Məhkəmə qərarları › İş №3(061)-343/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-343/2025

09.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-343/2025 09.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İnzibati material üzrə protokol tərtib edən şəxs X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs işdirakı ilə xx.xx.1992-ci ildə Kəlbəcər rayonu Təkəqaya kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, deməsinə görə məhkum olunmuş, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, Tərtər rayonu Həsənqaya kəndində yaşayan Şəxs barəsində Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs 08 may 2025-ci il tarixdə saat təxminən 20:15 radələrində Daxili Qoşunların əməkdaşları işğaldan azad olunmuş Ağdərə rayonu ərazisində xidmətdə olan zaman onların qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclası zamanı Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta haqqında protokol üzrə qismən təqsirli bilərək göstərdi ki, 08 may 2025-ci il tarixdə Laçın rayonuna getmiş, oradan Kəlbəcər rayonuna daha sonra isə evə gəlmək istəmişdir. Axşam Tərtərə qayıdan zaman onu Umudlu kəndində Daxili Qoşunların əməkdaşları saxladaraq avtomobilinə baxış keçirmişlər. Bu zaman avtomobilindən 3-4 ədəd qazan aşkar edilmişdir. Dediklərinə görə rəhbərliyə məruzə edildiyindən orada gözləməlidir. O, DQ-ın əməkdaşlarının tələblərinə eşitməməzlikdən əməl etməyərək, avtomobilində olan qazanları boşaldaraq, postu tərk edərək getmişdir. Növbəti posta avtomobilinə baxış keçirərək ona gözləməyini bildirdilər. O, 2-ci postda bir müddət gözlədikdən sonra polis əməkdaşları gəlib onu RPŞ-nə gətirmişlər. Barəsində protokol tərtib olunmuş, protokola imza etmiş, izahatı alınmışdır. Hazırda əməlindən peşiman olmuş, ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qismində dindirilən Tərtər RPŞ-in İTB-in sahə rəisi X3 izahatında göstərmişdir ki, Şəxs rayon sakini kimi tanımışdır. Onunla qohumluğu, ədavəti və düşmənçiliyi yoxdur. Belə ki, Şəxs barəsində ona təqdim olunmuş raport və material əsasında protokol tərtib etmişdir. Şəxs barəsində tərtib olunmuş protokola imza etmiş, izahatını sərbəst yazmışdır. Təsdiq edir ki, Şəxs 08 may 2025-ci il tarixdə saat təxminən 20:15 radələrində Daxili Qoşunların əməkdaşları işğaldan azad olunmuş Ağdərə rayonu ərazisində xidmətdə olan zaman onların qanuni tələbinə qəsdən tabe olmamışdır. Ona görə də protokolu təsdiq edərək Şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Gəncə şəhər N saylı Hərbi Hissə iki XVTD-in PPXB birinci QK birinci YQ-nın atıcı əsgəri X5 izahatında göstərmişdir ki, Şəxs əvvəllər tanımamışdır, barəsində raport tərtib edən vaxtdan tanıyır. Onunla qohumluğu, ədavəti və düşmənçiliyi yoxdur. Belə ki, xx.xx.2025-ci il tarixdə saat 20:15 radələrində Ağdərə rayonu Umudlu kəndində əsgər Əsgərov Ceyhun və post rəhbəri X4 ilə xidmətdə olarkən “VAZ 21010” markalı ** BS *** və “VAZ 21011” markalı ** BJ *** dövlət nömrə qeydiyyat nişanlı avtomobilləri piyada postunda saxlamışlar. Avtomobillərə baxış keçirən zaman əlvan metallar və qazanlar olduğu aşkar edilmişdir. Onlar vətəndaşlara gözləmələrini və RPŞ-nə gedəcəklərini bildirmişlər. Bu zaman sürücülərdən biri yəni Şəxs avtomaşını idarə edərək postu özbaşına tərk etmişdir. Digər sürücü yəni X2 isə ilkin olaraq onun günahı olmadığından onu buraxmalarını xahiş etsə də onların tələbinə tabe olmaqla özbaşına çıxıb getməmiş, qaçmağa təşəbbüs göstərməmiş, polis əməkdaşlarının gəlməsini gözləmişdir. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs 08 may 2025-ci il tarixdə saat təxminən 20:15 radələrində Daxili Qoşunların əməkdaşları işğaldan azad olunmuş Ağdərə rayonu ərazisində xidmətdə olan zaman onların qanuni tələbinə qəsdən tabe olmamışdır. İşdə olan X8 Haqqında 08 may 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 08 may 2025ci il tarixdən saat 23:30-dən inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməlin, yəni polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması əməlinin törədilməsində təqsiri tam sübuta yetirilir. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlaməti olduğundan barəsində toplanılmış materiallar Tərtər Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş «həbs» inzibati tənbehinin təyin edilməsi törədilmiş inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 111-115, 117-118-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 08 (səkkiz) gün müddətinə “həbs” inzibati tənbehi tətbiq edilsin. Həbsin əvvəli 08 may 2025-ci il tarixdən saat 23:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Tərtər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar