Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-98/2025 07.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Sənan Qasımlının, X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, mağazada nəzarətçi işləyən, Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 11/22A, mənzil 16-da qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Sənan Qasımlı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, borclu Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2220/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Hazırda 430 (dörd yüz otuz) manat ödənilməyən borc qalmışdır. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Sənan Qasımlı bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2220/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs iddiaçı X4 xeyrinə xx.xx.2013cü il təvəllüdlü X3 və xx.xx.2018-cı il İ təvəllüdlü X12 oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulmalıdır. Qeyd edilən icra sənədi xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuş, qərar və bildiriş məlumat üçün tərəflərə və məhkəməyə göndərilmişdir. Könüllü icra zamanı borclu ödəniş etmədiyinə görə məcburi icra tədbirlərinə başlanılmışdır. Məcburi icra tədbirləri əsasında borclu dəvət olunaraq dəfələrlə izahatı alınmış, barəsində bir neçə dəfə inzibati xəta haqqında protokol tərtib olunmuş, axırıncı dəfə borclu tələbkarla razılığa gəldiyi üçün inzibati xəta haqqında icraata xitam verilmişdir. Bu günə borclunun 430 (dörd yüz otuz) manat ödənilməyən aliment borcu vardır. Borcluya borcunu ödəməsi təklif olunmuş, lakin o, borcu ayın axırı odəyəcəyini bildirmişdir. Ödənilməmiş 430 (dörd yüz otuz) manat aliment borcu əvvəldən qalan borcdur. Borclu aylıq ödənişləri ödəyir və dekabr ayının ödənişi ilə birlikdə qalıq borcdan 100 (bir yüz) manat ödəmiş, cəmi 430 (dörd yüz otuz) manat aliment borcu qalmışdır. Tələbkar narazı olduğuna görə borclunun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə müraciət edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, icra məmurunun qanuni tələblərinə tabe olmuş, onun bütün çağırışlarına getmişdir. Cəmi 430 (dörd yüz otuz) manat aliment borcu vardır, həmin borcu ayın axırı ödəyəcəyini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir, Məhkəmə iclasında iştirak edən tələbkar X7 izahatında bildirmişdir ki, borclu Sumqayıt şəhərində ən bahalı hündür mərtəbəli binada yaşayır. Onun qalıq aliment borcunu ödəyə bilməməsi mümkün deyildir. Borclu hər dəfə ödəniş edən zaman hər ay 60-70 manat az ödəyir. O, borclu ilə 5 il əvvəl ayrılmış, lakin 2 il aliment borcunu ona bağışlamışdır. 3 ildir aliment alır və bu müddət ərzində aliment miqdarı artsa da, bu barədə məhkəməyə müraciət etməmişdir. Valideyn olaraq uşaqların nə təhsili, nə də tərbiyəsi ilə maraqlanmır. Ödəyəcəyi hər ay 350 (üç yüz əlli) manatdır. Həmin məbləğin hər ay tam ödənilməsini tələb edir. Hər dəfə əksik pul ödəyən zaman borcluya niyə belə ödəniş etdiyini soruşan zaman borclu ona “əcəb edirəm” ifadələrini işlədir. Borclu məhkəmə iclasında qalan 430 (dörd yüz otuz) manat aliment borcunu ayın axırını ödəyəcəyini bildirsə də, ödəniş etməyəcəkdir. Borcun tam ödənilməsini tələb edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2220/2021 saylı, xx.xx.2021-ci tarixli icra sənədindən görünür ki, xx.xx.2013-cü təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X12 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq, hər ay 350 manat məbləğində sabit pul şəkilində aliment tutularaq X2 ödənilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2220/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və borclu xx.xx.2021-ci il tarixdə qərarla tanış edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “tələbin könüllü ödənilməsi haqqında bildirişdən” görünür ki, borclu Şəxs xx.xx.2021-ci il tarixdə bildirişlə tanış edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-126/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, borclu Şəxs xx.xx.2022-ci il tarixə qədər olan 4070 (dörd min yetmiş) manat aliment pulunu icra məmuru vasitəsilə nəğd şəkildə almışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, icra məmurunun, tələbkarın, Şəxs izahatlarından və iş materiallarından göründüyü kimi icra sənədi üzrə borclu tərəfindən ödənişlərin gecikdiriməsi halları olsa da, həmin hallar onun qərəzli münasibətindən irəli gəlməmişdir. Borclu Şəxs hər ay tələbkarın bank hesabına aliment ödənişləri etmişdir. Belə ki, borclu bu günədək məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğindən keçmiş dövrlərdən qalmış 530 (beş yüz otuz) manat borcu olmuş, xx.xx.2024-cü il tarixdə də 100 (bir yüz) manat ödəyərək, borcu 430 (dörd yüz otuz) manata endirmişdir. Qeyd edilən hallar isə borclunun qərəzli olmamasını təsdiq edir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 oktyabr 2012-ci il tarixli Qərarına əsasən məhkəmə aktlarını icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, icra sənədinin icrası zamanı olan gecikmələrə Şəxs münasibəti qərəzli olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda-inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 53, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-98/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-98/2025
07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver