Məhkəmə qərarları › İş №3(060)-993/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-993/2025

15.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-993/2025 15.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Sumqayıt şəhər prokurorunun köməkçisi X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Camələddin oğlunun və onun müdafiəçisi Bakı şəhər 25 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Şəmkir rayonu, Zəyəm- Cırdaxan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan (FİN:xxxxxxx ) Şəxs Camələddin oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər prokuroru Mürvət Həsənovun xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs Camələddin oğlu barəsində Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əsasən vəzifəli şəxs Şəxs Camələddin oğlu – "xxxx" MMC-nin anbarların böyük mütəxəssisi vəzifəsində işləyən, “Maşın sexləri üçün sanitar Qaydaların”nın 5.1-ci bəndinin tələbini pozaraq, 23 oktyabr 2024-cü il tarixdə saat 15:50 radələrində Zərərçəkmiş şəxs tərəfindən zavodun ərazisində xəsarət yetirmə təhlükəsi olan istehsalat materiallarının (konkret halda sinklənmiş metal təbəqələrin iti hissələrinə açıq təmasın olması şəraitində) yığılmasına yol verdiyinə görə zavod ərazisində mal-materialların yerdəyişdirilməsi tapşırığını yerinə yetirib iş yoldaşı ilə birlikdə taxta paletlərin üzərində olan döşəyi götürüb arxa-arxaya hərəkət edərkən yerdə olan iti uclu metal lövhə onun sol aşıq baldırına ilişmiş, nəticədə onda dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-nin az (20%) hissəsinin dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid sol aşıq-baldır oynağının kəskin ifadə olunmuş kontrakturası, sol baldırın axil vətərinin hissəvi kəsilməsi ilə müşayiət olunmuş kəsilmiş yarası yaranmışdır. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs vəkili Vəkil tərəfindən xx.xx.2025-ci ildə məhkəməyə elektron qaydada etiraz ərizəsi ünvanlanmışdır. Etiraz onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Prokurorluğu (bundan sonra - Prokurorluq) tərəfindən Şəxs barəsində xx.xx.2025-ci il tarixli, 25-1-2-2-443-2221-1 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar (bundan sonra - qərar) qəbul edilmişdir. Həmin qərar və ona əlavə edilmiş sənədlər baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Qərarda qeyd edilir ki, vəzifəli şəxs Şəxs Camələddin oğlu - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) anbarların böyük mütəxəssisi vəzifəsində işləyən, “Maşın sexləri üçün sanitar Qaydaların” nın 5.1-ci bəndinin tələbini pozaraq, 23 oktyabr 2024-cü il tarixdə saat 15:50 radələrində Zərərçəkmiş şəxs tərəfindən zavodun ərazisində xəsarət yetirmə təhlükəsi olan istehsalat materiallarının yığılmasına görə zavod ərazisində mal-materialların yerdəyişdirilməsi tapşırığını yerinə yetirib iş yoldaşı ilə birlikdə taxta paletlərin üzərində olan döşəyi götürüb arxa-arxaya hərəkət edərkən yerdə olan iti uclu metal lövhə onun sol aşıq baldırına ilişmiş, nəticədə onda dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-nin az (20%) hissəsinin dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa “AZ AĞİR” zərərvurmaya aid sol aşıq-baldır oynağının kəskin ifadə olunmuş kontrakturası, sol baldırın axil vətərinin hissəvi kəsilməsi ilə müşayiət olunmuş kəsilmiş yarası yaranmışdır, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Prokurorluq iş üzrə qərar qəbul edərkən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsinin Sumqayıt şəhər şöbəsinin məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli 07/1947 nömrəli rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə təhlükəsizlik texnikası ekspertizasının xx.xx.2025-ci il tarixli 3-16-16/2-10/9804 nömrəli rəyi, Şəxs və Zərərçəkmiş şəxs izahatlarına istinad etmişdir. "xxxx" MMC-də 23 oktyabr 2024-cü il tarixdə baş vermiş istehsalat qəzası nəticəsində Zərərçəkmiş şəxs az ağır xəsarət alması işin mübahisəsiz halıdır. Lakin, istehsalat qəzasının kimin təqsirinə görə (və ya ehtiyatsızlığı) baş verməsi düzgün araşdırılmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə təhlükəsizlik texnikası ekspertizasının (bundan sonra məhkəmə təhlükəsizlik texnikası ekspertizası) xx.xx.2025-ci il tarixli 3-16-16/2-10/9804 nömrəli rəyinin nəticəvi hissəsində qeyd edilmişdir ki, baş vermiş hadisə ilə əlaqədar “Maşın sexləri üçün sanitar Qaydaları”nın 5.1-ci bəndinin tələbləri pozulmuşdur ki, bu da hadisənin baş verməsinə səbəb olmuşdur. "xxxx" MMC-də yerləşən X1 ərazisində xəsarət yetirmə təhlükəsi olan istehsalat materiallarının yığılmasına yol verildiyinə görə «Maşın sexləri üçün sanitar Qaydaları»nın 5.1-ci bəndinin tələbi istehsalat sahəsində təhlükəsiz iş şəraitinin yaradılmasına cavabdeh olan şəxs(lər) tərəfindən pozulmuşdur. İşin hallarından göründüyü kimi, tərəflərin izahatından başqa Prokurorluğun istinad etdiyi yeganə əsas məhkəmə təhlükəsizlik texnikası ekspertizasının rəyidir. Məhkəmə təhlükəsizlik texnikası ekspertizası rəyində 07 dekabr 1989-cu il tarixdə təsdiq edilmiş “Maşın sexləri üçün sanitar Qaydaları”nın 5.1-ci bəndinin tələblərinin pozulduğu qeyd olunub. Hətta iş üzrə ekspertizanı aparmış ekspert belə həmin qaydaların kim tərəfindən təsdiq edildiyini bilmir. “Maşın sexləri üçün sanitar Qaydaları” hal-hazırda qüvvədə olan bir normativ akt deyil. “Maşın sexləri üçün sanitar Qaydaları” nə rəsmi dərc edilmiş, nə də X6 Reyestrinə daxil edilməmişdir. Belə olan halda nə məhkəmə təhlükəsizlik texnikası ekspertizası rəyində, nə də Qərarda “Maşın sexləri üçün sanitar Qaydaları”na istinad oluna bilməzdi. Prokurorluq Qərarı baxılması üçün məhkəməyə göndərərkən məqsədli şəkildə Şəxs Camələddin oğlunun ilkin izahatını iş materillarına əlavə etməmişdir. Şəxs Camələddin oğlunun yalnız sonradan alınmış əlavə izahatı məhkəməyə göndərilib. Əlavə izahatdan görünür ki, Şəxs Camələddin oğlu ona verilmiş suala cavab olaraq bildirmişdir ki, istehsalatda baş vermiş qəza onun öz vəzifələrini yerinə yetirməməsi səbəbindən baş verib. Şəxs Camələddin oğlunun əmək müqaviləsində və vəzifə təlimatında qeyd olunan halla bağlı hər hansı bir vəzifə nəzərdə tutulmadığından, Prokuror tərəfindən həmin sualın verilməsi qanunsuz olub və hazırki nəticəyə gəlmək üçün barəsində inzibati icraat aparılan şəxsin yönləndirilməsi məqsədi daşıyıb. Şəxs Camələddin oğlu özünü baş vermiş istehsalat qəzasında təqsirli hesab etmir. Əlavə izahatın suallar hissəsində qeyd olunan fikirlər onun iradəsini əks etdirmir. Şəxs Camələddin oğlu baş vermiş hadisədə özünü hüquqi baxımdan deyil, mənəvi baxımdan günahkar hiss edir. Prokurorluq öz Qərarında Şəxs Camələddin oğlunun hansı vəzifələrini yerinə yetirməməsini qeyd etməmişdir (əsaslandırmamışdır). Belə ki, Şəxs Camələddin oğlunun və Zərərçəkmiş şəxs vəzifə təlimatlarında məsuliyyətlər bölməsində qeyd olunan tələblər hər bir işçinin özünə münasibətdə yerinə yetirməli olduğu tələblərdir (nəzarət fuksiyasını nəzərdə tutmur). Bu da onu göstərir ki, Şəxs Camələddin oğlu tərəfindən öz vəzifələrinin yerinə yetirməməsi halı təsdiqini tapmır. Zərərçəkmiş şəxs (və başqa bir neçə şəxslər ilə) "xxxx" MMC arasında müddətli əmək müqaviləsi bağlanmış və anbarda müəyyən işlərin yerinə yetirilməsi (Anbarın yığışdırılması, tullantıların daşınması və.s) məqsədi ilə fəhlə vəzifəsinə işə qəbul edilmişdir. Zərərçəkmiş şəxs işə qəbul edildikdən sonra fərdi mühafizə vasitələri təmin edilmiş, təlimatlandırılmış və bundan sonra iş sahəsinə buraxılmışdır. İstehsalat qəzası Zərərçəkmiş şəxs arxa-arxaya hərəkət etməsi nəticəsində baş vermişdir. Zərərçəkmiş şəxs öz izahatlarında arxa-arxaya hərəkət etdiyini etiraf etmişdir. Nəticədə istehsalat qəzası Zərərçəkmiş şəxs öz ehtiyatsızlığından baş vermişdir. Lakin, bunlara baxmayaraq "xxxx" MMC tərəfindən Zərərçəkmiş şəxs bütün müalicə və reabilitasiya xərcləri qarşılanmış, əlavə olaraq nəqliyyat vasitəsi ilə təmin edilmiş və xəstəlik müddətində əmək haqqı tam şəkildə ödənilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhər prokurorunun köməkçisi X4 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı müdafiə edərək bildirmişdir ki, qüvvədə olan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 14.2-ci maddəsinə əsasən şəhərsalma və tikintiyə dair normativ sənədlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər il dövri olaraq dərc edilir. Buna müvafiq olaraq, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi “Azərbaycan Respublikasında qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin Siyahısı”-nı rəsmi internet səhifəsində dərc etmişdir. Həmin normativ sənədlərin 3.10-cu yarımbəndində “Sanitariya norma və qaydaları” adlı başlıqda Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/9804 nömrəli xx.xx.2005-ci il tarixli ekspert rəyində istinad edilən “xx.xx.1989-cu ildə təsdiq edilmiş Maşın sexləri üçün sanitar qaydaları-standart -5160- 89. SSRİ Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış, SSRİ baş dövlət sanitariya həkimi tərəfindən təsdiq edilmiş və 1991-ci ildə dərc edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 14.2-ci maddəsinə əsaslanaraq, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli, 392- İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı 04 sentyabr 2012-ci il tarixli 695 nömrəli fərmanın 4.5-ci bəndindəki vəzifələrindən irəli gələrək Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təsdiq etdiyi istinad edilən həmin normativ sənədlərdə ekspert rəyinin əsaslandığı qaydalar əksini tapdığına görə müdafiə tərəfinin inzibati məsuliyyətdən yaxa qurtarmaqdan ötrü guya ekspert rəyinin əsaslarının Azərbaycan Respublikasında qüvvədə olmamasına dair dəlilləri tamamilə əsassızdır. Buna görə də həmin hissədə müdafiə tərəfinin gətirdiyi dəlillər təkzib edilməklə uydurma dəlillər kimi qiymətləndirilib rədd edilməsini, məhkəmədə detallı şəkildə tədqiq olunan bütün sübutlarla inzibati xətanı törətmiş şəxsin təqsirinin təsdiq olunmasını nəzərə alaraq, bundan sonra əlavə məhkəmə araşdırmasının aparılmasının süründürməçiliyə gətirəcəyini məhkəmənin diqqətinə çatdıraraq, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair qərar qəbul edilməklə inzibati tənbeh verilməsini xahiş etmişdir. Həmçinin, barəsində inzibati icraat aparılan şəxsin ilkin izahatının məhkəməyə təqdim edildiyini, Şəxs mütəmadi olaraq işçilərlə texnikitəhlükəsizlik tədbirləri apardığını bildirmişdir. Onun vəzifə təlimatında qeyd edilməyibsə sonuncunun texniki-təhlükəsizlik tədbirlərini həyata keçirməsi vəzifə səlahiyyətini aşması deməkdir. Hər bir halda vəzifə təlimatında qeyd edilməsə də iş materiallarından və Şəxs ilkin və əlavə izahatlarından da görünür ki, nəzarət onun tərəfindən həyata keçirilmişdir. Qeyd edilənlərə əsasən Şəxs barəsində İXM-nin 198.3-cü maddəsinə əsasən inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Camələddin oğlu özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, 2024-cü ilin yanvar ayından isə "xxxx" MMC-də anbarların böyük mütəxəssisi vəzifəsində işləyir, vəzifə təlimatı ilə tanış olmuşdur. O, müdafiəçisinin etirazında qeyd edilənlərlə razı olduğunu, zərərçəkmiş şəxsə onun tərəfindən anbarın təmizlənməsi tapşırığının verildiyini, hadisə baş verərkən həmin sahədə olmadığını, Sumqayıt şəhər Prokurorluğunda verdiyi ilkin və əlavə izahatların onun tərəfindən verildiyini, özünü mənəvi cəhətdən günahkar hiss etdiyi üçün təqsirli olduğunu bildirdiyini qeyd etmişdir. Göstərilənləri nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdən əmək müqaviləsinə əsasən "xxxx" MMC-nin anbar şöbəsində fəhlə işləyir, vəzifəsinə mərkəzi anbar zavod ərazisində olan mal- materialı sayıb onları səliqəli formada bir yerə toplamaqdan ibarət olmuşdur. 23 oktyabr 2024-cü il tarixdə saat 15:45 radələrində rəhbərliyin tapşırığına əsasən iş yoldaşı ilə anbarda döşəkləri (“matrasları”) götürərək arxaya doğru hərəkət edərkən ayağının nəyəsə dəydiyini hiss etmiş, addım atmaq istədikdə ağrı hiss edib dayanmış, ayağına diqqət etdikdə ayağının kəsildiyini görmüşdür. Daha sonra ona ilkin tibbi yardım göstərilmiş, bundan sonra “Unikal” klinikasına aparılmış və o, klinikada əməliyyat olunmuşdur. O, Şəxs tərəfindən ona həmin sahənin təmizlənməsi, ilk öncə təmiz mallar olan döşəklərin (matrasların) çıxarılması tapşırığının verildiyini, bu səbəbdən də yerdə kənarları kəsici olan sinklənmiş listləri deyil, onlara tapşırılan döşəkləri çıxarmağa çalışdıqlarını bildirmişdir. Döşəklərin sağ tərəfdə, dəmir listlərin sol tərəfdə olduğunu, döşəkləri çıxartmalı olduqları yerin darısqal olduğunu, icazəsiz ilkin olaraq dəmir listləri götürə bilməyəcəklərini, iş materiallarında olan hadisənin baş verdiyi yerdə çəkilmiş şəkildə göstərilən sahədəki dəmirlərin şəkildə göstərildiyi qədər olmadığını və daha artıq, çox olduğunu qeyd etmişdir. Bundan başqa, o, uniformasının tam olmadığını, qış batinkasında olmadığı üçün daha çox xəsarət aldığını, əməyin mühafizəsinin tam təmin edilmədiyini, hazırda Şəxs şikayəti olmadığını, ona dəymiş ziyanın, əməliyyat pulunun və altı ay müddətində əmək haqqının ödənildiyini, hazırda müalicəsinin bitdiyini və reabilitasiyanın isə davam etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Camələddin oğlunun müdafiəçisi Bakı şəhər 25 saylı Vəkil Bürosunun vəkili Vəkil etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş, “Maşın sexləri üçün sanitar Qaydaları”n Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi “Azərbaycan Respublikasında qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin Siyahısı”-nda mövcud olsa da, ona təqdim edilməsini tələb etdiyini və ekspert rəyi ilə razı olmadığını, hadisənin fəhlə Zərərçəkmiş şəxs arxa-arxaya hərəkət etməsi nəticəsində sonuncunun ehtiyatsızlığından baş verdiyini qeyd edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Camələddin oğlu məhkəmə iclasında özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikası İXM-in 198.3-ci maddəsində nəzərdə tutulan əməli törətməsi onun ziddiyyətli izahatları və zərərçəkmiş şəxsin izahatları, məhkəmə-tibbi və məhkəmə təhlükəsizliktexnikası ekspertizalarının rəyləri, həmçinin iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən vəzifəli şəxs Şəxs – "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində anbarların böyük mütəxəssisi vəzifəsində işləyən, xx.xx.1993-cü il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Şəmkir rayonu, Zəyəm Cırdaxan kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi, ev 10A C2, mənzil 9-da yaşayan barəsində Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Zərərçəkmiş şəxs istehsalatda xəsarət alması faktı üzrə araşdırması aparılan 348- C-24 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 xx.xx.2025-ci il tarixli, 07/1947 nömərli ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs Bəybəla oğlunun bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sol aşıq-baldır oynağının kəskin ifadə olunmuş kontrakturasını, sol baldırın axil vətərinin hissəvi kəsilməsi ilə müşayiət edilən kəsilmiş yarası. Qeyd olunan xəsarət iti kənarlı əşyanın təsirindən yaranmışdır. Unikal klinikasına müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni 23.10.24-cü il tarixdə dəmir listin təsirindən əmələ gələ bilərdi və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən az (20%) hissəsinin dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə təhlükəsizlik-texnikası ekspertizasının xx.xx.2025-ci il tarixli, 10/9804 nömrəli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar, “Maşın sexləri üçün sanitar Qaydaları”nın 5.1-ci bəndinin tələbi pozulmuşdur ki, bu da hadisənin baş verməsinə səbəb olmuşdur. "xxxx" MMC-də yerləşən X1 ərazisində xəsarət yetirmə təhlükəsi olan istehsalat materiallarının (konkret halda sinklənmiş metal təbəqələrin iti hissələrinə açıq təmasın olması şəraitində) yığılmasına yol verildiyinə görə, “Maşın sexləri üçün sanitar Qaydaları”nın 5.1-ci bəndinin tələbi istehsalat sahəsində təhlükəsiz iş şəraitinin yaradılmasına cavabdeh olan şəxslər tərəfindən pozulmuşdur. Hadisənin baş vermə səbəb və şəraitini nəzərə aldıqda, işçi Zərərçəkmiş şəxs tərəfindən qayda və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat müəyyən edilmişdir. Barəsində inzibati qaydada icraat aparılan Şəxs müdafiəçisi Vəkil tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin vəzifə təlimatında Qrup maliyyə departamentinin anbar bölməsinin böyük mütəxəssis vəzifəsinin vəzifə öhdəliklərində: anbar bölməsinin əməkdaşlarına gündəlik təlimatların və menecer tərəfindən tapşırılan işlər üzrə göstərişlərin verilməsi; anbar meneceri məzuniyyətə getdiyi zaman əvəz edilməsi; anbar bölməsinin aylıq tabellərinin yazılması; anbarlara daxil olan materialları LOGO sistemi üzərindən gündəlik yoxlanışlar və nəzarət edilməsi; rəsmi sənədlərin (AKT, ərizə, təqdimat sənədləri və s.) hazırlanıb rəhbərliyə təqdim edilməsi; LOGO sistemində yeni yaranan mal-material adlarının təsdiq prosesində iştirak etməsi; anbarlarda olan malların satışlarının həyata keçirilməsi və anbardarların həyata keçirdiyi satışlara nəzarət etmək; STP MMC-nin anbar bölməsinin istifadə etdiyi malların AKT əsasında silinməsi və digər vəzifələr nəzərdə tutulmuşdur. Barəsində inzibati qaydada icraat aparılan Şəxs müdafiəçisi Vəkil tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin vəzifə təlimatında Qrup maliyyə departamentinin anbar bölməsinin fəhlə vəzifəsinin vəzifə öhdəliklərində: istehsalat və xidmət sahələrində anbara gətirilən malların və materialların nəqliyyat vasitələrindən boşaldılması və anbara daşınması; istehsalat binasının daxilində malların anbardan mətbəxə daşınması, tərəzidə çəkilməsi və sair yerlərə daşınması; istehsalatda daxili işlərin görülməsində tabe olduğu şəxslərin göstərişlərini yerinə yetirmək; xidmət göstərilən binanın, anbarın daxilində olan istehsalat tullantılarının qablaşdırılması, daşınması və tullanılması və digər vəzifələr nəzərdə tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Camələddin oğlu özünü təqsirli bilməyərək işçiləri tam təlimatandırdığını, ilkin olaraq həmin döşəklərin anbardan çıxarılması tapşırığının onun tərəfindən verildiyini, işçinin təlimatlara əməl etməyərək əməyin mühafizəsi qaydalarını özünün pozduğunu, ona görə də onun heç bir təqsirinin olmaması qeyd edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, vəzifəli şəxs kimi "xxxx" MMC-nin anbarların böyük mütəxəssisi vəzifəsində işləyən Şəxs Camələddin oğlunun vəzifəsi yalnız tabeçiliyində olan işçiləri təlimatlandırmaqla məhdudlaşmır, onun vəzifəsi həmçinin tabeçiliyində olan işçilərin işinə nəzarət edilməsi, sahədə texniki təhlükəsizlik və əməyin qorunması normalarını təmin etməkdən ibarətdir. İndiki halda Şəxs Camələddin oğlu qeyd edilən vəzifələrini yerinə yetirməməsi, yəni tabeçiliyində olan işçinin (konkret halda Zərərçəkmiş şəxs) işinə nəzarət etməməsi, onun işlədiyi sahədə texniki təhlükəsizlik və əməyin qorunması normalarını təmin etməməsi nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Həmçinin, məhkəmə barəsində icraat aparılan Şəxs Sumqayıt şəhər prokurorluğunda verdiyi ilkin və əlavə izahatında bütün işçilərlə texniki-təhlükəsizlik qaydalarına əməl edilməsi barədə təlimatlandırma apardığını, məhkəmə-texnikitəhlükəsizlik ekspertizasının rəyi ilə razı olmasını, Zərərçəkmiş şəxs işlədiyi ərazidə xəsarət yetirmə təhlükəsi olan istehsalat materiallarının, iti hissələri olan sinklənmiş metal lövhələrin açıq yerdə olmasını, həmin lövhələrin ərazidən təmizlənib səliqəli yığılıb anbara daşınmalı olmasını, həmin sinklənmiş iti uclu dəmir təbəqələrin işlərin təhlükəsiz yerinə yetirilməsinə təhlükə yaratmasını, sinklənmiş lövhələri açıq yerdə olmasına yol verməsəydi Zərərçəkmiş şəxs xəsarət almayacağını, özünün də təlimatın tələblərini pozmasını bildirmişdir. Göründüyü kimi barəsində icraat aparılan Şəxs ilkin və əlavə izahatında özünün həmin iti uclu lövhələrin ərazidə səliqəsiz halda olmasını, lövhələrin işlərin təhlükəsiz yerinə yetirilməsinə təhlükə yaratmasını, vəzifə təlimatının tələblərini pozmasını bildirsə də, məhkəmə iclasında mənəvi cəhətdən özünü təqsirli hesab etdiyi üçün qeyd edilən izahatı verdiyini bildirmişdir. Məhkəmə barəsində inzibati qaydada icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatını səmimi qəbul etməyərək, həmçinin məntiqəuyğun olmadığını hesab edir. Bundan başqa, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin müdafiəçisinin xx.xx.2025-ci il tarixli 10/9804 nömrəli məhkəmə təhlükəsizlik-texnikası ekspertizasının rəyində qeyd edilən “Maşın sexləri üçün sanitar Qaydaları”nın mövcud olmaması ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin saytına baxış keçirilməklə müəyyən edilmişdir ki, “Azərbaycan Respublikasında qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin Siyahısı”-nın 3.10-cu yarımbəndində “Sanitariya norma və qaydaları” adlı başlıqda “Maşın sexləri üçün sanitar Qaydaları” adlı qaydaların olması öz əksini tapmışdır. Beləliklə, məhkəmə proses iştirakçılarının dinləyib, iş materiallarına və məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən belə nəticəyə gəlir ki, Şəxs Camələddin oğlunun Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. İş üzrə məsuliyyəti istisna edən yaxud icraata xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 10-cu bəndinə əsasən əməyin mühafizəsi - işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə bu Məcəllədə və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir. Həmin Məcəllənin 54-cü maddəsinin 1-ci bəndinin 5-ci yarımbəndinə əsasən işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi şəraitini təmin etməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 17-ci maddəsinin Qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 32 və 33-cü maddələrinə əsasən iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 198.3-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə məqsədə uyğundur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, həmçinin hesab edir ki, iş üzrə ekspertiza xərcləri dövlətə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Camələddin oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3ci maddəsi ilə təqsirli bilinərək 1.500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Ekspertiza xərci dövlətə aid edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar