Məhkəmə qərarları › İş №3(060)-976/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-976/2025

21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-976/2025 21.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin böyük icra məmuru X1, İnzibati xəta haqqında iş üzrə tələbkar Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi Nümayəndə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1975-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-1 və 529.2-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protolollara və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Rüfət Məmmədov tərəfindən Şəxs barəsində İXM-nin 528.1-1 və 529.2-ci maddələrinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* və ******* nömrəli protokollar tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı və xx.xx.2025-ci il tarixli MN ******* saylı protkollarla bağlı işlər bir icraatda birləşdirilmişdir. Protokolda göstərilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2241/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədi borclu Şəxs tərəfindən üzrsüz səbəbdən 1 il ərzində təkrar icra edilməmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(060)-2733/2024-004 saylı icra sənədi qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmiş bununla da, o, İXM-nin 528.1-1 və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iclasında Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Rüfət Məmmədov tərtib etdiyi protokola uyğun izahat verərək bildirmişdir ki, borclu Şəxs barəsində İXM-nin 528.1.-1 və 529.2-ci maddələri 2 protokol tərtib etdiyini baxılması üçün məhkəməyə təqdim etdiyini bildirmişdir. Protokollardan biri Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədi ilə bağlı ki, həmin icra sənədinə əsasən borcludan 7056,04 manat məbləğində borc və 90,57 manat dövlət rüsumunun əvəzi tutularaq Zərərçəkmiş şəxs ASC-nin xeyrinə ödənilməlidir. 03 iyul 2023-cü il tarixində iş icraata daxil olsa da, bu günə qədər heç bir ödəniş edilməmişdir. BU səbəbdən 30 oktyabr 2024-cü ildə borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilmiş, məhkəmənin qərarı ilə Şəxs 500 manat məbləğində cərimə olunmuş, lakin borclu həmin cərimə məbləğini qanunla müəyyən edilmiş vaxtda ödəməmişdir. Bu səbəbdən sonuncu barəsində eyni zamanda İXM 529.2-ci maddəsi ilə protokol tərtib edilib məhkəməyə göndərilmişdir. Protokolları müdafiə edir və qanuna müvafiq qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs ASC-yə borcunun olmasını qəbul edir. Belə ki, həmin bankdan iki müqavilə əsasında kredit götürmüş, onlardan birində əsas borclu özü olmuş, digər müqavilədə isə zamin olmuşdur. Qeyd edir ki, tanışına zamin durmuş, həmin şəxs ölkə xaricinə qaçmış, bü səbəbdən borcun ödənilməsi öhdəliyi onun üzərinə qalmışdır. Dolları məzənnəsi ilə olan kredit borcunu qismən ödəməyə çalış da, hazırda bu iş üzrə borcunu ödəməyə imkanı yoxdur. Barəsində məhkəminin qərarı ilə 500 manat cərimə tətbiq edilsə də, həmin cəriməni də ödəməyə imakı olmamışdır. Ona məhkəmə tərəfindən 10-15 gün vaxt verilərsə borcun müəyyən hissəsini ödəyə biləcəyini bildirir. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını, borcu ödəyə bilməsi üçün vaxt verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə tələbkar Zərərçəkmiş şəxs ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə bildirmişdir ki, borclu tərəfindən ötən müddət ərzində banka heç bir ödəniş edilməmişdir. Bundan öncə də Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmin zaman da məhkəmə borcluya münasibətdə tətbiq edilən tənbehin yüngül olduğunu və borcun icrasının təmin etməli olduğunu ona izah etmişdir. Lakin borclu sonraki müddətdə də icra sənədinin icrası ilə bağlı heç bir tədbir görülməmişdir. Protokolun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə borclunun vəkili Vəkil Şəxs maddi vəziyyətini, xəstəliyini nəzərə alaraq şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilən iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2241/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Elnur Hüseynzadan 7056,04 manat borc və 90,57 manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2733/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Şəxs ödəniş etməsi barədə xəbərdar olunmuş, qərarın könüllü icrası barədə bildiriş və qərar ona xx.xx.2024-cü il tarixdə şəxsən təqdim edilmişdir. Elektron icra informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, borcluda tələbin yönəldilə biləcəyi əmlak mövcud olmamışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 528.1-1 və 529.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi tam sübuta yetirilir. AR Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Qanunun 43-cü maddəsində icra məmurları tərəfindən görülə bilən məcburi icra tədbirləri kimi borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər nəzərdə tutulmuşdur. İXM-nin 43.1-ci maddəsinə əsasən həmin məcəllənin 528.1-1 və 529.2-ci maddələri ilə tərtib edilmiş protokollara baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. İXM-nin 528.1-1-ci maddəsinə əsasən bu məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclu tərəfindən məhkəmə və digər orqanların qərarlarının üzrsüz səbəbdən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. İXM-nin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt şəhər məhkəməsinin 2(060)- 2241/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borcu Elnur Hüsenzadə cəmi 7056,014 manat məbləğində borcu tələbkar "xxxx" ASC-yə qanunla müəyyən edilmiş vaxtda ödəməmiş, bundan sonra icra məmuru tərəfindən borclu barəsində protokol tərtib edilərək baxılması üçün həmin məhkəməyə təqdim edilmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Lakin bundan sonra da hər iki icra sənədini borclu qanunla müəyyən edilmiş vaxtda icra etməmişdir. Göstərilən səbəbdən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri bir il ərzində eyni icra sənədinə münasibətdə icra sənədindəki tələbin üzrsüz səbəbdən borclu tərəfindən müəyyən edilmiş müddətdə icra edilməməsi, icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələblərinin yerinə yetirilməməsi və cərimə növündə inzibati tənbeh tədbirinin qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi kimi qiymətləndirilməlidir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh tərbiyəvi xarakter daşıdığından, həmçinin vətəndaşların hüquq şüurunun və mədəniyyətinin, qanunlara hörmət və əməl edilməli olması ilə bağlı vərdişlərinin formalaşmasında mühüm rol oynadığından, məhkəmə və digər orqanların inzibati tənbeh tətbiq etmə haqqında qərarlarının icrası zamanı icra məmurları müxtəlif qanuni vasitələrdən istifadə edərək qərarların icrasının təmin edilməsi üçün şərait yaratmalı, bunu qanunvericiliklə nəzərdə tutulmuş müddətlər daxilində etməli və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati təsir tədbirlərindən istifadə etməlidir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam, obyektiv şəkildə baxaraq, iş üzrə sübutları və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati cərimənin və tələbkara borcun ödənilməməsi üzrsüz səbəbdən olmuşdur. İcra sənədinin icra olunması məqsədilə bütün tədbirlər görülmüş, ancaq icrasını təmin etmək mümkün olmamışdır. Onun əməlində İXM-nin 528.1-1-ci və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. İş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilən əsaslar yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində icra məmuru tərəfindən qanunvercilikdə nəzərdə tutulmuş mümkün məcburi icra tədbirləri tətbiq edilmiş, lakin icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır, nəticədə Şəxs İXM-nin nin 528.1-1-ci və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və bu səbəbdən ona inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Şəxs əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır, məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs İXM-nin 529.2-ci maddəsinin sanksiyası həddində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməli, onun üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 28.1-28.3-1-ci maddələrinə əsasən ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. İctimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. İctimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Eyni zamanda məhkəmə hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, 3(060)-2733/2024 qərarının icrasına xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun İXM-nin 150.9-cu maddəsinin həmin məcəllənin 38, 145.1.6- və 146.1-1-ci maddələri ilə əlaqqəli şəkildə şərh edilməsinə dair” 28 mart 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 145.1.6-cı maddəsinə müvafiq olaraq barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərarı icra etməməyə görə bu Məcəllənin 529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildikdə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qərarın icrasına xitam verir. Bu cür hüquqi tənzimetmə hüququn hamılıqla qəbul edilmiş eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipindən irəli gəlir. Eyni əmələ görə təkrarən məsuliyyətə cəlb edilməyə yol verilməməsinə dair prinsip inzibati xətalar qanunvericiliyində də əks olunmuşdur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinə müvafiq olaraq, bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Məhz bu prinsipdən çıxış edərək qanunverici barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsin həmin qərarı icra etməməyə görə İnzibati Xətalar Məcəlləsinin 529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildiyi halda onun barəsində əvvəlki inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsini nəzərdə tutmuşdur. İXM-nin 145.1-ci maddəsinə əsasən inzibatui tənbeh vermə hqqında qərarı qəbul etmiş hakim, səlaihiyyətli orqan barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxırılmış şəxs həmin qərarı icra etməməyə görə bu məcəllənin 529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildikdə qərarın icrasına xitam verilir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin-nin 528.1-1 və 529.2-ci maddələri ilə təqsirli bilinsin və onun barəsində həmin məcəlləninn 529.2-ci maddəsinə əsasən 160 (bir yüz altmış) saat müddətində ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq olunsun. Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, 3(060)-2733/2024 qərarının icrasına xitam verilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar