüdlü X10 və xx.xx.2023-cü il təvəllüdlü X2 üçün cavabdeh Şəxs hər ay, hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat məbləğində müvəqqəti aliment tutularaq iddiaçı X5 ödənilməsi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cu il il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 16(001)-467/2024-002 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Şəxs ünvanına tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Şəxs Qurbanali oğlunun izahatından görünür ki, işləmir, gücü çatmadığına görə alimnet borcunu ödəyə bilmədiyini qeyd etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Şəxs Qurbanali oğlunun barəsində axtarış elan edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 16(001)-467/2024 saylı, xx.xx.2024-cu il tarixli icra sənədi üzrə iddiaçı X6 ilə cavabdeh Şəxs arasında aliment tələbinə dair mübahisə üzrə qətnamə qəbul edilənədək xx.xx.2021-ci il təvəllüdlü X10 və xx.xx.2023-cü il təvəllüdlü X2 üçün cavabdeh Şəxs hər ay, hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat məbləğində müvəqqəti aliment tutularaq iddiaçı X4 xeyrinə tutulmalıdır. Məhkəmə iş materiallarına əsasən müəyyən etmişdir ki, Şəxs tərəfindən bu günədək məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarından və pul tələbindən cəmi 80 manat ödəniş edilmişdir. Şəxs məhkəmə iclasında verdiyi izahatında da, yığılmış borc məbləğlərindən ödənişi övladının ona göstərilməməsi səbəbindən etmədiyini bildirmişdir. Bununla da, bu günə kimi 1800 (min səkkiz yüz) manat aliment borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni icra sənədi üzrə ödənişləri etməməsi, həmçinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 18 aprel 2025-ci il tarixdən saat 14.00-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X9 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 04 (dörd) saata görə 24 (iyirmi dörd) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli xx.xx.2025-ci il, saat 14.00-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X9 göstərdiyi 04 (dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar