Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-991/2022 21.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, icra sənədi üzrə tələbkar X3 etibarnamə üzrə nümayəndəsi X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, İkinci Qarabağ müharibəsi iştirakçısı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 tərəfindən 20 aprel 2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 3381/2017 saylı, 24.07.2017-ci il tarixli icra sənədi ilə müəyyən edilmiş tələb üzrə 2.350,00 manat qalıq borcun ödənilməsi ilə bağlı icra məmurunun tələbini borclu Şəxs üzürsüz səbəbdən icra etməmişdir. İnzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 20.04.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutulan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. İnzibati xəta haqqında işə baxılması 20 aprel 2022-ci il tarixə təyin edilmişdir. Lakin icra sənədi üzrə tələbkar məhkəmə iclasında iştirak etmədiyindən işin baxılması 21 aprel 2022-ci il tarixə təxirə salınmışdır. Məhkəmədə protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 24.07.2017-ci il tarixli icra sənədi ilə müəyyən edilmiş tələb üzrə 2.350,00 manat qalıq borcun ödənilməsi ilə bağlı icra məmurunun tələbi borclu Şəxs tərəfindən üzürsüz səbəbdən icra edilməmişdir. O, icra idarəsinə dəvət olunub və icraata başlama haqqında qərarın surəti ona rəsmi qaydada təqdim edilmişdir. İcra sənədi üzrə borclu Şəxs hal-hazırda 200,00 manat ödəniş etmiş, qalıq borcun qısa müddət ərzində tam ödəyəcəyini bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmədən qanuna müvafiq qərar çıxarılmasını xahiş etdi. Məhkəmədə icra sənədi üzrə tələbkar X3 etibarnamə üzrə nümayəndəsi X10 izahatında göstərdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3381/2017 saylı, 24.07.2017-ci il tarixli icra sənədi ilə müəyyən edilmiş tələb üzrə 2.350,00 manat qalıq borc Şəxs tərəfindən icra edilmir. Borclu qeyd olunan qalıq borcundan bu gün 200,00 manat ödəniş etmişdir. Lakin qalıq borcun tam şəkildə ödənilməsini tələb edərək borclu barəsində məhkəmədən qanuna müvafiq qərar çıxarılmasını xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək izahatında göstərdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3381/2017 saylı, 24.07.2017-ci il tarixli icra sənədi üzrə ondan 2.800,00 manat pul tutularaq icra sənədi üzrə tələbkar X6 verilməlidir. O, qeyd olunan bocrdan 400,00 manat ödəniş etmiş və bu gün də qalıq borcdan 200,00 manat ödəniş etmişdir. O, İkinci Qarabağ müharibəsi iştirakçısı olmuş, Laçın rayonun işğaldan azad olunmasında göstərdiyi aktiv döyüş fəaliyyətinə görə təltif olunmuşdur. Hal-hazırda işləmir, ona görə də borcunu tam ödəyə bilmir. Qeyd olunanlara əsasən barəsində ədalətli qərar qəbul olunmasını Məhkəmədən xahiş etdi. İş materialında olan çıxarışdan görünür ki, Şəxs Azərbaycan Respublikasının Prezidentinin 2021-ci il 24 iyun tarixli 2719 nömrəli Sərancamı ilə “Laçının azad olunmasına görə” medalı ilə tələtif olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə hazırki iş üzrə tərəflərin izahatlarını, işdəki sənədləri tədqiq edərək hesab edir ki, Şəxs qanunvericiliyin tələblərini pozaraq üzürlü səbəb olmadan icra sənədini qanunla müəyyən olunmuş müddətdə və qaydada icra etməmişdir. Beləliklə, Şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, protokolu tərtib etmiş şəxsin, borclunun, icra sənədi üzrə tələbkarın etibarnamə üzrə nümayəndəsinin izahatları və icra sənədi üzrə icraatın materialları ilə tam sübut olunur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs Laçın rayonunun işğaldan azad olunmasında göstərdiyi aktiv döyüş fəaliyyətinə görə medalla təltif olunmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, “İkinci Qarabağ müharibə”si iştiracısı olmasını və icra sənədində göstərilən tələbi üzürlü səbəb olmadan icra etmədiyini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 24,00 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 500,00 (beş yüz) manat məbləğində cərimə olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 göstərdiyi 06 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 24,00 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-991/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-991/2022
21.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver