Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-207/2025 08.03.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi, X5 qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Tərtər rayonunda Səhlabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Tərtər rayonunda Səhlabad kəndində yaşayan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Şəxs barəsində Tərtər rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiala 05 mart 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tərtər rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 02:30 radələrində Ağdərə şəhərində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 izahatında bildirmişdir ki, Şəxs və digər bir nəfər şəxslə icazə portalları olmadan, komendant postundan kənar, qadağan olunmuş yollarla işğaldan azad olunmuş Ağdərə rayonu ərazisinə keçmişlər. Ərazidə xidmət aparan polis əməkdaşları xx.xx.2025-ci il tarixdə saat 02:30 radələrində onları saxlayıb izahat vermələri üçün Tərtər RPŞ-yə dəvət etdikdə onlar polis əməkdaşının qanuni tələbinə məhəl qoymayaraq tabesizlik göstərmişdir. Buna baxmayaraq Şəxs və onunla olan digər şəxs məcburi şəkilddə Tərtər rayon Polis Şöbəsinə gətirilərək barələrində şöbə rəhbərliyinə raportla müraciət edilmişdir. Həmin raport əsasında Şəxs barəsində xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə keçən gecə qonşusu Vüsalla birlikdə sonuncuya məxsus VAZ 2107 Jiquli məaşınla birlikdə dəmir yığmaq üçün icazə portalları olmadan, komendant postundan kənar, qadağan olunmuş yollarla işğaldan azad olunmuş Ağdərə rayonu ərazisinə keçmişlər. Əraziyə keçdikdən sonra polis əməkdaşları onların getdikləri maşınları saxlamış, əraziyə özbaşına keçməyin qadağan olunduğunu və həyat üçün təhlükəli olduğunu bildirərək, izahatlarının alınması üçün Tərtər rayon Polis Şöbəsiinə dəvət etmişlər. Əvvəlccə aralarında anlaşılmazlıq olmuş, sonra polis əməkdaşları onları məcburi şəkildə Tərtər rayon Polis Şöbəsinə gətirmişlər. Orada izahatı alınmış və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırda əməlindən peşimandır. Məhkəmə iclasında şahid qismində izahat verən X2 izahatında bildirmişdir ki, Tərtər rayon Polis Şöbəsinin PPXB-nin komandir müavini vəzifəsində xidmət edir. Dörd gün idi ki, naməlum şəxslərin gecə vaxtı Tərtər rayonunun Əskipara kəndi istiqamətindən əvvəllər neytral zona hesab edilən, erməni işğalı zamanı minalanmış və həyat üçün təhlükəli olan işğaldan azad olunmuş Ağdərə ərazisinə qanunsuz daxil olmalarını müşahidə etmişdir. Lakin lazımı tədbirlər görsə də həmin şəxsləri tuta bilməmişdir. Ona görə də DİN-nin Baş İctimai Təhlükəsizlik İdarəsinin ezam olunmuş əməkdaşı Fuad Qasımovla birlikdə xx.xx.2025-ci il tarixdə gecə vaxtı saat 02:30 radələrində həmin ərazidə xidmət həyata keçirərkən VAZ 2107 Jiquli markalı avtomobilin hərəkət etdiyini görüb saxlamışlar. Həmin şəxslər sürüçü və sərnişindən ibarət olmaqla avtomobili saxlayan kimi düşüb qaçmaq istəmişlər. Lakin onları saxlayıb izahat vermələri üçün Tərtər rayon Polis Şöbəsinə getməli olduqlarını izah etdikdə onlar tabesizlik göstərərək qanuni tələblərinə tabe olmamışlar. Həmin şəxslər tabesizlik göstərdiklərindən məcbur olub növbətçi hissəyə zəng edib əlavə kömək çağırmışdır. Bundan sonra əlavə kömək gəlmiş və saxlanılan şəxsləri çətinliklə də olsa Şöbəyə gətirə bilmişlər. Şöbədə həmin şəxslərin Şəxs və X3 olması müəyyən edilmişdir. Onların barəsində şöbə rəhbərliyinə raportla müraciət etmiş, həmin raport əsasında Şəxs və digər şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan Tərtər rayon Polis Şöbəsinin PPXB-nin komandir müavini Xasay Məmmədov tərəfindən Tərtər RPŞ-nin rəisi Elçin Qasımovun adına yazılmış xx.xx.2025-ci il tarixli Raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 02:30 radələrində DİN-nin Baş İctimai Təhlükəsizlik İdarəsinin ezam olunmuş əməkdaşı Fuad Qasımovla birlikdə işğaldan azad olunmuş Ağdərə rayonu ərazisində xidmətdə olarkən 2 nəfər şəxsin VAZ 2107 markalı **-DK- *** dövlət qeydiyyat nişanlı avtomobillə icazəsiz olaraq əraziyə daxil olduqlarını müəyyən edib saxladıqlarını, izahat vermələri üçün Tərtər RPŞ-yə dəvət etdiklərini, həmin şəxslərin onların qanuni tələblərinə tabe olmayıb qərəzli davrandıqlarını, dəfələrlə nizam intizama dəvət etsələr də həmin şəxslərrin tabe olmadıqlarını, həmin şəxsləri məcburi şəkildə şöbəyə gətirdiklərini, şöbədə həmin şəxslərin Şəxs və X3 olmalarının müəyyən edildiyini göstərərək barələrində tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. İşdə olan Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 02:30 radələrində Ağdərə şəhərində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İşdə olan inzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 04:00-da inzibati qaydada tutulmuşdur. İşdə olan Dövlət Tibbi-Sosial Ekspertiza və Rebilitasiya Ağentliyi 14 nömrəli Tibbi sosial eksspert komissiyasının çap tarixi xx.xx.2023-cü il olan bildirişinin surətindən görünür ki, Şəxs İİ dərəcəli əlilidir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə araşdırması zamanı inzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, inzibati xəta törətmiş şəxsin və şahidin zahatları, məhkəmə iclasında tədqiq edilən inzibati xəta haqqında protokol və işin digər materialları ilə müəyyən olundu ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 02:30 radələrində Ağdərə şəhərində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq hesab edir ki, Şəxs əməli inzibati orqan tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə töfsif edilmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını, İİ dərəcəli əlili olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta haqqında iş materallarını araşdıraraq, işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq və yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61- 80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz Məhkəmə qeyd etməyi lazım bilir ki, qanunvericiliyə edilən dəyişikliyə əsasən əmək qabiliyyətinin 81-100 faiz itirilməsi əvvəlki birinci, 61-80 faiz itirilməsi əvvəlki ikinci, 31-60 faiz itirilməsi isə əvvəlki üçüncü dərəcə kimi qiymətləndirilir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materallarını araşdıraraq, işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq və yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, Şəxs təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə inzibati tənbehi tətbiq edilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 137.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 128-130, 137-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Şəxs xx.xx.2025-ci il saat 04:00-dan inzibati qaydada tutulduğu müddət nəzərə alınaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 200 manat cərimə inzibati tənbehi azaldılaraq cərimənin məbləği 150 (bir yüz əlli) manat müəyyən edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tahir Qubadov
Məhkəmə qərarları › İş №3(061)-207/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-207/2025
08.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver