Məhkəmə qərarları › İş №3(060)-968/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-968/2023

13.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-968/2023 13.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işrirakları ilə, xx.xx.1980-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 tərəfindən xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-78/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 9949 manat pul alınaraq X4 ödənilməlidir. Borclu qalıq qalan 5000 manat borcu üzürsüz səbəbdən ödəmir. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-78/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 9919 manat məbləğində pulun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq X4 ödənilməsi qət edilmişdir. İcra sənədi Sumqayıt şəhəri üzrə İcra İdarəsinə daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş, borcluya bildiriş göndərilmişdir. Borclu icra sənədi üzrə olan borcun müəyyən hissəsini ödəmiş, 5000 manat borcu qalmışdır. Dəfələrlə borcluya borcun ödənilməsi barədə xəbərdarlıq olunsa da, o, borcu hissə-hissə ödəməyə imkanı olduğunu və iki gün əvvəl 150 manat ödəniş etdiyini bildirmişdir. Tələbkar borcun tam ödənilməsini tələb edir. Ona görə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-78/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən ondan 9919 manat məbləğində pulun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq X4 ödənilməsi qət edilmişdir. Tələbkara icra sənədi üzrə olan borcdan 5000 manat borcu qalmışdır. Maddi imkanının zəif olduğunu, həyat yoldaşının xəstə olduğunu və işləmədiyini, özünün də həyat yoldaşına qulluq etdiyi üçün işləyə bilmədiyini, iki gün əvvəl 150 manat ödəniş etdiyini və qalan məbləği də gələcəkdə hissə-hissə ödəyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. X2 məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-78/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 9919 manat məbləğində pulun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq X4 ödənilməsi qət edilmişdir. Dəfələrlə müraciət etməsinə baxmayaraq borclu tərəfindən borc ödənilməmişdir. Əvvəllər də borcu hissə-hissə ödəyəcəyinə söz versə də, dediyi məbləği 3-4 ay ödədikdən sonra yen ödənişlər etməmişdir. İki gün əvvəl 150 manat ödəniş etsə də, o borclu tərəfindən ona olan borcun tam ödənilməsini tələb edir. Ona görə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, təəbkarın və icra məmurunun izahatlarını dinləyib belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 tərəfindən xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-78/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 9949 manat pul alınaraq X4 ödənilməlidir. Borclu qalıq qalan 5000 manat borcu üzürsüz səbəbdən ödəmir. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona inzibati cərimə cəzası tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar