Məhkəmə qərarları › İş №3(060)-972/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-972/2025

30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-972/2025 30.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X1, İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Ultramet MMC-nin direktoru, Ruzi Metal MMC-də sex rəisi vəzifəsində işləyən, Qubadlı rayonu, Qubadlı şəhərində qeydiyyatda olan, Xırdalan şəhəri, AAF Park yaşayış massivi, 23-cü məhəllə, ev 4, mənzil 25 ünvanında yaşayan (FİN: xxxxxxx) Vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4227/2011 nömrəli, xx.xx.2009-cu il tarixli icra sənədi üzrə borclu Şəxs 24 iyul 2009-cu il tarixdən hesablanmaqla hər ay "xxxx" MMC-dən 100 (yüz) manat əmək haqqının 80%-i (səksən faizi) məbləğində iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Müəssisənin direktoru Şəxs tutarlı səbəb olmadan icra məmurunun tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X2 bildirmişdir ki, borclu Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4227/2011 nömrəli, xx.xx.2009-cu il tarixli icra sənədi üzrə borclu Şəxs 24 iyul 2009-cu il tarixdən hesablanmaqla hər ay "xxxx" MMC-dən 100 (yüz) manat əmək haqqının 80%-i (səksən faizi) məbləğində iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulmalı və "xxxx" MMC-dən mənəvi zərərin əvəzi olaraq 1500 (min beş yüz) manat məbləğində pul alınıb Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi İcra İdarəsinə daxil olduqdan sonra icraata başlanılmışdır. MMC tərəfindən xx.xx.2019-cü il tarixdə 5000 AZN, xx.xx.2019-cu il tarixdə 56.56 AZN, xx.xx.2019-cü il tarixdə 6365 AZN, xx.xx.2019-cu il tarixdə 80 AZN və xx.xx.2020-ci il tarixdə 80 AZN tələbkara ödəniş edilmişdir. MMC-nin hazırki tarixə 5038 manat tələbkara ödənilməmiş borcu mövcuddur. Borclunun tələbin yönəldilməsi məqsədi üçün hər hansı əmlak və ya gəlir mənbəyi müəyyən edilməmişdir. MMC müvəqqəti fəaliyyətini dayandırmışdır. MMC-nin direktoru Şəxs hazırda müəssisənin vəzifəli şəxsidir. Sonuncu dəfə İcra İdarəsinin depozit hesabına 1000 manat ödəniş etmiş, lakin tələbkar həmin məbləği götürməkdən imtina etmişdir. Həmin məbləği ümumi borcdan çıxdıqda hazırda 4098 manat məbləğində pul tələbkara ödənilməlidir. Borclunun izahatı alınmış hissə-hissə tələbkara ödəniş edəcəyini qeyd etmişdir. Müəssisənin əmlakını müəyyən edə bilmədiklərinə görə bu zamanadək icra sənədi üzrə heç bir tədbir görülməmişdir. Tərtib olunmuş protokolu müdafiə etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, MMC-nin 2018-2019-cu il tarixlərində direktoru olmuşdur. Sözügedən icra sənədi onun dövründən əvvəl olmuşdur. O, müəssisəni təhvil aldığı zaman bu barədə ona heç nə deyilməmiş, hər şeyin qaydasında olduğunu, tələbkarla bağlı olan məsələnində həll edildiyini bildirmişlər. İcra sənədindən təxminən 1 ay bundan əvvəl icra məmurunun vasitəsi ilə məlumatlı olmuşdur. MMC-nin direktoru olduğu dövrdə tələbkara ödəniş etməli olduğunu bilməmişdir. Sözügedən borcu hissə-hissə olmaqla tələbkara ödəyəcəkdir. Qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Şəxs 2019-cu il tarixdə tanımış, lakin hansı vəzifəni icra etdiyini bilməmişdir. Sonuncu dəfə bir ay əvvəl icra məmurunun yanında olmuşdur. Hazırda tələbi ondan ibarətdir ki, ona ödənilən 80 manat ödənişlə razı deyil, sağlamlığı imkan vermədiyindən heç yerdə işləyə bilmir və bu səbəbdən dolana bilmir. Protokolda qeyd edilən məbləğlə razıdır. Depozit hesabında olan pulu sözügedən məbləğin indeksləşdirilməsini istəməsinə görə qəbul etmir. Qeyd edilənləri nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4227/2011 nömrəli, xx.xx.2009-cu tarixli icra sənədindən görünür ki, Şəxs 24 iyul 2009-cu il tarixdən hesablanmaqla hər ay "xxxx" MMC-dən 100 (yüz) manat əmək haqqının 80%-i (səksən faizi) məbləğində iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulmalı və "xxxx" MMC-dən mənəvi zərərin əvəzi olaraq 1500 (min beş yüz) manat məbləğində pul alınıb Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarında olan xx.xx.2012-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4227/2011 nömrəli, xx.xx.2009-cu il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan ərizə və qəbzlərdən görünür ki, xx.xx.2019-cü il tarixdə 5000 AZN, xx.xx.2019-cu il tarixdə 56.56 AZN, xx.xx.2019-cü il tarixdə 6365 AZN, xx.xx.2019cu il tarixdə 80 AZN, xx.xx.2020-ci il tarixdə 80 AZN və xx.xx.2025-ci il tarixdə 1000 AZN miqdarında tələbkara ödənişlər edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, Şəxs icra sənədindən xəbəri olmadığını və ona aidiyyatının olmadığını qeyd etmişdir. Təsvir olunanlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi mövcud deyil. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 oktyabr 2012-ci il tarixli Qərarına əsasən məhkəmə aktlarını icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Hazırkı iş xx.xx.2012-ci il tarixində icraata başlamaq haqqında qərar qəbul edilmiş, Şəxs isə icra sənədi ilə xx.xx.2024-cü il tarixində xəbərdar edilmişdir. xx.xx.2025-ci il tarixində Şəxs tələbkar Zərərçəkmiş şəxs 1000 manat ödəniş etmişdir. Həmçinin, S.Hadıyev məhkəmə iclasında verdiyi izahatda 1000 manat ödənişdən əlavə olaraq borcun əmək haqqısına da yönəldilməsinə razı olduğunu bildirmişdir. Hazırda "xxxx" MMC fəaliyyətini dayandırsa da Şəxs həmin müəssisənin direktoru vəzifəsindədir. Bunda görə də həmin borcun və aylıq 80 manat ödənişin ödənilməsində məsuldur. Lakin, Şəxs 2018-ci il tarixindən həmin müəssisədə direktor vəzifəsində fəaliyyət göstərməsinə baxmayaraq 2024-cu ilin dekabr ayından barəsində icra sənədindən xəbərdar olması, bundan sonra 1000 manat ödənişi tələbkarın depozit hesabına köçürməsi əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibinin olmasını istisna edir. İXM-in 528.1-ci maddəsinin tərkibinin yaranması üçün icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya digər qanuni tələblərin yerinə yetirilməməsi mövcud olmalıdır. Həmçinin Şəxs hərəkətlərində qərəz olması da müəyyən edilmir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, icra sənədinin icrası zamanı olan gecikmələrə Şəxs münasibəti qərəzli olmamışdır. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda-inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 53, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xətanın tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar