Məhkəmə qərarları › İş №3(061)-331/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-331/2025

30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-331/2025 30.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İnzibati protokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Tərtər rayonu Buruc kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, subay, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmuş, əlilliyi olmayan, Tərtər rayonu Buruc kəndində yaşayan Şəxs barəsində Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:00 radələrində işğaldan azad olunmuş Ağdərə rayon ərazisində onu intizama dəvət edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM–in 535.1–ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, 29 aprel 2025-ci il tarixdə qardaşı Orucov Mədət ilə birlikdə işğaldan azad edilmiş Ağdərə rayonun yaxınlığında olan zibillikdən dəmir parçaları yığan zaman polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmişlər və qeyd olunan əraziyə daxil olmanın qadağan olunduğu onlara izah etmişlər. Polis əməkdaşları onları izahatlarının alınması üçün Tərtər RPŞ-nə dəvət etsələr də onlar əvvəl polis şöbəsinə getməkdən imtina etmişlər ki, onları buraxıb getsinlər. Barələrində protokol tərtib olunmuşdur. Əməlindən peşman olduğunu, bir daha bu cür hallara yol verməyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh növü təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs X2 izahatında göstərmişdir ki, Şəxs yalnız barəsində protokol tərtib etdiyi vaxt tanımışdır. Onunla qohumluğu, ədavəti və düşmənçiliyi olmamışdır. Barəsində protokol tərtib etdiyi zaman Şəxs səmimi etiraf etmişdir ki, 29 aprel 2025-ci il tarixdə qardaşı Orucov Mədət ilə birlikdə işğaldan azad edilmiş Ağdərə rayonun yaxınlığında olan zibillikdən dəmir parçaları yığan zaman polis əməkdaşları onlara yaxınlaşıb yaxınlaşıb özlərini təqdim etmişlər və qeyd olunan əraziyə daxil olmanın qadağan olunduğu onlara izah etmişlər. Əməlindən peşman olduğunu, bir daha bu cür hallara yol verməyəcəyini bildirmişdir. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:00 radələrində işğaldan azad olunmuş Ağdərə rayon ərazisində onu intizama dəvət edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan xx.xx.2025-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:00-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməlin, yəni polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması əməlinin törədilməsində təqsiri tam sübuta yetirilir. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlaməti olduğundan barəsində toplanılmış materiallar Tərtər Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İşdə olan Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(061)-871/2025 saylı qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətə həbs inzibati tənbehi tətbiq edilmişdir. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş «həbs» inzibati tənbehinin təyin edilməsi törədilmiş inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 111-115, 117-118-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 10 (on) gün müddətinə “həbs” inzibati tənbehi tətbiq edilsin. Həbsin əvvəli 29 aprel 2025-ci il tarixdən saat 18:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Tərtər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar