Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-982/2021 30.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, icra sənədi üzrə tələbkar X3 etibarnamə üzrə nümayəndəsi X2, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 iştirakları ilə, xx.xx.1963-cü ildə Kürdəmir rayonu, Şilyan kəndində doğulmuş, evli, orta təhsilli, “Karvan” TM-də təsərrüfatçı vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X7 tərəfindən 30 mart 2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhəri Məhkəməsinin 2(060)-59/2017 saylı 21 noyabr 2017-ci il tarixli icra vərəqəsinə əsasən 209.000,00 manat pulun X3 xeyrinə ödənilməsi hissəsi üzürsüz səbəbdən icra etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X7 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt Şəhəri Məhkəməsinin 2(060)- 59/2017 saylı 21 noyabr 2017-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 209.000,00 manat pul X3 xeyrinə ödənilməsi hissəsində üzürsüz səbəbdən icra etməmişdir. Borclu halhazırda heç bir ödəniş ödəyə bilmir lakin, borcun ödənilməsi üçün hər ay əmək hqqısının 100% həcmini icra sənədi üzrə tələbkarın xeyrinə ödəyə biləcəyini bildirmişdir. Tələbkar şikayət etdiyinə görə borclu barəsində protokol tərtib etmişdir. Sumqayıt Şəhəri Məhkəməsinin 2(060)-59/2017 saylı 21 noyabr 2017-ci il tarixli icra vərəqəsinə əsasən 25 fevral 2021-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilmişdir. Həmin qərar 18 mart 2021-ci ildə borcluya təqdim edilmişdir. Məhkəmədə icra sənədi üzrə tələbkar X3 etibarnamə üzrə nümayəndəsi X5 izahatında göstərdi ki, Sumqayıt Şəhəri Məhkəməsinin 2(060)-59/2017 saylı 21 noyabr 2017-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 209.000,00 manat pul X3 xeyrinə tutulmalıdır. Hal-hazırda borclu bu günə kimi heç bir ödəniş etməmişdir. O, “Karvan” Ticarət Mərkəzində maqazin işlədirdi. “Karvan” TM-də yanğın hadisəsi baş verdiyi zaman ona 700,000,00 manat, qardaşına isə 209.000,00 manat maddi ziyan dəymişdir. Ona dəymiş 700.000,00 manat ziyanla bağlı borclular ilə onun razılaşması olsa da lakin, 209.000,00 manat məbləğində dəymiş ziyanla bağlı aralarında heç bir və razılaşma olmamışdır. İcra sənədi üzrə tələbkar qeyd olunanların nəzərə alınaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunla müəyyən olunmuş qaydada inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü qismən təqsirli bilərək, izahatında göstərdi ki, Sumqayıt Şəhəri Məhkəməsinin 2(060)-59/2017 saylı 21 noyabr 2017-ci il tarixli icra vərəqəsinə əsasən ondan 209.000,00 manat pul X3 xeyrinə ödənilməlidir lakin o, sözü gedən hadisə ilə bağlı məhkəmə hökmü ilə 4 il 7 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 19.12.2020-ci il tarixdə cəzasını çəkib qurtardıqdan sonra cəzasının sonu ilə cəzadan azad edilmişdir. O, həbs cəzası cəkdikdən sonra maddi imkanı daha da pisləşmişdir. Həyat yoldaşı onkoloji xəstədir. Hazırda icra sənədi üzrə 209.000,00 manatı ödəməyə maddi imkanı çatmır. Lakin indiki dövürdə o, 300,00 manat məbləğində “Karvan” TM-də təmzilik işlərində çalışır. Borcun ödənilməsi üçün hər ay əmək hqqısının 100% həcmini icra sənədi üzrə tələbkarın xeyrinə ödəyə bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qeyd olunanların nəzərə alınaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə icra məmurunu, icra sənədi üzrə tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan icraata başlama haqqında qərardan görünür ki, 25 fevral 2021-ci il tarixdə Sumqayıt şəhəri ürə İcra idarəsinin icra məmuru Gündüz Aslanov tərəfindən Sumqayıt Şəhəri Məhkəməsinin 2(060)-59/2017 saylı 21 noyabr 2017-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs barəsində icraata başlama haqqında qərar qəbul edilmişdir. Həmin qərar 18 mart 2021-ci ildə borcluya təqdim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 12 saylı X10 müəssisəsinin 31 oktyabr 2019-cu il tarixli 17/52-1000 №-li 185 saylı şəxsi işə dair arayışdan görünür ki, 12 saylı X10 müəssisəsində cəza çəkən, Azərbaycan respublikası Ali Məhkəməsinin 16.02.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsinə əsasən 4 il 7 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkum Şəxs cəzasının əvvəli 20.05.2016-cı il; cəzasının sonu 20.12.2020-ci il Pentensiar Xidmətin 23.02.2017-ci il tarixli 17/4-2424 saylı məktubuna əsasən məhkum Şəxs 23.02.2017-ci il tarixdə 17 saylı cəzaçəkmə müəssisəsindən 12 saylı X10 müəssisəsinə keçirilməsi qeyd olunmuşdur. İş materiallarında olan arayışdan görünür ki, məhkum Şəxs 12 saylı X10 müəssisəsində cəza çəkdiyi müddətdə Sumqayıt şəhər İcra və Probasiya şöbəsinin 2(060)-59/2017 saylı, 21 noyabr 2017-ci il tarixli icra vərəqəsinə əsasən heç bir ödəniş etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 12 saylı X10 müəssisəsinin rəis vəzifəsini icra edən ədliyyə polkovnik-leytenantı Ziya Hümmətov tərəfindən Sumqayıt şəhəri üzrə icra idarəsinin rəis müavini Kazım Kazımova ünvanladığı 22 yanvar 2021-ci il tarixli 17/52-50 №-li məktubunda qeyd olunmuşdur ki, məhkum Şəxs 19.12.2020-ci il tarixində 12 saylı X10 müəssisəsindən azad olunduğu üçün ona aid olan 21 noyabr 2017-ci il tarixli 2(060)-59/2017 saylı icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Sumqayıt şəhəri üzrə İcra idarəsinə göndərilmişdir. İş materiallarında olan arayışdan müəyyən olunmuşdur ki, Şəxs “Karvan” TM-də müqavilə əsasında fəaliyyət göstərən fiziki şəxs X6 obyektində aylıq 300 manat əmək haqqı almaqla təsərrüfatçı vəzifəsində işləyir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, sözü gedən icra sənədi ilə bağlı Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Gündüz Aslanov tərəfindən 25.02.2021ci ildə icraata başlama haqqında qərar qəbul edilərək tələbin könüllü icrası haqqında bildiriş borclunun qeydiyyatda olduğu ünvana göndərilməsi qeyd edilsə də, icraata başlama haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş 18 mart 2021-ci ildə ona təqdim olunmuşdur. Bundan başqa borclu təqaüd və əmək haqqı alması barədə icra məmuruna bildirsə də, tutma onun təqaüd və əmək haqqına yönəldilməmişdir. Bununla da icra tədbirləri qanunda nəzərdə tutulan qaydada tam aparılmayaraq, 2 iş günü ərzində heç bir üzürsüz səbəb müəyyən olunmadan inzibati xəta haqqında protokol tərtib etmişdir. Beləliklə məhkəmə araşdırması zamanı Şəxs tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məhkəmə baxışında təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində MN seriyalı ******* №li inzibati xəta haqqında protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət və ya protest verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-982/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-982/2021
30.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver