Məhkəmə qərarları › İş №3(061)-211/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-211/2025

08.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-211/2025 08.03.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi, X7 qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Tərtər rayonunun Sarcalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Tərtər rayonunun Yuxarı Sarcalı kəndində yaşayan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Şəxs barəsində Tərtər rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiala 08 mart 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tərtər rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 01:00 radələrində işğaldan azad olunmuş Ağdərə rayonunun ərazisində polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 izahatında bildirmişdir ki, Şəxs və onunla birlikdə olan digər altı nəfər şəxs icazə portalları olmadan, komendant postundan kənar, qadağan olunmuş yollarla işğaldan azad olunmuş Ağdərə rayonu ərazisinə keçmişlər. Ərazidə xidmət aparan polis əməkdaşları xx.xx.2025-ci il tarixdə saat 01:00 radələrində onları saxlayıb izahat vermələri üçün Tərtər RPŞ-yə dəvət etdikdə onlar polis əməkdaşının qanuni tələbinə məhəl qoymayaraq tabesizlik göstərmişlər. Buna baxmayaraq Şəxs və onunla birlikdə olan digər şəxslər məcburi şəkilddə Tərtər rayon Polis Şöbəsinə gətirilərək barələrində şöbə rəhbərliyinə raportla müraciət edilmişdir. Həmin raport əsasında Şəxs barəsində xx.xx.2025ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə keçən gecə tanışları birlikdə dəmir yığmaq üçün Tərtər rayonunun Əskipara kəndi istiqamətindən icazə portalları olmadan, komendant postundan kənar, qadağan olunmuş yollarla işğaldan azad olunmuş Ağdərə rayonu ərazisinə keçmişlər. Əraziyə keçdikdən sonra polis əməkdaşları onların getdikləri maşınları saxlamış, əraziyə özbaşına keçməyin qadağan olunduğunu və həyat üçün təhlükəli olduğunu bildirərək, izahatlarının alınması üçün Tərtər rayon Polis Şöbəsiinə dəvət etmişlər. Polis əməkdaşları onları məcburi şəkildə Tərtər rayon Polis Şöbəsinə gətirmişlər. Orada izahatı alınmış və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu imzalamaqdan imtina etmişdir. Azərbaycan dövlətindən qazanc dolanışıq almır, dolana bilmir, respublika ərazisini tərk edib gedəcəkdir. Hazırda əraziyə qeyri-qanuni keçidinə görə peşimandır. Məhkəmə iclasında şahid qismində izahat verən X2 izahatında bildirmişdir ki, Tərtər rayon Polis Şöbəsinin PPXB-nin komandir müavini vəzifəsində xidmət edir. Dörd gün idi ki, naməlum şəxslərin gecə vaxtı Tərtər rayonunun Əskipara kəndi istiqamətindən əvvəllər neytral zona hesab edilən, erməni işğalı zamanı minalanmış və həyat üçün təhlükəli olan işğaldan azad olunmuş Ağdərə ərazisinə qanunsuz daxil olmalarını müşahidə etmişdir. Lakin lazımı tədbirlər görsə də həmin şəxsləri tuta bilməmişdir. Ona görə də DİN-nin Baş İctimai Təhlükəsizlik İdarəsinin ezam olunmuş əməkdaşı Fuad Qasımovla birlikdə xx.xx.2025-ci il tarixdə gecə vaxtı saat 01:00 radələrində həmin ərazidə xidmət həyata keçirərkən 3 avtomobilin işıqları söndürülmüş vəziyyətdə hərəkət etdiklərini görüb saxlamışlar. Həmin şəxslər Şəxs da daxil olmaqla 7 nəfər olmuşlar. Şəxs və digərlərinə izahat vermələri üçün Tərtər rayon Polis Şöbəsinə getməli olduqlarını izah etdikdə onlar tabesizlik göstərərək onların qanuni tələblərinə tabe olmamışlar. Onlar iki nəfər saxlanılan şəxslər isə 7 nəfər olduqlarından və tabesizlik göstərdiklərindən məcbur olub növbətçi hissəyə zəng edib əlavə kömək çağırmışdır. Bundan sonra əlavə kömək gəlmiş və saxlanılan şəxsləri çətinliklə də olsa Şönbəyə gətirə bilmişlər. Bu barədə şöbə rəhbərliyinə raportla müraciət etmiş, həmin raport əsasında Şəxs və onunla birlikdə olan digər altı nəfər barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan Tərtər rayon Polis Şöbəsinin PPXB-nin komandir müavini Xasay Məmmədov tərəfindən Tərtər RPŞ-nin rəisi Elçin Qasımovun adına yazılmış xx.xx.2025-ci il tarixli Raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 01:00 radələrində DİN-nin Baş İctimai Təhlükəsizlik İdarəsinin ezam olunmuş əməkdaşı Fuad Qasımovla birlikdə işğaldan azad olunmuş Ağdərə rayonu ərazisində xidmətdə olarkən 7 nəfər şəxsin VAZ 2106 markalı ** BX ***, ** UB *** və ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillərlə icazəsiz olaraq əraziyə daxil olduqlarını müəyyən edib saxladıqlarını, izahat vermələri üçün Tərtər RPŞ-yə dəvət etdiklərini, həmin şəxslərin onların qanuni tələblərinə tabe olmayıb qərəzli davrandıqlarını, dəfələrlə nizam intizama dəvət etsələr də həmin şəxslərrin tabe olmadıqlarını, həmin şəxsləri məcburi şəkildə şöbəyə gətirdiklərini, şöbədə həmin şəxslərin X9, X10, X4, X5, Şəxs, X8 və X6 olmalarının müəyyən edildiyini göstərərək barələrində tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. İşdə olan Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 01:00 radələrində işğaldan azad olunmuş Ağdərə rayonunun ərazisində polisin qanuni tələblərinə tabe olmamışdır. İşdə olan inzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 04:00-da inzibati qaydada tutulmuşdur. İşdə olan inzibati Şəxs tərəfindən Tərrtər RPŞ-də verilmiş xx.xx.2025-ci il tarixli yazılı izahatdan görüünür ki, o, əməlindən peşiman olduğunu və bir daha belə əməllərrə yol verməyəcəyini qeyd etmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə araşdırması zamanı inzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, inzibati xəta törətmiş şəxsin və şahidin zahatları, məhkəmə iclasında tədqiq edilən inzibati xəta haqqında protokol və işin digər materialları ilə müəyyən olundu ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 01:00 radələrində işğaldan azad olunmuş Ağdərə rayonunun ərazisində polisin qanuni tələblərinə tabe olmamışdır. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq hesab edir ki, Şəxs əməli inzibati orqan tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə töfsif edilmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs peşimançılıq hissi keçirməsini bildirməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta haqqında iş materallarını araşdıraraq, işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq və yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, Şəxs ona istinad olunan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi özünün izahatı ilə yanaşı, şahidin izahatı, barəsində tərtib edilən tədqiq edilən inzibati xəta haqqında protokol və işin digər materiallarının məcmusu ilə tam sübuta yetirilmişdir. Ona görə də Şəxs həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə araşdırması zamanı Şəxs barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini istisna edən hal müıyyən edilməmişdir. Məhkəmə Şəxs istinad olunan inzibati xətanın əvvəllər erməni işğalı zamanı minalanmaqla kənar şəxslərin həyat və sağlamlığı üçün təhlükəli olduğundan insanların həyat və sağlamlığının qorunması məqsədi ilə daxil olması qadağan olunmuş əraziyə qanunsuz daxil olmanın qarşısının alınması fonunda polisin qanuni tələblərinə tabe olmamasını nəzərə alaraq, ona Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin Şəxs törətdiyi inzibati xətanın xarakterini, əməlindən peşiman olmasını bildirməsini nəzərə alaraq hesab edir ki, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə inzibati həbs etmənin əvvəli məsələsini müzakirə edərək hesab edir ki, Şəxs inzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protokola əsasən xx.xx.2025-ci il tarixdə saat 04:00-da tutulduğundan inzibati həbs etmənin əvvəli həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 137.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130, 137.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 08 mart 2025-ci il tarixdən saat 04:00-dan hesablansın. Qərarın icrası Tərtər rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: TAHİR QUBADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar