Məhkəmə qərarları › İş №3(060)-969/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-969/2023

10.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-969/2023 10.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Protokol tərtib etmiş şəxsin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MTK-nın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1 və 253-1.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Sumqayıt şəhər Məhkəməsinə Şəxs MTK-nın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1 və 253-1.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 06 aprel 2023-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Məhkəmə iclasında protokol tərtib etmiş şəxsin nümayəndəsi X3 tərtib etdiyi protokola uyğun izahat verərək, protokolun düzgün tərtib edildiyini, Şəxs MTK-nın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1 və 253-1.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyini bildirdi və göstərdi ki, ağacların oyanma dövrünün yeni başlanması səbəbindən ağacların bitəcəyi və ya məhv olacaqları barədə araşdırılma tam aparıla bilməmişdir. Bütün bunların nəzərə alınaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MTK-nın nümayəndəsi və vəkili X2 protokolla razı olmayaraq bildirdi ki, Mirsalama söz verilmişdir ki, bina sökülüb yerinə bina tikilirsə, yaşıllıq bərpa olunacaq. Mirsalam onlara tikintilərini davam etdirmək üçün icazə versin. Onlar bilirdilər ki, həmin vaxt köçürmə vaxtı deyil, köçürmə olarsa ağaclar quruyacaq. Qərar olduğu halda köçürmə məsuliyyət yaratmır. Həmin gün hava pis olmuşdur, ona görə də ağaclar bərk yerləşdirilib. Hazırda da həmin ağaclar yetişir. Protokol hüquqi cəhətdən düzgün tərtib edilməmişdir. Köçürülmə götürülmə ilə eyni anlayış deyildir. Götürülmə götürüb məhv etmə deməkdir, köçürülmə isə başqa yerə köçürmə deməkdir. Həmin MTKnın sədri özü qərar qəbul etmişdir, MTK-nın təsisçilərinə məlumat verməmiş, bu barədə qərar olmamışdır. 16-cı məhəllə yeganə məhəllədir ki, həmin məhəllənin müfəssəl planı var. Sənədlər 1 il 2 aya hazırlanmışdır. Ekologiya da ona rəy vermişdir. Sənədlər onlara təqdim edilmişdir, onlar da ağacları köçürməyi, tikintinin olmasını bildirmişlər. Lakin onlar həmin yerə gəlməmişlər. Onlar gəlmədiyi üçün MTK-nın sədri özü köçürməni etmişdir. Həmin yerə baxış keçirilməmişdir. Ağacların quruması buna aid deyildir. Əgər bu barədə protokol varsa təqdim edilsin, ya da qərar verilsin. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, daxil olmuş material natamamdır, işə baxılarkən tamamlamaq mümkün deyildir, ona görə də protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlart göstərilir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.2. Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 18.3. Hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. 18.4. Bu Məcəllənin 18.2-ci maddəsində nəzərdə tutulmuş vəzifəli şəxs barəsində bu Məcəllənin 53.1.8-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraatına xitam verilməsi hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə mane olmur. 18.5 Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 18.6. Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. 18.7. Bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsaslar olmadıqda, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) inzibati xəta haqqında iş üzrə qərar qəbul edir. 18.8. Məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə qərar qəbul olunanadək hüquqi şəxs yenidən təşkil olunduqda, inzibati məsuliyyətə hüquqi şəxsin hüquqi varisi cəlb olunur. Məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə qərar qəbul olunduğu vaxtdan tam icra olunana və ya ləğv edilənədək hüquqi şəxsin yenidən təşkil olunması, yaxud təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə ləğv edilməsi qadağandır. Məhkəmə hesab edir ki, Şəxs MTK-nın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1 və 253-1.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilsə də, protokolda inzibati xətanın hansı vəzifəli şəxs və ya kim tərəfindən törədilməsi nəticəsində MTK-nın məsuliyyətinin yaranması, ağacların quruyub-qurumaması, bitmənin necə getməsi, ağacların məhv olubolmaması aydınlaşdırılmamış, tam və hərtərəfli araşdırma aparılmamışdır. İcraat zamanı, protokol tərtib edilərkən və materiallar məhkəməyə təqdim edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə tam əməl edilməmişdir. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, protokol və əlavə edilmiş sənədlər məhkəməyə daxil olduqda bu məlum olmamış, yalnız işə baxılanda, protokol tərtib etmiş şəxsin və MMC-nin nümayəndəsinin izahatından sonra müəyyən olunmuşdur ki, inzibati xətanın konkret olaraq hansı vəzifəli şəxs və ya kim tərəfindən törədilməsi nəticəsində MTK-nın məsuliyyətinin yaranması, ağacların quruyub-qurumaması, bunun nəticəsində ziyan dəyib-dəyməməsi tam olaraq aydınlaşdırılmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, bu mərhələdə protokol və ona əlavə olunmuş sənədlərin geri qaytarılması daha məqsədəuyğundur. Çünki işdə olan natamamlığı məhkəmədə aradan qaldırmaq, qanuni və əsaslı qərar qəbul etmək mümkün deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MTK tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 597.0.1-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş 06 aprel 2023-cü il tarixli, ******* protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar