Məhkəmə qərarları › İş №3(061)-353/2025

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №3(061)-353/2025

13.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 3(061)-353/2025 13.06.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi, Əzimov Şaiq Rəfail oğlunun katibliyi Şikayət verən X1 iştirakı ilə, X1 Bərdə rayon Polis Şöbəsinin YPX-nin inspektotu X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarından verdiyi şikayətə 13 iyun 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 məhkəməyə şikayət verərək barəsində Bərdə rayon Polis Şöbəsinin YPX-nin inspektotu X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilərək sübutların təqdim edilməsi və nümayəndəsinin iştirakı xahiş olunsa da, Bərdə rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Bərdə rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında X2 məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə təqdim edərək, hazırda şikayətinə baxılmasını tələb etmədiyini və şikayət ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 122.6-cı maddəsinə əsasən şikayət cinayət prosesi iştirakçısı və ya cinayət prosesində iştirak edən digər şəxs və ya onun nümayəndəsi tərəfindən imzalanmadıqda, yaxud şikayət edilən hərəkət və ya qərar göstərilmədikdə, baxılmadan saxlanıla və ya geri qaytarıla bilər. Həmin Məcəllənin 122.7-cı maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın, yaxud istintaq və ya digər prosessual hərəkəti həyata keçirən şəxsin hərəkət və qərarından verilmiş şikayəti şikayəti verən şəxsin özünün geri götürmək hüququ vardır. Azərbaycan Respublikası İXM-in 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.5-ci maddəsinə əsasən, cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüququların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Göründüyü kimi qanunvericilik inzibati xətalara dair işlər üzrə məhkəmə icraatı zamanı maddi və prosessual məsələlər baxımından məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi halları istisna olunmaqla hüququn və qanunun analogiyasından istifadə olunmasına məhdudiyyət qoymur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 11 noyabr tarixli Qərarında göstərilmişdir ki, qanunun analogiya üzrə tətbiqi konkret hüquq münasibətlərini tənzimləyən normanın olmamasını və bu hüquq münasibətlərinə oxşar münasibətləri tənzimləyən digər qanun normasının tətbiqini nəzərdə tutur. Göründüyü kimi Konstitusiya Məhkəməsinin adı çəkilən qərarı inzibati xətalara dair işlər üzrə də analogiyanın tətbiqini mümkün hesab etmişdir. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarını və yuxarıda istinad olunan qanunvericilik normalarının rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikası İXM-də şikayətin geri götürülməsi inistutu və analogiyanın tətbiqi nəzərdə tutulmasa belə, inzibati xətaya dair qərardan verilmiş şikayətin geri götürülməsi məsələsində məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi halları müəyyən olunmadığından inzibati xətaya dair qərardan verilmiş şikayətin geri götürülməsi məsələsində hüququn və qanunun analogiyasından istifadə mümkündür. Ona görə də hazırkı məsələnin, yəni inzibati xətaya dair qərardan verilmiş şikayətin geri götürülməsi məsələsinin həlli üçün Azərbaycan Respublikası CPM-nin 122.6 və 122.7-ci maddəsi analogiya üzrə tətbiq edilməklə X1 Bərdə rayon Polis Şöbəsinin YPX-nin inspektotu X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarından verdiyi şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 137.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq, Azərbaycan Respublikası CPM-nin 122.6, 122.7-ci və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Bərdə rayon Polis Şöbəsinin YPX-nin inspektotu X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: TAHİR QUBADOV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar