Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-962/2025 29.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1975-ci ildə Ermənistan Respublikası, Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, İ qrup əlil, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN:G27MAJ) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə inzibati xəta haqqında 04 aprel 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, narkotik vasitə istifadə edən şəxs deyil. xx.xx.2025-ci il tarixdə saat 17:18 radələrində polis əməkdaşları tərəfindən Sumqayıt şəhərində yerləşən “Dədə Qorqud” restoranın yaxınlığında saxlanılmışdır. O, alkotesterdən keçirilmiş, daha sonra onu tibbi müayinəyə aparılmışdır. Tibbi müayinə zamanı onun narkotik vasitə istifadə etməsini bildirmişlər. O xəstə olduğu üçün dərmanlar qəbul edir, ola bilsin ki, buna görə ondan narkotik vasitə aşkar edilmişdir. Belə ki, o bəzən kodein adlı dərman istifadə edir. Həmin dərman pereparatının ona təyin edilməsi ilə bağlı hər hansı həkim resepti mövcud deyil. Göstərilən halları nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt ŞPİ-nin X1 Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsində işə protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 333-1.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün həmçinin inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə protokol və digər iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 04 aprel 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 17:18 radələrində “Kia Carnival” minik markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri, S.Vurğun küçəsində idarə edərkən saxlanılmış, müayinə zamanı narkotik vasitədən istifadə etməsi müəyyən edilmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 1991 saylı, 04 aprel 2025-ci il tarixli aktdan görünür ki, həmin tarixdə Şəxs götürülmüş nümunə ekspress test üsulu ilə yoxlanıldıqda narkotik vasitə olan marixuna qəbul etməsi faktı aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, Şəxs ümumi xəstəliyə görə İ qrup əlildir (QİÇS, İV klinik mərhələ). Məhkəmə qeyd edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda Azərbaycan Respublikası İXM-in 333-1.1-ci maddəsi ilə birgə həmin Məcəllənin 327.1-ci maddəsi də qeyd edilmişdir. Lakin, Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işlərə baxılması məhkəmənin səlahiyyətinə aid edilməmişdir, ona görə də məhkəmə indiki iş üzrə yalnız İXM-in 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxmalıdır. Belə ki, “Azərbaycan Respublikası İXM-in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 795 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin maddənin Qeydinə əsasən xüsusi texniki vasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya güclü təsir edən digər maddələrin qəbulunu göstərdiyi halda şəxsin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-in aşağıdakı prinsip və müddəalarını nəzərə alır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İ qrup əlil olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halın olmasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 333-1.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-962/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-962/2025
29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver