Məhkəmə qərarları › İş №3(060)-955/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-955/2023

03.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-955/2023 03.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X4 katibliyilə, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1, qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 xidmətinin Abşeron-Xızı regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 xidmətinin Abşeron-Xızı regional şöbəsinin 27 fevral 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdfiə Fondunun Abşeron-Xızı regional filialının 27 fevral 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmiş, həmçinin mübahisələndirilən qərardan şikayət verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-955/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X1 mübahisələndirilən qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatəti təmin edilərək şikayət icraata qəbul edilmişdir. X3 məhkəməyə ərizə təqdim edərək şikayət ərizəsində qərar qəbul etmiş orqanın adında yanlışlığa yol verdiyini bildirərək mübahisələndirilən qərarı qəbul etmiş oraqanın adının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 xidmətinin Abşeron-Xızı regional şöbəsi kimi oxunmasını xahiş etmişdir. Məhkəmə ərizəni nəzərə almışdır. X3 şikayətində göstərmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialının xx.xx.2023-cü il tarixli MN № ******* saylı qərarı ilə 1000 manat məbləğində cərimə olunmuşdur. Abşeron- Xızı regional filialının qərarını qanunsuz və əsassız hesab edir. Qeyd edir ki, qərar xx.xx.2023-cü ildə çıxarılsa da, o qərarı xx.xx.2023-cü ildə almışdır. O, istinad olunan inzibati xətanı törətməmiş, inzibati xətalar məcəlləsinin 555.1-ci maddəsinin tələbini pozmamışdır. Ümumiyyətlə onun hadisədən xəbəri olmamışdır, çünki hadisə 15 aprel 2022-ci ildə baş verən zaman o, 16 aprel 2022-ci il tarixdən 30 aprel 2022ci il tarixədək xəstəlik bülletenində olmuşdur. 01 may 2023-cü il tarixdə qayıtdıqdan sonra isə səhhətilə əlaqədar olaraq ərizə yazaraq direktor vəzifəsindən azad olaraq qeyd olunan məktəbdə müəllim kimi fəaliyyətinə davam etmişdir. Ümumiyyətlə həmin şəxs ondan şikayət etməmişdir. Onun ümumiyyətlə harada yıxılması barədə mötəbər sübut belə yoxdur. Ona görə də hesab edir ki, qərar ləğv olunmalıdır. Həmçinin qeyd edir ki, qərar qəbul olunarkən onun iştirakı təmin olunmamış və araşdırma aparılmamışdır. İnzibati Xətalar Məcəlləsinin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İnzibati xəta haqqında işə baxılması 28 aprel 2023-cü il tarixə təyin edilmiş, lakin sübutların təqdim olunması ilə əlaqədar işin baxılması 03 may 2023-cü il tarixə təxirə salınmışdır. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X3 şikayətinə uyğun izahat verib 27 fevral 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 xidmətinin Abşeron-Xızı regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, X3 tərəfindən X2 xx.xx.2022-ci il tarixdə iş yerində yıxılması ilə əlaqədar işə götürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumat verilməmişdir. Həmin işin araşdırılması zamanı X1 izahatı alınmamış, o araşdırmada iştirak etməmişdir. X3 araşdırmaya dəvət olunsa da gəlməmişdir. Qeyd olunanların nəzərə alınmaqla şikayətin təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin və qərarından şikayət verilmiş orqanın etibarnamə üzrə nümayəndəsinin izahatlarını dinləyərək məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş mübahisələndirilən qərarın surətindən görünür ki, X3 barəsində 15 fevral 2023-cü il tarixdə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokola əsasən 27 fevral 2023-cü il tarixdə MN № ******* saylı qərar qəbul edilərək X3 barəsində İXM-nin 555.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 1000,00 (bir min) manat məbləğində cərimə olunmuşdur. İş materialında olan Əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxslər haqqında komissiyanın rəyindən görünür ki, Komissiya təhqiqat aktının 4-cü bölməsinə əsasən bədbəxt hadisənin baş verməsində əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxsləri müəyyən etməmişdir. Komissiya təqdim edilən sənədlərin, alınan izahatların və aparılan sorğuların nəticəsində X2 xəsarət alması ilə nəticələnmiş hadisənin istehsalatla əlaqəliliyini müəyyən etmədiyindən onunla baş vermiş bədbəxt hadisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na əsasən istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır. İş materialında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 xidmətinin nümayəndəsi Nümayəndə tərəfindən X2 15 aprel 2022-ci il tarixdə saat 15:30 radələrində baş vermiş xəsarəti ilə nəticələnmiş bədbəxt hadisəni araşdırması ilə əlaqədar X2, X5 və İlqar İsmayılovun izahatları alınmışdır. İş materialnda olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 xidmətinin rəisi Vəli Quliyev tərəfindən 19 avqust 2022-ci il tarixdə İstehsalatda baş vermiş bədbəxt hadisənin təhqiq edilməsi üçün Təhqiqat komissiyasının yaradılması haqqında əmr verilmişdir. İş materalında olan Əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, X3 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işdən azad edilmiş, xx.xx.2022-ci il tarixdən işə başlamışdır. İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən inzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Həmin Məcəllənin 102.5-ci maddəsinə əsasən inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. Məhkəmə inzibati xətalar qanunvericiliyinə əməl etməklə iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma apararaq müəyyən etdi ki, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Abşeron-Xızı regional şöbəsi inzibati xəta haqqında protokol tərtib edərkən İXM-nin 100-cü maddəsinin tələblərinə əməl edilməmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən protokol tərtib edilərkən onun iştirakı təmin edilməmiş, izahatı alınmamış, hüquq və vəzifələri izah edilməmiş və protokol X3 tərəfindən imzalanmamışdır. Bundan başqa məhkəmə qeyd edir ki, İXM-nin 102.5-ci maddəsinə əsasən inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. Məhkəmə araşdırması zamanı işdə olan sənədlərdən müəyyən edilmişdir ki, 19 avqust 2022-ci il tarixdə İstehsalatda baş vermiş bədbəxt hadisənin təhqiq edilməsi üçün Təhqiqat komissiyasının yaradılması haqqında əmr verilmişdir. Həmin tarixdən 4 ay müddətində X3 inzibati məsuliyyətə cəlb edilməli idi. İXM-nin 38.1-ci maddəsindən göründüyü kimi inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Buna baxmayaraq Abşeron-Xızı regional şöbəsi göstərilən xəta ilə bağlı 15 fevral 2023-cü il tarixdə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edib və həmin protokola əsasən 27 fevral 2023-cü il tarixdə MN № ******* saylı qərar qəbul etmişdir. Yəni inzibati xətanın baş verdiyi gündən 4 ay keçdikdən sonra inzibati xəta haqqında protokol tərtib edib qərar qəbul etmişdir. Qüvvədə olan qanunvericiliyin tələblərindən də göründüyü kimi inzibati xətalara dair işlər üzrə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 4 ay keçənədək verilə bilər. Hazırki iş üzrə bu müddət keçmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən olunur ki, mübahisələndirilən qərar qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmişdir. Göstərilən əsaslara görə məhkəmə mübahisələndirilən qərarın ləğv edilməsi nəticəsinə gəlir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2, 115, 129, 130, 134.1.3 və 135.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şikayət təmin olunsun. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 xidmətinin Abşeron-Xızı regional şöbəsinin rəisi tərəfindən X3 barəsində qəbul olunmuş 27 fevral 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar