Məhkəmə qərarları › İş №3(060)-999/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-999/2023

02.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-999/2023 02.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X1 katibliyilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsi yol patrul xidmətinin inspektoru, polis serjantı X2 iştirakları ilə, xx.xx.1965-ci ildə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsi yol patrul xidmətinin inspektoru, polis serjantı X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 333.1-ci maddəsinə əsasən xx.xx.2023cü il tarixdə inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib olunmuşdur ona görə ki, “Vaz 21154 minik” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Şəxs İXM-nin 333.3-cü maddəsinin tələbinin pozulmasına yol vermişdir. Nəticədə İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xətanın törədilməsi ilə bağlı toplanmış material baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 17 aprel 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 01 may 2023-cü il tarixə təyin edilmişdir, lakin inzibati xəta haqqında protokol tərtib etmiş şəxs məhkəmə iclasında iştirak etmədiyindən işin baxılması 02 may 2023-cü il tarixə təxirə salınmışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsi yol patrul xidmətinin inspektoru, polis serjantı X3 ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdə “Vaz 21154 minik” markalı, **-UX- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Şəxs onun tərəfindən saxlanılmışdır. Sürücü alkotester vasitəsi ilə yoxlanılan zaman müəyyən olundu ki, o, nəqliyyat vasitəsini alkoqol sərxoşluğu vəziyyətdə idarə edir. Buna görə də sürücü barəsində sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərmək haqqında protokol tərib edilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində İXM-nin 333.1-ci maddəsi ilə tənbeh verilmə məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək izahatında qeyd etdi ki, protokol tərtib olunduğu gün o, spirtli içki qəbul etməmişdir. O, avtomobili idarə edərkən polis əməkdaşları onu saxlamış, ondan alkoqol sərxoşluq vəziyyətinin yoxlanılmasını bildirərək ona alkotester cihazına nəfəs verməsini bildirmişdir. O da alkotester cihazına nəfəs vermiş, daha sonra polis əməkdaşı ona sərxoş olmasını bildirərək onun barsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Daha sonra o özü birbaşa Sumqayıt şəhər Səhiyyə şöbəsi Narkoloji Dispanserinə gəlib müraciət edərək sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçmiş və onun sərxoş olmaması barədə akt verilmişdir. Qeyd olunanların nəzərə alınmaqla iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsi tərəfindən Şəxs barəsində xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında İXP ******* saylı protokolla İXM-nin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarından görünür ki, Şəxs məxsus AC 209419 № li sürücülük vəsiqəsi xx.xx.2014-cü ildən xx.xx.2024-cü ilədək etibarlıdır. İş materialına əlavə olunmuş Sumqayıt şəhər Səhiyyə şöbəsi Narkoloji Dispanserinin 1887 №li xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına görə Şəxs müayinə vaxtı (xx.xx.2023-cü il tarixdə, saat 09:10-da) alkoqol sərxoşluğu vəziyyəti aşkar olunmamışdır. Məhkəmə qeyd edir ki, sərxoşluq vəziyyətinin müayinəsi məqsədi ilə xüsusi texniki vasitədən istifadə etmək haqqında protokol qanunvericiliyin tələbi pozulmaqla tərtib edilmiş, sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitənin nömrəsi, tarixi və promilin miqdarı göstərilməmişdir və həmçinin protokol tərtib etmiş şəxs tərəfindən sürücü barəsində sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərmək haqqında protokolda hal şahidi Fətəli Əliyev qeyd olunmuşdur. Hal şahidinin imzası isə protokolda yoxdur. İXM-nin 69.2-ci maddəsində imperativ norma kimi nəzərdə tutulmuşdur ki, şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Qeyd olunanlara əsasən həmin protokol sübut kimi qəbul edilə bilməz. Bundan başqa xx.xx.2023-cü il tarixdə, saat 08:15-də Şəxs barəsində İXM-nin 333.1-ci maddəsi ilə porotokol tərtib edilsə belə, Sumqayıt şəhər Səhiyyə şöbəsi Narkoloji Dispanserinin 1887 №li xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına görə Şəxs müayinə vaxtı (xx.xx.2023-cü il tarixdə, saat 09:10-da) alkoqol sərxoşluğu vəziyyəti aşkar olunmamışdır. Beləliklə, Şəxs İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə öz təsdiqini tapmamışdır, ona görə də məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2, 114.1.4, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında İXP ******* saylı protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar