Məhkəmə qərarları › İş №3(061)-129/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-129/2025

24.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-129/2025 24.02.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi, X3 qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, İnzibati xəta törətmiş şəxs Məmmədov Şəxs Rahman oğlunun iştirakı ilə, xx.xx.1991-ci ildə Daşkəsən rayonunda Zinzahal kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Daşkəsən rayonunun Çanaqçı kəndində yaşayan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Məmmədov Şəxs Rahman oğlu barəsində Tərtər rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiala 24 fevral 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tərtər rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Məmmədov Şəxs Rahman oğlunun xx.xx.2025-ci il tarixdə, saat 20:00 radələrində Tərtər-Ağdərə yolu komendant postunda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 izahatında bildirmişdir ki, Məmmədov Şəxs Rahman oğlu xx.xx.2025-ci il tarixdə tanışları Qorxmaz Azadov, Amal Hacıyev, Cavid İbrahimli ilə birlikdə Qorxmaz Azadova məxsus **-BG-*** dövlət nömrə nişanlı “Niva” markalı avtomobillə rəsmi portal icazəsi ilə Ağdərə rayonuna gedib, oradan qayıdarkən Tərtər-Ağdərə komendat postunda xidmət aparan polis əməkdaşları onları saxlayıb avtomobilə baxış keçirərkən avtomobildə qanunsuz olaraq götürülmüş mis qırıntıları, 2 baçok dizel yanacağı və s. aşkar etmişlər. Polis əməkdaşları onları Tərtər rayon Polis Şöbəsinə dəvət etdikdə onlar əvvəlcə polisin qanuni tələbinə əməl etməyərək tabesizlik göstərmişlər. Buna baxmayaraq polis əməkdaşları onları məcburi şəkildə Tərtər RPŞ-yə gətirərək barələrində şöbə rəhbərliyinə raportla müraciət etmişlər. Həmin raport əsasında xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib etmişdir. İnzibati xəta törətmiş şəxs Məmmədov Şəxs Rahman oğlu həmin protokolla razılaşaraq heç bir qeyd vermədən imzalamış və sonradan polis əməkdaşından üzrxahlıq etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs qismində dindirilən Məmmədov Şəxs Rahman oğlu məhkəmə iclasında izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə tanışları Qorxmaz Azadov, Amal Hacıyev, Cavid İbrahimli ilə birlikdə Qorxmaz Azadova məxsus **-BG-*** dövlət nömrə nişanlı “Niva” markalı avtomobillə rəsmi portal icazəsi ilə Ağdərə rayonuna gedib, oradan qayıdarkən Tərtər-Ağdərə komendat postunda xidmət aparan polis əməkdaşları onları saxlayıb avtomobilə baxış keçirərkən avtomobildə qanunsuz olaraq Ağdərə ərazisindən götürdükləri mis qırıntıları, 2 baçok dizel yanacağı və s. aşkar etmişlər. Polis əməkdaşları onları Tərtər rayon Polis Şöbəsinə dəvət etdikdə onlar əvvəlcə polisin qanuni tələbinə əməl etməyərək tabesizlik göstərmişlər. Daha sonra polis əməkdaşları ilə birlikdə Tərtər RPŞ-yə gəlmişlər. Tərtər RPŞ-də izahatı alındıqdan sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırda səhv etdiyini başa düşür, polis əməkdaşlarından üzrxahlıq istəmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində izahat verən X4 izahatında bildirmişdir ki, Tərtər rayon Polis Şöbəsinin PPXB-nin komandir müavini vəzifəsində xidmət edir. xx.xx.2025-ci il tarixdə Tərtər-Ağdərə komendat postunda xidmət aparan zaman “Niva” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamışlar. Avtomobilə baxış keçirərkən avtomobildə qanunsuz olaraq götürülmüş mis qırıntıları, 2 baçok dizel yanacağı və s. aşkar etmişlər. Sürücünü və avtomobildə olan sərnişinləri Tərtər rayon Polis Şöbəsinə dəvət etdikdə onlar əvvəlcə onların (polisin) qanuni tələbinə əməl etməyərək tabesizlik göstərmişlər. Buna baxmayaraq həmin şəxsləri məcburi şəkildə Tərtər RPŞ-yə gətirərək barələrində şöbə rəhbərliyinə raportla müraciət etmişdir. Şöbədə həmin şəxslərin şəxsiyyətləri müəyyən edilmiş və Şəxs Məmmədov, Qorxmaz Azadov, Amal Hacıyev və Cavid İbrahimli olduqları məlum olmuşdur. Həmin şəxslərin barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs Məmmədov və digərləri sonradan səhv etdiklərini etiraf edərək ondan üzrxahlıq etmişlər. İşdə olan Tərtər rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Məmmədov Şəxs Rahman oğlunun xx.xx.2025-ci il tarixdə, saat 20:00 radələrində Tərtər- Ağdərə yolu komendant postunda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Onun əməli Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Məmmədov Şəxs Rahman oğlu xx.xx.2025-ci il tarixdə saat 23:45-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə araşdırması zamanı inzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, inzibati xəta törətmiş şəxsin və şahidin zahatları, məhkəmə iclasında tədqiq edilən inzibati xəta haqqında protokol və işin digər materialları ilə müəyyən olundu ki, Məmmədov Şəxs Rahman oğlu xx.xx.2025-ci il tarixdə, saat 20:00 radələrində Tərtər-Ağdərə yolu komendant postunda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 535.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, törətdiyi inzibati xətaya görə xx.xx.2025-ci il tarixdə saat 23:45-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq hesab edir ki, Məmmədov Şəxs Rahman oğlunun əməli inzibati orqan tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə töfsif edilmişdir. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Məmmədov Şəxs Rahman oğlunun əməlindən səmimi peşimanlıq hissi keçirməsini, polis əməkdaşlarından üzrxahlıq etməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, onun barəsində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta haqqında iş materallarını araşdıraraq, işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq və yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, Məmmədov Şəxs Rahman oğlu Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə qeyd etməyi lazım bilir ki, inzibati xəta törətmiş Məmmədov Şəxs Rahman oğlunun törətdiyi inzibati xətanı səmimi şəkildə etiraf edərək peşiman olmasını bildirməsi onun müsbət fərdi-psixi xüsusiyyəti barədə mülahizə yürütməyə əsas verir, onun islah olunmaz, yaxud çətin islah olunan insan kimi xarakterizə etməyə imkan vermir. Məhkəmə prosesinin gedişində Məmmədov Şəxs Rahman oğlunun müsbət fərdi-psixi xüsusiyyətləri müşahidə olunmuş, proses iştirakçısı kimi mədəni və etik qaydalara uyğun davranış nümayiş etdirmişdir. Qeyd olunan hallar ona inzibati tənbehin məqsədlərinin təmin olunması baxımından daha yüngül tənbeh təyin edilməsinin zəruriliyini şərtləndirir. Məhkəmə hesab edir ki, Məmmədov Şəxs Rahman oğluna cərimə növündə inzibati tənbeh təyin etməklə də inzibati tənbehin məqsədlərinə çatmaq olar. Ona görə də məhkəmə ona təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə inzibati tənbehinin təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Məmmədov Şəxs Rahman oğlunun törətdiyi inzibati xətanın xarakterini, barəsində olan məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 137.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 128-130, 137-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Məmmədov Şəxs Rahman oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Məmmədov Şəxs Rahman oğlunun xx.xx.2025-ci il saat 23:45-dən inzibati qaydada tutulduğu müddət nəzərə alınaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 200 manat cərimə inzibati tənbehi azaldılaraq cərimənin məbləği 150 (bir yüz əlli) manat müəyyən edilsin. Məmmədov Şəxs Rahman oğlu məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın icrası Daşkəsən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tahir Qubadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar