Məhkəmə qərarları › İş №3(060)-966/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-966/2025

21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-966/2025 21.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X5, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə, Laçın rayonu, Cicimli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, ali təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, BTZ bağları, fərdi yaşayış evi ünvanında yaşayan (FİN:xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X10 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 18 aprel 2025-ci il tarixli MN2089343 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-5986/2022 nömrəli icra sənədinə əsasən 3 övladına ödəməli olduğu 10700 manat aliment borcunu qərəzli şəkildə icra etməmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X10 bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)- 5986/2022 nömrəli icra sənədinə əsasən 29 avqust 2022-ci il tarixdən başlayaraq Şəxs xx.xx.2020-ci il təvəllüdlü İsmayılov Məzahir Sədi oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində, eyni zamanda xx.xx.2017-ci il tarix 2 (060)-152/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilərək xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla cəmi 300 manat məbləğində aliment X4 xeyrinə tutulmalıdır. İcra sənədləri xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuş, borclu idarəyə dəvət olunmuş, hüquq və vəzifələri barədə məlumatlandırılmış, xx.xx.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar borcluya təqdim olunmuşdur. Borclu şəxs 2022-ci ildən bu günə kimi 2440 manat ödəniş qəbzi təqdim etmişdir. Qalan borcla bağlı heç bir ödəniş qəbzi təqdim etməmişdir. Hal-hazırda onun 10700 manat aliment borcu var. Borclu şəxsin bildirdiyinə görə onun əmək haqqı kartı X1r. Borclu izahatında 8600 manat ödəniş etdiyini göstərib. Lakin həmin məbləğin ödənilməsi müəyyən edilmir. Tələbkar da həmin ödənişin edildiyini etiraf etmir. Eyni zamanda tələbkar da ərizəsində 12600 manat borcun olduğunu göstərir. Qeyd olunan hallara əsasən də borclunun 2440 manat ödədiyi məbləği nəzərə alsaq, onun 10700 manat aliment borcu olduğu görünür. Borclu şəxs axtarışla məhkəməyə təqdim olunmuşdur. Borclu şəxsə borcun ödənilməsi ilə bağlı vaxt da verilmişdir. Lakin o, heç bir ödəniş etməmişdir. Təqdim edilmiş ödəniş qəbzlərinə əsasən ödənişlər 2023-2024cü illəri əhatə edir. 2024-cü ilin axırı 2025-ci ildə ümumiyyətlə ödəniş olmamışdır. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, maaş kartını tələbkara vermişdir. Tələbkar onun əmək haqqı kartından 4244 manat pul çıxarmışdır. Həmçinin, onun əmək haqqı kartından digər tutulmalar olduğu üçün o, tam şəkildə ödəniş edə bilməmişdir. O, qalan məbləği də çeklə ödəyirdi. O 2600 manat borcunun olduğunu düşünür. Ödənişlə bağlı çekləri icra məmuruna təqdim etməmişdir, özündə saxlamışdır. İşlə əlaqədar olaraq çağırışa gələ bilməmişdir. O, zərərçəkmiş şəxsin qeyd etdiyi 3000 manat məbləğində ödəniş etmək iqtidarında deyil. Göstərilən halları nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 bildirmişdir ki, borclunun əmək haqqı kartı 2024-cü ilin sentyabr ayından onda olmuşdur. O, ayda 100-150 manat olmaqla pul çıxarmışdır. Lakin, hər ay ardıcıl ala bilməmişdir. O, aliment ödənişini bir ay alırdı, bir ay almırdı. Belə ki, borclunun əmək haqqının 50 faizi onun digər borclarına görə tutulduğunudan yerdə qalan məbləği borclu proqram vasitəsilə nağdlaşdırdıqda o, pul çıxara bilmirdi. O, ikisi qüsurlu olmaqla üç övlad saxlayır. Uşaqların saxlanılmasında fiziki və mənəvi cəhətdə olduqca çox əziyyət çəkir. Alimentin ödənilməməsi onun vəziyyətini maddi cəhətdən də ağırlaşdırır. Həmçinin, izahatında bildirmişdir ki, hazırda borclu ona 3000 (üç min) məbləğində borcundan ödəyəcəyi təqdirdə onunla razılığa gələ bilər. Göstərilən halları nəzərə alaraq iş üzrə qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X7 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınmır. Borclunun axtarışla idarəyə gəlməsinin səbəbi onun qeyd edilən ünvanda yaşamaması olmuşdur. Borclu hazırda 1000 manat ödəyə bilər. O, barışmaq istəyir Göstərilən halları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5986/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 29 avqust 2022-cı il tarixdən başlayaraq Şəxs xx.xx.2020-ci il təvəllüdlü İsmayılov Məzahir Sədi oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment X4 xeyrinə tutulmalıdır. xx.xx.2025-ci il il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5986/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır. xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs bildirişi xx.xx.2025-ci il tarixdə rəsmi qaydada qəbul etmişdir. Borclunun axtarışı haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Şəxs barəsində axtarış elan edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-5986/2022 nömrəli icra sənədinə əsasən 29 avqust 2022-ci il tarixdən başlayaraq Şəxs xx.xx.2020-ci il təvəllüdlü İsmayılov Məzahir Sədi oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində, xx.xx.2022-ci il tarixli 2 (060)-5986/2022 nömrəli Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla cəmi 300 manat məbləğində aliment X3 xeyrinə tutulmalıdır. İş üzə xx.xx.2025-ci ildə icraata başlamaq barədə qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş xx.xx.2025-ci il tarixdə rəsmi qaydada borcluya təqdim edilmişdir. Lakin, borclu ödənişləri tam etmədiyi üçün onun bu günə kimi 10700 manat aliment borcu yığılmışdır. Borclu borcun məbləği ilə razı olmadığını və əmək haqqı kartının 2023-cü il tarixdən tələbkarda olduğunu və alimenti ödədiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Məhkəmə həmçinin, borcu Şəxs özünə məxsus əmək haqqı kartının ABB bank hesabından çıxarış təqdim etsə də, qeyd edilən hal həmin kartdan zərərçəkmiş şəxs tərəfindən pulun çıxarılmasını təsdiq etmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni icra sənədi üzrə ödənişləri tam etməməsi icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 21 aprel 2025-ci il tarixdən saat 17:50-dən hesablanmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, vəkil X2 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 21 aprel 2025-ci il tarixdən saat 17:50dən hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil X7 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəəhri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar