Məhkəmə qərarları › İş №3(060)-996/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-996/2025

22.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-996/2025 22.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil, İcra sənədi üzrə tələbkarın hüquqi varisi X4 iştirakları ilə, xx.xx.1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2025-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3278/2024 saylı, xx.xx.2024 tarixli icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etməmiş, bununla da, o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında icraat aparılan iş üzrə protokolu tərtib etmiş icra məmuru Mətin Kazımlı izahatında bildirmişdir ki, qeyd edilən icra sənədinə əsasən borclu Şəxs 10315 manat məbləğində pul vəsaiti tutularaq X2 xeyrinə ödənilməlidir. xx.xx.2024-cü ildə icraata başlanılmış və borclu idarəyə dəvət olunaraq xx.xx.2024-cü ildə bildirişlə tanış olmuş hüquq və vəzifələri ona izah olunmuşdur. Müxtəlif tarixlərdə borclunun izahatı alınmış, borcun təmin edilməsi məqsədilə Şəxs əmək haqqına yönləndirmə edilsə də, yanvar ayından bəri heç bir tutulma olmamışdır. Borclunun işlədiyi müəssisənin mühasibi ilə işçi qaydasında aparılan telefon danışığında tutulmanın aprel ayından həyata keçiriləcəyi, Şəxs mart ayında bülletendə, aprel ayında isə məzuniyyətdə olduğu bildirilmişdir. Qeyd edir ki, borclunun ölkədən getmək hüququ məhkəmənin qərarı ilə məhdudlaşdırılmışdır. Qeyd edir ki, mərhum tələbkar Əlişan Əmirovun vərəsəsi Sona Əmirova baş idarəyə müraciət edərək borcludan şikayətçi olduğunu, sonuncu barəsində protokol tərtib edilməsini və borcun hər ay Şəxs əmək haqqısından tutulması ilə razı olmadığını bildirmişdir. Protokolu müdafiə edərək, təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o evlidir və 2013, 2014, 2019 təvəllüdlü 3 uşağı vardır. Qeyd edir ki, 4 ilə yaxındır Sumqayıt şəhər Yaşıllaşdırma idarəsində bağban işləyir, mart ayında bülletendə, aprel ayında isə məzuniyyətdə olduğundan əmək haqqı almamışdır. Bu vaxta qədər borcundan qarşı tərəfə heç bir ödəniş etməmiş, adına tələbin yönəldilə biləcəyi hər hansı əmlak olmamışdır. Bildirir ki, icra sənədi ilə razı deyil. Borcu birdəfəyə tam olaraq imkanı yoxdur. Borcun əmək haqqısına yönəldilməsinə etiraz etməmiş, hətta tələbin əmək haqqına yönəldilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında icraat aparılan iş üzrə tələbkar X2 vərəsəsi X8 izahatında bildirmişdir ki, o borcludan sikayətçidir. Şəxs borcu ödəməyə maddi imkanı olmasına baxmayaraq, o, ötən müddət ərzində heç bir ödəniş etməmişdir. Borclu diş texniki kimi fəaliyyət göstərir və obyekti vardır. Keçən müddət ərzində borclu qismən ödəniş etmiş olsaydı onun barəsində şikayətçi olmazdı. Xəstə övladının olmasını və pula ehtiyacı olduğunu qeyd etmişdir. O borcun Şəxs maaşına yönəldilərək maaşın 50% məbləğində tutulma ilə razı deyildir. Azı 500 manat məbləğində ödənişin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan iş üzrə borclunun vəkili Vəkil Şəxs icra sənədindən apellyasiya şikayəti verdiyini, üzürlü səbəbdən bülletendə olduğunu, tələbin borclunun əmək haqqısına yönəldilərək tutulacağını bildirərək işə inzibati xəta tərkibi olmadığı üçün xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs cəmi 10052 manat və 125 manat dövlət rüsumunun əvəzi tutularaq Əlişan Əmirova ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-233/2025 nömrəli xx.xx.2025-ci tarixli qərardadına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3278/2024 saylı xx.xx.2024cü il tarixli icra sənədi üzrə borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudulaşdırılmışdır. Şəxs icra sənədi ilə müəyyən edilmiş tələbin icra edilməsi barədə xəbərdar olunmuş, qərarın könüllü icrası barədə bildiriş və qərar ona xx.xx.2024-cü il tarixində şəxsən təqdim edilmişdir. xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2025-ci il tarixlərdə Şəxs izahatları alınmış və ona İXM-nin 528.1, CM 306.1-ci maddələrinin mahiyyəti izah olunmuş və məsuliyyəti barədə xəbərdar edilmişdir. Ölüm haqqında xx.xx.2025-ci il tarixli şəhadətnamədən görünür ki, X6 xx.xx.2025-ci il tarixdə xəstəlikdən vəfat etmişdir. 1 saylı Sumqayıt Regional “ASAN XİDMƏT” mərkəzinin notariusu tərəfindən X7 verilmiş sənəddən sonuncunun mərhum X3 vərəsələri siyahısına daxil edildiyi göstərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu, barəsində protokol tərtib edilmiş şəxsi, mərhum tələbkarın vərəsəsi Sona Əmirvanı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs hərəkətlərində İXM-nin 528.1-ci maddənin tərkib əlamətləri var, o, həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb edilərək tənbeh edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. İXM-nın 43.1-ci maddəsinə əsasən həmin məcəllənin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. İXM-nın 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 3278/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin icra edilməməsi üzrsüz səbəbdən olmuşdur. Şəxs qanunvericiliyin qeyd olunan tələblərini pozaraq üzrlü səbəb olmadan icra sənədini qanunla müəyyən olunmuş müddətdə və qaydada icra etməmiş, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Göründüyü kimi icra məmuru tərəfindən qərarın icra edilməsi üçün qanunda nəzərdə tutulan yuxarıda sadalanan qanunamüvafiq icra tədbirləri həyata keçirilmiş, lakin məhkəmə qərarının icrasının təmin edilməsi, yəni borcun ödənilməsini təmin etmək mümkün olmamışdır. “İcra haqqında” AR qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru Mətin Kazımlı ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İXM-nin həmin norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Şəxs tərəfindən İXM-nın 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, protokolu tərtib etmiş şəxsin və borclunun verilmiş olduğu izahatları o cümlədən icra sənədi üzrə icraatın materialları ilə tam sübut olunur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs İXM-nın 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nın 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh tərbiyəvi xarakter daşıdığından, həmçinin vətəndaşların hüquq şüurunun və mədəniyyətinin, qanunlara hörmət və əməl edilməli olması ilə bağlı vərdişlərinin formalaşmasında mühüm rol oynadığından, məhkəmə və digər orqanların inzibati tənbeh tətbiq etmə haqqında qərarlarının icrası zamanı icra məmurları müxtəlif qanuni vasitələrdən istifadə edərək qərarların icrasının təmin edilməsi üçün şərait yaratmalı, bunu qanunvericiliklə nəzərdə tutulmuş müddətlər daxilində etməli və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati təsir tədbirlərindən istifadə etməlidir. Göstərilənlərə əsasən məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, o, İXM-nin 528.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən o cümlədən qəbul edilən qərarlarda biri də inzibati tənbeh vermə haqqında qərardır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmiş, hüquqi yardım göstərilməsi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil həvalə edilmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 saat sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və 500 (beş yüz) manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar