Məhkəmə qərarları › İş №3(060)-985/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-985/2025

06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-985/2025 06.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, X1 iştirakları ilə, Sumqayıt ŞPİ-nin X6 Şöbəsinin xx.xx.2025-ci il tarixli TP7191420 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt ŞPİ-nin X6 Şöbəsinin xx.xx.2025-ci il tarixli TP7191420 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il saat 11:00 radələrində Sumqayıt şəhəri, Azərbaycan prospekti, Köhnə Prokurorluq deyilən ərazisində etibarnamə ilə idarə etdiyi “Lexus LX 570” minik markalı, ** SF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə dayandığı zaman YPX əməkdaşı Samir Gülməmmədov ona yaxınlaşaraq idarə etdiyi nəqliyyat vasitəsinin əvvəlki sahibi barədə soruşmuş, o da cavabında tanımadığını bildirmişdir. Bu vaxt YPX əməkdaşı Samir Gülməmmədov onun adını soruşmuşdur. Polis əməkdaşından nə səbəbdən adını soruşduğunu bildirmiş, sonuncu isə barəsində protokol tərtib olunduğunu və narazı qalacağı təqdirdə Sumqayıt ŞPİ-nin DYPŞ-nə müraciət etməli olduğunu bildirmişdir. Daha sonra Sumqayıt şəhəri, Azərbaycan prospekti, Köhnə Prokurorluq deyilən ərazidən uzaqlaşmışdır. YPX əməkdaşı Samir Gülməmmədov ona inzibati xəta hqqında protokolu kağız daşıyıcıda təqdim etməmişdir. Hadisədən iki aya yaxın vaxt keçməsinə baxmayaraq tərtib olunmuş inzibati xəta haqqında protokol barədə hər hansı bir qərar qəbul edilməmişdir. Müxtəlif qurumlara şikayət etdikdən sonra nəhayət onu xx.xx.2025-ci il tarixdə Sumqayıt ŞPİ-nin DYPŞ-nə dəvət etmişlər. İnzibati xəta haqqında protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və ona təqdim edilmişdir. Bu vaxt o, polis əməkdaşlarından hansı əsasla inzibati tənbeh vermə haqqında qərar qəbul ounmasını soruşan zaman onlar belə düşündüklərini bildirmişlər. Buna görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayətinin maiyyətinə uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərarında şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt ŞPİ-nin X6 Şöbəsinin xx.xx.2025-ci il tarixli TP7191420 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X3 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. Belə ki, iş materiallarına əlavə edilmiş Sumqayıt ŞPİ-nin X6 Şöbəsinin xx.xx.2025-ci il tarixli TP7191420 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 xx.xx.2025-ci il tarixdə saat 11:06-da “Lexus LX570” minik markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri, Azərbaycan prospekti, Köhnə Prokurorluq deyilən ərazidə idarə edərkən yol ayrıcını keçmə qaydalarını pozmuş, buna görə də Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, “Lexus LX570” minik markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobili sağa manevr edərək baş yola çıxan zaman baş yolda eyni zolaqda ağ rəngli digər nəqliyyat vasitəsi hərəkətdə olmuşdur. “Lexus LX570” minik markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobili baş yola daxil olan vaxt digər nəqliyyat vasitəsi azı 20- 25 metr məsafədə olmuş, “Lexus LX570” minik markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilin əsas yola daxil olmasına görə hərəkət sürətini azaltmamış, tormozlamamış, hərəkət istiqamətini dəyişməmiş və əvvəlcədən olan hərəkət tempinə uyğun yoluna davam etmişdir. Beləliklə də müəyyən edilmişdir ki, X3 xx.xx.2025-ci il tarixdə saat 11:06-da “Lexus LX570” minik markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri, Azərbaycan prospekti, Köhnə Prokurorluq deyilən ərazidə idarə edərkən sağa manevr edərək baş yola çıxan zaman baş yolda eyni zolaqda ağ rəngli digər nəqliyyat vasitəsi hərəkətdə olmuşdur. “Lexus LX570” minik markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobili baş yola daxil olan vaxt digər nəqliyyat vasitəsi azı 20-25 metr məsafədə olmuş, “Lexus LX570” minik markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilin əsas yola daxil olmasına görə hərəkət sürətini azaltmamış, tormozlamamış, hərəkət istiqamətini dəyişməmiş və əvvəlcədən olan hərəkət tempinə uyğun yoluna davam etmişdir. Qeyd edilən hal YXP əməkdaşı tərəfindən əsas yolla hərəkət edən nəqliyyat vasitəsinə yol-verməmə kimi qiymətləndirilmiş, nəticədə X3 yol ayrıcını keçmə qaydalarını pozması əsası ilə Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə hesab edir ki, indiki halda X2 qeyd edilən hərəkətləri, digər nəqliyyat vasitəsinə yol verilməməsi və yol ayrıcını keçmə qaydalarının pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 41-ci bəndinə əsasən yol vermək – sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini və piyadaları qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edə biləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsidir. İndiki halda təqdim edilmiş video görüntülərlə də müəyyən edilimişdir ki, X2 idarə etdiyi nəqliyyat vasitəsi ilə baş yola daxil olması baş yolda hərəkətdə olan nəqliyyat vasitəsinin hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə səbəb olmamışdır. Göründüyü kimi məhkəmə araşdırması zamanı hazırda mübahisəndirilən inzibati tənbeh tətbiq etmə barədə qərar üzrə X2 hərəkətlərində hər hansı inzibati xəta tərkibinin olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt ŞPİ-nin X6 Şöbəsinin xx.xx.2025-ci il tarixli TP7191420 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin olunsun. Sumqayıt ŞPİ-nin X6 Şöbəsinin xx.xx.2025-ci il tarixli TP7191420 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X2 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Bu qərar Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin Mərkəzi İnformasiya sistemində X2 adına qeyd edilmiş xx.xx.2025-ci il tarixli TP7191420 nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə inzibati cərimənin və ona hesablanmış dəbbə pulunun silinməsi üçün əsasdır. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar