Məhkəmə qərarları › İş №3(060)-980/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-980/2024

08.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-980/2024 08.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi , Protokolu tərtib edən şəxs - Sumqayıt şəhər Polis İdarəsi 4-cü Polis Bölməsinin sahə rəisi, polis mayoru Eldar İbrahimovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1968-ci ildə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Salyan rayonu, Qaraçala qəsəbəsində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 15:05-də Sumqayıt şəhəri, Xəzər bağları ərazisindən 4-cü PB-nə gətirildikdə narkotik vasitə marixuana istifadə etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis mayoru Eldar İbrahimov izahatında göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 15:05-də Sumqayıt şəhəri, Xəzər bağları ərazisindən 4-cü PB-nə gətirildikdə narkotik vasitə marixuana istifadə etdiyi müəyyən edilmişdir. Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən 07 may 2024-cü il tarixdə cinayət işinin başlanması rədd edilmiş, vət.Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibi olduğundan sonuncu barəsində inzibati qaydada tədbir görülməsi üçün qərar Sumqayıt ŞPİnin 4-cü PB-nə həvalə edilmişdir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, 5-6 gün bundan əvvəl rayona getmiş, 3-4 gün orada, yaşlı atasının yanında qalmış, orada olan zaman bir neçə şəxsin narkotik vasitədən istifadə etdiyini görmüş, ona da təklif etmişlər, o da istifadə etmişdir. Sifət nahiyəsində olan xəsarətlə bağlı bildirdi ki, rayonda olan zaman alça yığmaq üçün ağaca çıxmış, hava yağışlı olduğundan sürüşüb yıxılmışdır. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixoloji təsir edilməmişdir. Əməlindən peşmandır. Himayəsində iki azyaşlı qız övladı vardır. Ailədə yeganə qazanc gətirən şəxsdir. Məhkəmədən nəzərə alaraq barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil bildirdi ki, şəxsin üzərində narkotik vasitə olmamış, həmçinin müdafiə hüququ pozulmuşdur. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolu tərtib etmiş şəxsi, müdafiəçini dinləyib və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiqi olmalıdır. Belə ki, iş materiallarında olan A/951 saylı, xx.xx.2024-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs marixuana qəbulu faktı aşkarlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3057 nömrəli rəyində qeyd olunur ki, müayinə zamanı Şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 17:45-də inzibati qaydada tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 16:20-də azad edilmişdir. İş materiallarından görünür ki, Şəxs Sumqayıt şəhər Məhkəməsinin 1(060)-941/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məsuliyyəti ağırlaşdıran hallar və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir,işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla,bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə araşdırması zamanı Şəxs narkotik vasitədən istifadə etməsi özünün, protokol tərtib etmiş şəxsin izahatları və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə inzibati xəta tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə alır və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tətbiq etməyi məqsədəuyğun hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs müayinə zamanı narkotik vasitələrin üç növündən istifadə etməsi aşkar olunmuş, qeyd olunan hal özünün ifadəsi və iş materialları ilə təsdiqini tapmışdır. Başqa sözlə narkotik vasitələrin istifadə növləri kateqoriya üzrə opioidlər, kannabinoidlər və psixostimulyatorlar sinfinə bölünür və Şəxs hər üç sinfə aid narkotik vasitələrin qəbulu nəticəsində aslılıq sindromu aşkar olunur. Həmçinin iş materiallarından göründüyü kimi Şəxs narkotik vasitələrin qanunsuz istifadəsi ilə bağlı azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, məhkumluğu ödənilmədən və cəza çəkdiyi dövrdə onda yenidən narkotik vasitə istehlakı faktı aşkarlanmışdır. Eyni zamanda şəxsə məcburi müalicə təyin edilməsi məsələsinin baxılması qanunvericiliyə əsasən yalnız inzibati həbs tənbeh növü tətbiq olunarkən nəzərdə tutulduğundan və inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunmasını müəyyən edildiyindən məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, ona məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materiallarından göründüyü kimi Şəxs 07 may 2024-cü il tarixdə inzibati qaydada tutulmuş, 08 may 2024-cü il tarixdə azad edilmişdir. Lakin məhkəməyə polis əməkdaşları vasitəsi ilə gətirildiyindən, yəni məcburi qaydada iradəsindən kənar məhkəməyə gəldiyi üçün Şəxs tutulduğu vaxtdan işin məhkəmədə baxılana qədər onun azadlığının məhdudlaşdırılması davam etdiyindən inzibati qaydada həbsetmə müddətinin əvvəlini onun tutulduğu gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1,115,129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs olunsun. Həbs etmənin əvvəli 07 may 2024-cü il tarixdən hesablansın. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə və məcburi müalicənin icrasına nəzarət edilməsi hissəsində Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətə Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar