Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-289/2025 12.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi, X3 qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Bərdə rayonunun Mehdili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, himayəsində bir nəfər azyaşlı uşağı olan, Tərtər rayonunun, Səhləbad kəndində yaşayan Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Şəxs barəsində Tərtər rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiala 12 aprel 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tərtər rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 22:00 radələrində yaşadığı Tərtər rayonu, Səhləbad kəndində uca səslə nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 izahatında bildirmişdir ki, Tərtər rayonu, Səhləbad kənd sakini X4 xx.xx.2025-ci il tarixdə Tərtər rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək kürəkəni Şəxs tərəfindən döyülməsini bildirmişdir. Müraciət əsasında polis əməkdaşları həmin ünvana gedərək Şəxs izahatının alınması üçün Tərtər rayon Polis Şöbəsinə dəvət etmişlər. Həmin vaxt, o, nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuşdur. Ona görə də Şəxs məcburi şəkildə Tərtər rayon Polis Şöbəsinə gətirilmiş və barəsində şöbə rəhbərliyinə raport verilmişdir. Raport əsasında onun barəsində xx.xx.2025ci il tarixdə inzibati xəta haqqında MN ******* saylı inzibati protokol tərtib etmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs həmin protokolla tanış olmuş, etiraz etmədən və heç bir qeyd vermədən həmin protokolu imzalamış və sonradan polis əməkdaşlarından üzr istəmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, arvadı və bir azyaşlı övladı ilə birlikdə Tərtər rayonunun, Səhləbad kəndində yaşayır. xx.xx.2025-ci il tarixdə yaşadığı həyətində qaynatası X4 ilə aralarında anlaşılmazlıq və mübahisəsi olmuşdur. Ona görə də qaynatası ondan Tərtər rayon Polis Şöbəsinə şikayət etmişdir. Qaynatasının müraciəti əsasında polis əməkdaşları onun yaşadığı ünvana gedərək izahatının alınması üçün Tərtər rayon Polis Şöbəsinə dəvət etmişlər. Həmin vaxt əsəbi olduğu üçün nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuşdur. Bundan sonra polis əməkdaşları onu şöbəyə aparmış, orada izahatını alıb barəsində protokol tərtib etmişlər. Hazırda etdiyi səhv etdiyini başa düşür, əməlindən peşmandır, polis əməkdaşlarından üzr istəmişdir. İnzibati qaydada tutulduqdan sonra qaynatasını görə bilmədiyi üçün ondan üzr istəyə bilməmişdir. Bir də belə hallara yol verməyyəcəkdir. Məhkəmədən qeyd olunanların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 izahatında bildirmişdir ki, Tərtər rayon Polis Şöbəsinin İTB-nin YYŞ-nin proflaktiki işin təşkili qrupunun inspektoru vəzifəsinddə işləyir. xx.xx.2025-ci il tarixdə Şöbədə əməliyyat-istintaq qurupunda olarkən Tərtər rayonu, Səhləbad kənd sakini X4 şöbəyə ərizə ilə müraciət edərək kürəkəni Şəxs tərəfindən döyülməsini bildirmişdir. Müraciət əsasında digər polis əməkdaşları ilə birlikdə həmin ünvana gedərək Şəxs izahatının alınması üçün Tərtər rayon Polis Şöbəsinə dəvət etmişdir. Həmin vaxt Şəxs nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuşdur. Ona görə də onu məcburi şəkildə Tərtər rayon Polis Şöbəsinə gətirib barəsində şöbə rəhbərliyinə raport vermişdir. Bundan sonra Şəxs izahatı alınmış və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs sonradan əməlindən peşiman olduğunu bildirərək onlardan üzr istəmişdir. İşdə olan Tərtər rayon Polis Şöbəsinin İTB-nin YYŞ-nin proflaktiki işin təşkili qrupunun inspektoru Sirac Əlizadə tərəfindən Tərtər RPŞ-nin rəisi Elçin Qasımovun adına yazılmış xx.xx.2025-ci il il tarixli Raportdan görünür ki, Tərtər rayonu, Səhləbad kənd sakini X4 şöbəyə ərizə ilə müraciət edərək kürəkəni Şəxs tərəfindən döyülməsini bildirdiyi üçün həmin ünvana getdiklərini, orada Şəxs uca səslə qışqıraraq nalayiq ifadələr işlədib ictimai qaydanı pozduğunu göstərərək barəsində qanuni tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. İşdə olan Tərtər rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 22:30-da inzibati qaydada tutulmuşdur. İşdə olan inzibati xəta törətmiş Şəxs tərəfindən Tərtər rayon Polis Şöbəsində verilmiş xx.xx.2025-ci il tarixli yazılı izahatdan görünür ki, o, məhkəmə iclas zalında verdiyi izahatın məzmununa uyğun izahat vermişdir. İşdə olan xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 22:00 radələrində yaşadığı Tərtər rayonu, Səhləbad kəndində uca səslə nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuşdur. O, həmin protokolla razılaşaraq heç bir qeyd vermədən həmin protokolu imzalamışdır. Onun əməli Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə araşdırması zamanı protokol tərtib edən şəxsin, şahidin və inzibati xəta törətmiş şəxsin izahatları, məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və işin digər materialları ilə müəyyən olundu ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 22:00 radələrində yaşadığı Tərtər rayonu, Səhləbad kəndində uca səslə nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuşdur. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati xəta törətmiş şəxslər əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq hesab edir ki, Şəxs əməli inzibati orqan tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən səmimi peşmanlıq hissi keçirməsini məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır, onun barəsində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta haqqında iş materallarını araşdıraraq, işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq və yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə qeyd etməyi lazım bilir ki, inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanı səmimi şəkildə etiraf edərək peşiman olmasını bildirməsi və törətdiyi inzibati xətaya görə polis əməkdaşlarından üzrxahlıq etməsi onun müsbət fərdi-psixi xüsusiyyəti barədə mülahizə yürütməyə əsas verir, onun islah olunmaz, yaxud çətin islah olunan insan kimi xarakterizə etməyə imkan vermir. Məhkəmə prosesinin gedişində də Şəxs müsbət fərdipsixi xüsusiyyətləri müşahidə olunmuş, proses iştirakçısı kimi mədəni və etik qaydalara uyğun davranış nümayiş etdirmişdir. Qeyd olunan hallar ona inzibati tənbehin məqsədlərinin təmin olunması baxımından daha yüngül inzibati tənbeh təyin edilməsinin zəruriliyini şərtləndirir. Məhkəmə hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh təyin etməklə də inzibati tənbehin məqsədlərinə çatmaq olar. Ona görə də məhkəmə ona təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə inzibati tənbehinin təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, barəsində olan məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 137.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 128-130, 137-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib barəsində 100 manat cərimə inzibati tənbehi tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. xx.xx.2025-ci il saat 22:30-dan inzibati qaydada tutulduğu müddət nəzərə alınaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 100 manat cərimə inzibati tənbehi azaldılaraq cərimənin məbləği 50 (əlli) manat müəyyən edilsin. Qərarın icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tahir Qubadov
Məhkəmə qərarları › İş №3(061)-289/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-289/2025
12.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver