Məhkəmə qərarları › İş №3(060)-970/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-970/2022

01.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-970/2022 01.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru – X2 iştirakları ilə, 21.09.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, X3 iştirakçısı, “Cəbrayılın azad olunmasına görə” medalı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təltif edilmiş, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X5 tərəfindən 18 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib olunmuşdur ona görə ki, o, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1154/2020 saylı, 18 fevral 2022-ci il tarixli icra sənədi borclu Şəxs tərəfindən üzrsüz səbəbdən icra edilməmiş, nəticədə borclunun 7400,00 manat borcu yaranmışdır. Sumqayıt şəhər Məhkəməsinin 3(060)-970/2022 saylı, 18 aprel 2022-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500,00 (beş yüz) manat məbləğində cərimə olunmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 3(060)-300/2022 saylı, 18 aprel 2022-ci il tarixli qərarından tələbkar Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Qeyd olunan qərardan verdiyi apelyasiya şikayətində tələbkar Zərərçəkmiş şəxs borclunun məsuliyyət hissinin artırılması məqsədi ilə Elnur Orucovun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati məsuliyyətə cəlb edilməsini və bir ay müddətinə inzibati qaydada həbs edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, Şəxs icra sənədi üzrə aliment borcunu qərəzli şəkildə ödəməkdən yayınır.O əlavə olaraq da qeyd etmişdir ki, onun cərimə olunması yüngül inzibati tənbehdir, belə ki o 08.01.2020-ci il tarixdən indiki vaxta qədər 2 il ərzində ümumilikdə 3000 manat məbləğində ödəniş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-273/2022 saylı, 13.05.2022-ci il tarixli qərarı ilə inzibati xəta törətmiş şəxs Şəxs tətbiq edilmiş cərimə növündə inzibati tənbeh tədbirinin yüngül tənbeh tədbiri növü olması qənaətinə gələrək, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-970/2022 saylı, 18 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi, inzibati materialın yenidən baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilməsi qərar alınmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 Məhkəmə iclasında çıxış edərək bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1154/2020 saylı, 18 fevral 2020-ci il tarixli icra vərəqəsinə əsasən 08.01.2020-ci il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay hər uşağa görə 133,33 manat olmaqla ümumilikdə 400,00 manat sabit pul məbləğində aliment tutularaq icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Bununla bağlı borclu icra idarəsinə dəvət edilmiş və icraata başlama haqqında qərarın surəti ona rəsmi qaydada təqdim edilmişdir. Lakin borclu məhkəmə qərarı ilə müəyyən edilmiş aliment üzrə ödəniş aparmamış, məhkəmə qərarını icra etməmişdir. Borclunun hərəkətləri onun məhkəmə sənədinin icrasından qərəzli olaraq boyun qaşırdığını göstərir. Hal-hazırda borclunun icra sənədi üzrə 7500,00 (yeddi min beş yüz) manatdan çox borcu yaranmışdır. Odur ki, onun barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. İcra sənədi üzrə borclu Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, həqiqətən də Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1154/2020 saylı, 18 fevral 2020-ci il tarixli icra vərəqəsinə əsasən 08.01.2020-ci il tarixdən başlayaraq ondan hər ay hər uşağa görə 133,33 manat olmaqla ümumilikdə 400,00 manat sabit pul məbləğində aliment tutularaq icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Lakin işsiz olmuş və bu səbəbdən ödəniş edə bilməmişdir. Belə ki, o “X3” iştirakçısı olmuş və müharibə zamanı ona zərər dəymişdir. Həmçinin o narkamaniya xəstəliyindən əziyyət çəkir və bu səbəblərdən işsizdir. Əlavə olaraq da təqaüd ala bilmədiyi üçün heç bir gəlir yeri yoxdur. Maddi vəziyyəti düzələcəyi təqdirdə aliment ödənişlərini edə bilər, lakin maddi vəziyyəti düzəlməzsə heç bir ödəniş edə bilməyəcək. Odur ki, barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxs barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə inzibati işin materiallarını araşdıraraq, protokolu tərtib etmiş şəxsin, barəsində protokol tərtib olunmuş şəxsin və müdafiəçisinin çıxışını dinləyərək hesab edir ki, borclu şəxs Şəxs tərəfindən icra sənədi üzrə ödəniş edilməməsi onun qərəzli olaraq Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra etməkdən boyun qaçırdığını göstərir. İş materillarında Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1154/2020 saylı, 18 fevral 2020-ci il tarixli icra vərəqəsinə əsasən 08.01.2020-ci il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay hər uşağa görə 133,33 manat olmaqla ümumilikdə 400,00 manat sabit pul məbləğində aliment tutularaq icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclunun məhkəmə qərarından xəbərdar olmuş, 2 il ərzində borclunun icra sənədi üzrə 7500,00 (yeddi min beş yüz) manatdan çox alimet borcunun yarasnmasını onun qəsdən icra sənədinin icrasından yayınmaq məqsədini təsdiq edir. Həmçinin borclu Şəxs məhkəmə iclasında işsiz olduğunu və bu səbəbdən ödəniş etmədiyini qeyd etsə də, Məhkəməyə bununla bağlı mötəbər sənəd təqdim etməmişdir. Həmçinin borclu Şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi onun icra sənədinin icrasından yayınmaq məqsədini aradan qaldırmır və üzrlü hesab edilə bilməz. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs oğlunun şəxsiyyətini, əmlak vəziyyətini, icra sənədi üzrə tələbkar şəxsin şikayətçi olduğunu, borclunun iki il ərzində 3.000 manat məbləğində ödəniş etməsini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə vurğulayır ki, ədalət mühakiməsinin məqsədlərinə nail olunması üçün məhkəmə qərarlarının qanunla müəyyən edilmiş müddətdə və tam icrası zəruridir. Odur ki, məhkəmə qərarının icrası Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə qeyd etmişdir ki, «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Avropa Məhkəməsi «Əfəndiyeva Azərbaycana qarşı» və “Tarıverdiyev Azərbaycana qarşı” qərarlarında vurğulamışdır ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun aynlmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 01 iyun 2022-ci il tarixdən hesablansın. Məhkəmə iclas zalından dərhal həbs edilsin. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Müdafiəçi Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətə Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar