Məhkəmə qərarları › İş №3(060)-991/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-991/2023

26.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-991/2023 26.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi ilə, Sumqayıt şəhər İcra Hakimiyyətinin İnzibati Komissiyasının 15 mart 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər İcra Hakimiyyətinin İnzibati Komissiyasının 15 mart 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətində göstərmişdir ki, o, təxminən 2000-ci ildən Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində bağlar sahəsində yerləşən ərazidə bağ evi alaraq ara bir ailə üzvlərilə həmin sahəyə baş çəkirdi. Həmin bağ sahəsində vaqon ev və fərdi bağ evi-tikili mövcuddur. Onun telefonunun itməsi ilə əlaqədar 2023-cü ilin fevral ayında Sumqayıt şəhər polis İdarəsinin 4-cü Polis Bölməsinə zəng etmiş və işi araşdıran təhqiqatşı onunla kobud rəftar edərək telefonda onunla mübahisə etmiş və bu hadisədən sonra ona məlum olmuşdur ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin İnzibati Komissiyası 15 mart 2023-cü il tarixdə onun barəsində inzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərar qəbul etmiş və həmin qərara əsasən o, İXM-nin 395.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törədməkdə təqsirli bilinərək 300,00 manat məbləğində inzibati cərimə olunmuşdur. Bu barədə protokolun tərtib olunmasına və cərimə barədə qərarın verilməsinə səbəb güya onun Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi dəniz kənarı ərazidə qanunsuz olaraq fərdi yaşayış evi tikməyi olmuşdur. Halbuki o, bu ərazidə hər hansı bir yeni tikili inşa etməmiş, o, həmin bağ sahəsindən istifadə etməyə başladığı vaxtdan orada tikili olmuş, buna görə də barəsində verilmiş qərarı qanunsuz hesab edir. Qərarın surətini o, xx.xx.2023-cü ildə almışdır. İnzibati tənbeh vermə haqqında qərardan şikayət Sumqayıt Şəhər Məhkəməsinə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Məhkəmə hesab edir ki, qərardan şikayət verilməsi müddəti ötürülməmişdir. İnzibati Xətalar Məcəlləsinin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İnzibati xəta haqqında qərardan şikayətə baxılması 26 aprel 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş şikayət vermiş şəxs və qərarından şikayət verilmiş orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materialında olan Sumqayıt şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinin müdri X1 İXM-nin 395.1-ci maddəsi ilə tərtib etdiyi MN № ******* saylı, 15 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, dəniz kənarı ərazidə qanunsuz fərdi yaşayış evi inşa edilmişdir. Bununla bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinin İnzibati Komissiyasının sədri X5 inzibati xəta haqqında iş üzrə qəbul etdiyi 15 mart 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X3 İXM-nin 395.1-ci maddəsinə əsasən 300,00 (üç yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin İnzibati Komissiyasının 15 mart 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvinə əsas verə biləcək sübut növləri şikayətçi X3 tərəfindən məhkəməyə təqdim olunmamışdır. Beləliklə də inzibati tənbeh vermə haqqında qərarı və digər sənədləri araşdıraraq məhkəmə hesab edir ki, X2 İXM-nin 395.1-ci maddəsi ilə inzibati tənbeh edilməsi qanuni və əsaslıdır, mübahisələndirilən qərarın ləğvi üçün əsaslar müəyyən edilməmişdir. İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və İXM-nin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Sumqayıt şəhər İcra Hakimiyyətinin İnzibati Komissiyasının MN № ******* saylı 15 mart 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayət təmin olunmasın, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar