Məhkəmə qərarları › İş №3(060)-993/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-993/2023

14.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-993/2023 14.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyilə, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı X3, Zərərçəkmiş şəxs - X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X6 iştirakı ilə xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 206-cı maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə (bundan sonra mətndə İXM-nin) xx.xx.2023-cü il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə Corat qəsəbəsi ərazisində X1 təhqir etmişdir. Bundan başqa Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə xx.xx.2023-cü il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə Respublika Narkoloji Mərkəzində test üsulu ilə keçirilmiş analizin nəticəsi olaraq marixuana istehlakı faktı (THC+) aşkar olunmuşdur. Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 14 aprel 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən şəxs, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı X8 izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Corat qəsəbəsi ərazisində X1 təhqir etmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Respublika Narkoloji Mərkəzində test üsulu ilə keçirilmiş analizin nəticəsi olaraq marixuana istehlakı faktı (THC+) aşkar olunmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 206-cı maddələri ilə protokol tərtib edilmişdir. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 bildirdi ki, Şəxs həmin gün uşağı həkimə aparmaq üçün onun yaşadığı ünvana gəlmiş, o isə uşağı vermək istəməmişdir. Turalı uşağı aparıb gətirməməsindən ehtiyat etmişdir. Şəxs onu söyüb təhqir etməmiş, ona qarşı hər hansı təzyiq göstərməmiş, aralarında yüngül mübahisə olmuşdur. Şikayət və tələbi yoxdur. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, mütəmadi olaraq həmin ünvana övladını görmək üçün gedir. Qeyd olunan tarixdə o, övladını götürüb həkimə aparmış, sonra oradan məktəbə gətirmişdir. Hadisədən bir neçə gün əvvəl aralarında mübahisə olsa da həmin gün o, X1 təhqir etməmişdir. Eyni zamanda bildirdi ki, narkotik vasitə olan marixuanadan 30-40 gün əvvəl istifadə etmişdir. Qeyd olunanların Məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X10 bildirdi ki, şəxsin əməlində İXM-nin 510-cu maddəsinin tərkibi yoxdur. Həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini, İXM-nin 206-cı maddəsi ilə şəxs barəsində yüngül cəza təyin edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolları tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyi üçün həmin protokol üzrə icraata xitam verilməli və 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildiyi üçün o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarından görünür ki, vətəndaş Şəxs əməlində İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Belə ki, iş materiallarından və məhkəmə iclasında verilmiş izahatlardan aydın olur ki, Şəxs xuliqanlıq hərəkətləri edərək zərərçəkmiş şəxsə qarşı hər hansı nalayiq ifadələr işlətməmiş, ona qarşı hər hansı zor tətbiq etməmiş, cəmiyyətə açıqca hörmətsizlik etməmişdir. Hətta tərəflər arasında hər hansı mübahisə olsa belə, hadisə evində olmuş və bu hərəkətlər şəxsi münasibət zəmnində olduğundan xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 11-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir,işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla,bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini və işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 2169 saylı, xx.xx.2023cü il tarixli rəyindən görünür ki, Şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Halhazırda müayinə zamanı Allahyarov X5 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan A/540 saylı, xx.xx.2023-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini mqəsədi ilə aparılan tibbi müayinə aktından görünür ki, Şəxs götürülmüş sidiklə ekspert üsulu ilə yoxlama aparılmış, onda narkotik maddə olan marixuana qəbulu faktı aşkarlanmışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 13 aprel 2023-cü il tarixdə saat 13:30-da inzibati qaydada tutulmuş, 14 aprel 2023-cü il tarixdə saat 15:30-da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə həmin maddə ilə inzibati xəta haqqında icraata xitam verilməli, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə bağlı isə həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 66.4-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.4-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 535.1-ci maddələrini rəhbər tutatarq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib inzibati qaydada tutulduğu 01 (bir) gün müddət İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən nəzərə alınaraq 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Vəkil X10 tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar