Məhkəmə qərarları › İş №3(060)-990/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-990/2025

22.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-990/2025 22.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs-Sumqayıt ŞPİ-nin 5-ci PB-nin sahə rəisi, polis leytenantı X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1993-cü ildə Qobustan rayonu, Ərəbqədim kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Qobustan rayonu, Ərəbqədim kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, St Sumqayıt qəsəbəsi, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Sumqayıt Şəhər Polis İdarəsi 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-nin 510-cu maddəsinə uyğun olaraq inzibati xəta haqqında MN ******* saylı, xx.xx.2025-ci il tarixli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən xx.xx.2024-cü il tarixdə saat 23:00 radələrində Şəxs qonşusu İlhamə Kərimovanın yaşadığı evin həyətində sərxoş vəziyyətdə uca səslə nalayiq ifadələr işlətmiş onu hədələyərək xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş 5-ci PB-nin sahə rəisi, polis leytenantı Tahir Şahhüseynov protokolun məzmununa uyğun izahat verərək, qanunamüvafiq qərar qəbul ediməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, onun bacısı X4 Kərimovanın dayısı ilə ailə həyatı qurmuş, daha sonra rəsmi olaraq boşanmışlar. xx.xx.2024-cü il tarixdə “TikTok” sosial şəbəkəsində İlhamə istifadəsində olan “ilka offical” səhifəsindən onun istifadəsində olan “Anar Vəlizadə” adlı səhifəyə mesaj yazaraq, bacısısı və onun övladlarının barəsində təhqiredici sözlər işlətmişdir. Həmçinin onun səhifəsindən bacısının əsgərlikdən gələn oğlu Məhəmmədin videosunu götürüb, həmin videonun üzərinə təhqiredici səslər yazaraq ona göndərmiş və öz səhifəsində paylaşmışdır. xx.xx.2024-cü il tarixdə axşam saatlarında yaşadığı evin yaxınlığındakı kafedə 2 bakal pivə içmişdir. Həmin vaxt yüngül sərxoş vəziyyətdə evinə qayıdarkən baş vermiş hadisə ilə bağlı əsəbi halda olmuş və həmin videonu paylaşan şəxslərə qarşı nalayiq ifadələr işlətmişdir. İlhamə onun ailə üzvlərinə mütəmadi şər ataraq əsassız polisə şikayətlər edir. Hadisənin səhəri günü İlhamə guya onun hərəkətləri haqqında atasına şikayət etmək üçün onun yaşadığı evə gəlmişdir. Lakin bildirir ki, o, iki azyaşlı uşağı, ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Anası və atası 1 ildən artıq müddətdir ki, bacısı ilə birlikdə yaşayır. Məhkəmə iclasında Şəxs ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, İlhamənin dedikləri tamamilə yalandır. Belə ki, onun yaşadığı evin həyətinə və ya evinin ətrafına getməmiş, onu söyməmiş, vurmamış və heç bir formada hədələməmiş, o sadəcə həmin vaxt sərxoş olduğundan öz həyətinin qarşısında ucadan telefonla danışmışdır. O söyüş söyən zaman axşam saatları olmuş, ətrafda heç kim olmamışdır. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş İlhamə Kərimova izahatında bildirdi ki, xx.xx.2024cü il tarixdə axşam radələrində qulaqcıqla yatan zaman səs-küyə oyanmış, yaşadığı evin həyətinə çıxmış, Qorxmazın sərxoş vəziyyətdə həyətinə gəlib, nalayiq söyüşlərlə onu söydüyünü görmüşdür. Daha sonra anasını Qorxmazın onların üstünə hücum çəkdiklərini bildirərək oyatmışdır. Ondan nə istədiyini soruşduqda, onun bacısı oğlunun videosunu “TikTok”da paylaşdığını bildirmişdir. O, Qorxmaza heç bir video paylaşmadığını demiş və polisə şikayət edəcəyini bildirmişdir. Qorxmaz da onu yenidən söyüb, özü onu videoyaya çəkərək şikayət edəcəyini demişdir. O, DİN-in “102” Xidmətinə müraciət etmişdir. Onu da qeyd etmişdir ki, həmin vaxt mobil telefonu ila baş verənləri qeydə almışdır. Hadisənin səhəri günü Qorxmazın atasına şikayət etmək üçün getmiş, lakin atası evdə olmamışdır. İnzibati məsuliyyətə cəlb etmə müddətinin keçdiyindən özünün də məlumatı var. Qanunamüvafiq qərar qəbul ediməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil məhkəmədən protokolun əsassız hesab edilməsi, icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki: X5 Vəlizadənin cinayət məsuliyyətinə cəlb edilməsi barədə xx.xx.2024-cü il tarixli ərizə ilə Sumqayıt ŞPİ-nin 5-ci PB-ə ərizə ilə müraciət etmiş, izahatı alınmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 10 yanvar 2025-ci il tarixli qərardan görünür ki, İlhamə Kərimovanın müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığı üçün aparılmış araşdırmanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmişdir. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında A/3308 №-li, xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs yüngül dərəcə alkoqol sərxoşluğu olmuşdur. Məhkəmə iclasında iş materiallarına əlavə edilmiş 01 ədəd diskə baxış zamanı axşam radələrində Şəxs nalayiq ifadələr işlədərək küçədə tək hərəkət etməsi müəyyən edilmiş, lakin zərərçəkmiş şəxs İlhamə Kərimovanın ev ünvanına daxil olması, ona qarşı hədə-qorxu gəlməsi, xəsarət yetirməsi halları aşkar edilməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin məcəllənin 53.1.6-cı maddəsinə əsasən xitam verilməlidir. İXM-nin 38.3-cü maddəsinə əsasən Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi “Cinayət işinin rədd edilməsi barədə” qərar 10 yanvar 2025-ci il tarixdə qəbul edilmiş, lakin Şəxs barəsində inzibati xəta haqqında protokolu 3 aylıq müddət ötürülməklə, yəni 10 aprel 2025-ci il tarixədək məhkəməyə təqdim edilməli olduğu halda 22 aprel 2025-ci il tarixdə tərtib edilərək məhkəməyə təqdim edilmişdir. İXM-də inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti və əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsi bir qayda olaraq inzibati xəta haqqında protokolun inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra tərtib edilməsini tələb edir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İnzibati araşdırma aparıldığı hallarda isə inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir (İnzibati Xətalar Məcəlləsinin 101.2 və 101.3-cü maddələri). Bu cür müddətləri nəzərdə tutarkən və onların hesablanması qaydalarını müəyyən edərkən qanunverici Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsindən irəli gələn insan və vətəndaş hüquq və azadlıqlarının hüquqi tənzimlənməsi zamanı şəxsi və publik maraqlar arasındakı tarazlığın gözlənilməsi tələbini rəhbər tutaraq inzibati məsuliyyətin qaçılmazlığının təmin olunması üçün şərait yaratmaqla yanaşı, eyni zamanda inzibati xəta törətmiş şəxslərin əsassız olaraq uzun müddətə inzibati təqib və inzibati tənbehin tətbiqi təhlükəsi altında qalmasının qarşısını almaq məqsədini güdmüşdür (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2022-ci il 9 mart tarixli Qərar). İnzibati məsuliyyətə cəlbetmə müddəti elə bir müddətdir ki, məhz həmin müddət ərzində şəxs, hüquqpozmaya yol verdiyinə görə inzibati tənbehə məruz qala bilər. Həmçinin İXM-nin 53-cü maddəsinə müvafiq olaraq inzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən, başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir. (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinin həmin Məcəllənin 38, 145.1.6 və 146.1-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 28 mart 2023-cü il tarixli qərar) İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarına 28 aprel 2025-ci il tarixli edilmiş dəyişikliyə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 38, 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin məcəllənin 53.1.6-cı maddəsinə əsasən xitam verilsin. 01 ədəd disk iş materiallarında saxlanılsın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar