Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-991/2025 22.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Mehralı Aytac İsrayıl qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 2ci Polis Bölməsinin sahə rəisi X2, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, tibb bacısı işləyən, Sumqayıt şəhəri, 48-ci məhəllə, ev 9, mənzil 1-də qeydiyyatda olmaqla, Sumqayıt şəhəri Corat qəsəbəsi, fərdi evdə yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə rəisi X1 Aysel Veysəl qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə rəisi X5 izahatında bildirmişdir ki, sözügedən şəxslər münaqişəli ailə kimi qeydiyyatdadırlar. xx.xx.2025-ci il tarixdə, saat təxminən saat 13:00 radələrində keçmiş baldızı X6 ilə Şəxs arasında olan sözlə mübahisə dava-dalaşa çevrilmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, iş üzrə özünü qismən təqsirli bilir. X6 onun keçmiş baldızıdır. O, uşağının sənəd məsələsi ilə bağlı olaraq atasının yanına getmişdir. Mübahisə onun keçmiş həyat yoldaşı ilə olmuşdur. X3 bu söhbətə aidiyyatı olmadığı halda onun üzərinə gəlmiş, üzünü cırmış və nəticədə mübahisə yaranmışdır. O da Reyhanın hərəkətlərinə cavab olaraq Reyhanın saçından tutub yıxaraq onun üzərində oturmuşdur. Göstərilən halları nəzərə alaraq iş üzrə ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs kimi iştirak edən X6 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat təxminən saat 13:00 radələrində Şəxs onun anasının evinə gələrək oradan əşyalarını götürəcəyini bildirmişdir. Bu zaman Ayselin yanında böyük oğlu Rafiq də olmuşdur. O da Ayselə qapının qabağına yığılmış əşyalarını götürə biləcəyini demişdir. Daha sonra Aysel evə daxil olmaq istəyən zaman aralarında münaqişə yaranmışdır. Yaranan mübahisə zamanı Aysel onun boğazından tutaraq əli ilə boğazına xəsarət yetirmişdir. Həmçinin, Aysel onun saçından tutaraq yerə yıxmış və üzərində uzanmışdır. O da Ayselin əlindən yaxa qurtarmaq üçün əli ilə ona bir neçə zərbə endirmişdir. Bundan sonra Aysel onun üstündən qalxmışdır. O, hazırda Şəxs şikayətçidir, onun tutulmasını xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, həmçinin qərar Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi üçün Sumqayıt ŞPİ-nin 2-ci PB-yə göndərilmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 430 nömrəli rəyindən görünür ki, X3 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: boynun, sol saidin, sol kürəkaltı nahiyənin sıyrıqları, boynun,döş qəfəsinin, sağ bazunun, sağ dirsəyin qançırı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən əllə vurulmaqla əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2025-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Xəsarətlərin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Beləliklə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxsi döyməsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və işdə olan digər sənədlər ilə tam sübuta yetirilir. İş üzrə şəxsin məsuliyyətdən azad edilməsi və icraata xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də Şəxs barəsində müvafiq tənbeh tətbiq etmə barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 32-ci və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-991/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-991/2025
22.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver